Bakıda bəzi sakinlər şəxsi evlərində kirayə qalırlar - Ekspert İqtisadiyyat

Bakıda bəzi sakinlər şəxsi evlərində kirayə qalırlar - Ekspert

Paytaxtda yeni yaşayış binalarını idarə edən mənzil-tikinti kooperativləri (MTK) tikililərin saxlanılması üçün sakinlərdən böyük məbləğdə vəsait yığır. Bu səbəbdən bəzi vətəndaşlar şəxsi evlərində kirayə qalırmış kimi yaşayırlar.

Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, yeni tikililərin idarəsi müəyyən səviyyədə dövlətin nəzarətinə verilməlidir:

"Bu gün yeni tikililərdə idarəetmə ilə bağlı ciddi problemlər var. Sovet dövründə binaların idarə edilməsinə mənzil istismar idarələri baxırdı. Həyət-bacanın təmizliyi, dam örtüyünün dəyişdirilməsi və s. onların öhdəliyində idi. İndi də köhnə tikililərlə bağlı vəziyyət eynidir, lakin yeni yaşayış binalarında sakinlər daim aylıq yığılan vəsaitin çoxluğundan şikayət edirlər. Məsələn, lift xarab olur, su nasosu işləmir, bunun üçün sakinlərdən əlavə pul yığılır. Gələcəkdə binaların xarici görünüşü ilə bağlı da problemlər yaşanacaq, lakin MTK-ların təmir üçün kifayət qədər büdcəsi olduğunu düşünmürəm. İstənilən binanın xarici görünüşü şəhərin estetik gözəlliyinə xidmət edir. Müəyyən zaman keçdikdən sonra bu binaların fasadları sökülsə, dam örtüyü dağılsa, təmir üçün çox ciddi vəsait lazım olacaq. Hesab edirəm ki, dövlət bu binalara hansısa formada nəzarət etməlidir. Bunun üçün müəyyən bir yolla büdcə formalaşdırılmalıdır ki, binaların saxlanılması təmin edilsin".

Ekspert bildirib ki, yeni tikililərin idarəetməsini bələdiyyələrə həvalə etmək olar:

"Bir çox ölkədə idarəetmələr bələdiyyələr tərəfindən aparılır. Belə olsa, kommunal xərclərin də miqdarı azalar, ödənişlər də rəsmiləşər və konkret tariflər müəyyənləşdirilər. Təsəvvür edin ki, bu binalarda minlərlə insan çalışır. Onların iş yerləri də rəsmiləşər, bələdiyyənin nüfuzu artar və vətəndaş-bələdiyyə münasibəti formalaşar. Hazırkı vəziyyətdə MTK-lar tərəfindən xeyli vəsait yığılır, amma bu vəsait qarşılığında göstərilən xidmət azdır. Bəzi vətəndaşlar şəxsi evlərində kirayə qalırmış kimi pul verirlər".