Salyanda regionların inkişafı problemləri müzakirə edilib İqtisadiyyat

Salyanda regionların inkişafı problemləri müzakirə edilib

Tərlan

Aprelin 7-də Salyanda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda verilmiş tapşırıqlarla əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Aran və Lənkəran iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov 2004-cü ildən etibarən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının rayonların iqtisadi potensialının artmasında, infrastruktur təminatının, biznes və investisiya mühitinin, kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsində, əhalinin rifahının daha da yaxşılaşmasında xüsusi əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ili çərçivəsində genişmiqyaslı işlər görülmüş, uğurlu nəticələr əldə edilmişdir. Konfransda dövlət başçısı tərəfindən Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə ciddi nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sənaye klasterlərinin yaradılması, rayonlarda sənaye zonasının, iri fermer təsərrüfatlarının, "yaşıl market"lərin təşkil edilməsi, aqroparkların tikintisi prosesinin davam etdirilməsi və s. tapşırıqlar verilmişdir. Sahib Məmmədov dövlət başçısının müəyyənləşdirdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər Planının icra olunduğunu vurğulamış və bu tədbirlər barədə iştirakçılara məlumat vermişdir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, Salyanda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir. İcra başçısı çıxışında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Salyan rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən danışmışdır.
Kənd təsərrüfatı nazirinin şöbə müdiri Firdovsi Fikrətzadə regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri barədə məlumat vermiş, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, ölkə başçısının müvafiq sərəncamı ilə 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunması aqrar sahənin inkişafına mühüm töhfə verəcəkdir. Firdovsi Fikrətzadə "Kənd təsərrüfatı ili" çərçivəsində görüləcək işlər barədə də məlumat vermişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Elşən Əsədov regionların inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Aran və Lənkəran iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov sahibkarlara göstərilən elektron xidmətlər barədə ətraflı məlumat vermişdir.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində rayonlarda keçirilən tədbirlərin və biznes inkubatorların yaradılmasının əhəmiyyəti, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Emil Qasımov rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, Azərbaycan İnvestisiya Şirkətinin şöbə müdiri Azər Rzaxanov regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat vermişlər. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ramin Cəfərov Fondun fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verib.