“Biz Qarabağda “insan” vəhşiliyinin şahidi olduq” Müsahibə

“Biz Qarabağda “insan” vəhşiliyinin şahidi olduq”

Seyid Mirtağı Əsədov: “Gördüklərimizi bütün dünya ictimaiyyətinə çatdıracağıq”

Ötən həftə Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib. Səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirib, Bakıda təşkil olunan şəhər turunda iştirak edib. Gürcüstan nümayəndə heyəti, həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Şuşa şəhərlərinə səfər edib.

Səfərdə iştirak edən Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsinin rəhbəri Seyid Mirtağı Əsədov səfər təəssüratlarını “Xalq Cəbhəsi”nə bölüşüb.

19-23 may tarixlərində Gürcüstanın müxtəlif din xadimlərinin Azərbaycana səfəri təşkil olunub. Çox yüksək səviyyədə təşkil olunan səfər çərçivəsində dövlət rəsmiləri ilə görüşlərimiz oldu. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi rəhbəri ilə görüşdük. İkitərəfli əlaqələrdən, qarşılıqlı səfərlərdən, Gürcüstandakı müsəlmanların durumundan bəhs etdik. Şəhidlər Xiyabanı, Birinci və İkinci Fəxri Xiyabanları ziyarət etdik. “Heydər” məscidində cümə namazı qıldıq, Mənəvi Dəyərlər Fondunda, İlahiyyat İnstitutunda görüşlər keçirdik. Şeyxülislamın adından verilən ziyafətdə iştirak etdik... Bir sözlə, çöx məhsuldar və olduqca əhəmiyyətli bir səfər oldu.

Nümayəndə heyətinin tərkibində ancaq müsəlman din xadimləri vardı?

Bəli, nümayəndə heytəinin tərkibində müsəlman (sünni və şiə) və gürcü əsilli müsəlman din xadimləri vardı.

İşğaldan azad edilən ərazilərə də səfərlər etdiz, nələr gördüz, hansı hissləri yaşadız...

İşğaldan azad olunan Azərbaycan ərazilərini görmək çoxdankı arzumuz idi. Neçə illərdən sonra Allah bizi bu arzumuza qovuşdurdu, gözəl, füsünkar guşələrimizi gördük, müqəddəs yerlərimizi ziyarət etdik. Həm sevinc, həm kədər yaşadıq. Öncə Ağdam şəhərində olduq. Ağdam Qafqazın Xirosimasını xatırlatdı, xarabalıqlardan başqa heç nə görmədik. Bircə Ağdam məscidi salamat qalıb. Erməni işğalçııları bu şəhəri də yerlə-yeksan ediblər, hər yeri viranə qoyublar, hətta qəbirləri belə dağıdıblar. Azərbaycanın tarixi milli, mədəni abidələri məhv edilib. Bu insanlığa sığmayan bəşəri bir cinayətdir. Biz orada “insan” vəhşiliyinin şahidi olduq. Bu vəhşiliyi görənlər şok yaşadılar. Füzuli aeroportunu ziyarət etdik, şəhərin xarabalığını gördük. Məscidləri ziyarət etdik, bir vaxtlar ermənilərin Allah evlərini tövləyə çevirdiyini gördük. Azərbaycana məxsus qədim dini ibadət yerlərinin donuz fermalarına çevrildiyi, hətta tarixi abidələrin üzərlərindəki qədim yazıların təhqir edildiyinin şahidi olduq. Ermənilər tərəfindən bir çox nadir tarixi mədəniyyət abidəmiz dağıdılır, İslam dininə aid olan nümunələrimiz məhv edilir. Şuşa, Ağdam məscidləri bu gün İslam adına yaraşmayan bir tərzdə vandalizmə məruz qalıb. Bütün bunlar ermənilər üçün müqəddəs heç nə olmadığının göstəricisidir. Bu, onların dözümsüz xislətindən qaynaqlanır və ermənilərin qəddarlıq və məğlubiyyətlərinin göstəricisidir. Baş verənlər göstərir ki, onlar heç bir xalqla dinc və yanaşı yaşamaq istəmirlər. Ermənilər düşünməliydilər ki, onların bu kimi vəhşilikləri əbədi olmayacaq, işğal nə zamansa bitəcək, işğalçı nə zamansa cəzalanacaq. O an yetişdi, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və ordunun rəşadəti, qəhrəmanlığı erməni işğalçılarını yerində oturtdu. Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu, bu vəhşilik ermənilərinin başına çatladı, Azərbaycan Ordusu işğalçılara unudulmayan və heç vaxt yaddan çıxmayan bir dərs verdi. Bu gün həmin ərazilər işğaldan azad olunub. Düzdür dağıdılıb, viranə qoyulub. Amma Azərbaycan dövləti, hökuməti erməni vandalizminə məruz qalan hər bir yeri abadlaşdıracaq, əvvəlki kimi gülüstana çevirəcək. Buna hökumətin gücü, imkanı çatır. Uduzan, məğlub olan yenə işğalçıdır.

Xüsusən Şuşa və Gəncədə gördükləriniz barədə nə deyə bilərsiniz...

Şuşa səfərimiz bizdə başqa bir təəssürat yaratdı. Şuşa bizim millətin mənəvi paytaxtıdır, həm də yenidən formalaşan bir mərkəzdir. Şuşanın hər bir yeri canlanıb, o torpağda qəhrəman Azərbaycan əsgərinin izi var. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ordumuzun olmadığı, rəhbərliyin öz vəzifə borcunu yerinə yetirə bilmədiyi bir dövrdə işğal olunmuş Şuşa sıldırım qaya üzərində yerləşməsi səbəbindən dünyanın hərbi mərkəzləri tərəfindən alınmaz qala sayılırdı. Vətən müharibəsinin gedişində dünüanın ən güclü ordularına malik ölkələrinin hərbi epkspentlərinin Şuşanın azad edilməsi ehtimalına münasibətlərindən də bunu görmək olardı. Ancaq Azərbaycanın qəhrəman əsgərləri, zabitləri yüngül silahlarla qayalara dırmaşaraq Şuşanı işğaldan azad etməklə Azərbaycan xalqının necə böyük döyüş qabiliyytəinə, mənəvi ruha malik olduğunu ortaya qoydu. Şuşanı görən hər kəs kimi biz də fərəhləndik, orada olan bütün tarixi yerləri ziyarət etdik. Gövhər ağa məscidini, Bülübülün muzeyi, Vaqifin məqbərəsi, Seyidlər məscidi və məhəlləsinə getdik. Son dayanacaq yerimiz Cıdır düzü oldu. Gürcüstandan gələn din xadimləri orada şükür namazı qıldılar. Azərbaycan şəhidlərinin ruhuna dualar oxuduq. Dünya azərbaycanlılarına bu zəfəri yaşadan, bəxş edən Azərbaycan dövlətinə, başçısına, əsgərinə təşəkkürümüzü bildirdik. Bu qabiliyyəti bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyirik, müharibə veteran və iştirakçılarına cansağlığı arzulayırıq. Başımızı uca edən belə qəhrəman oğulların valideynlərinə də minnətdarıq. Dualarımnız hər zaman onlaradır. Gəncə səfərinə gəlincə is, orada gördükləırimiz yenə bizi kədərləndirdi. 44 günlük müharibə zamanı döyüş bölgəsindən uzaq bir şəhərin bombalanması, yüzlərlə dinc sakinin həlak olması, onlarla insanın yaralanması müharibə cinayətidir. Gəncə, Bərdə, Tərtər hadisələri ermənilərin gücsüzlüyünün, acizliyinin, qorxaqlığının bir göstəricisidir ki, bu da tarixdə qalacaq. İnanırıq ki, həm Allahın dərgahında, həm də beynəlxalq məhkəmədə ermənilərin bəşəri cinayəti cəzasız qalmayacaq, cinayətkarlar mütləq cəzalarını alacaqlar. Azərbaycan səfərində şahidi olduqlarımız bütün anları, məqamları Gürcüstan və dünya ictimaiyyətinə çatdıracağıq.

Belə səfərlərin davamlı olmağının nə dərəcədə əhəmiyyəti ola bilər?

İstərdim ki, belə səfərlər davamlı olsun. Gürcüstanda çox məzhəb və müxtəlif dinin nümayəndələri fəaliyyət göstərirlər. Onların da Qarabağa səfərləri təşkil olunmalıdır, onlar da Azərbaycan dövlətinin orada apardığı abadlaşdırmadan, eyni zamanda ermənilərin vandalizm aktlarının canlı şahidi olmalıdırlar. Ümumiyyətlə, Gürcüstanın müxtəlif sahələrinin, xüsusilə, diplomatik, mədəniyyət, incəsənət, siyasət, media sahəsinin nümayəndələrinin də işağl olunmuş ərazilərimizə səfərləri təşkil olunmalıdır. Ümid edirəm ki, belə səfərlərin davamlı olacağı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün və dolğun çatdırılmasında əhəmiyyətli rol oynayacaq.

Azərbaycanda tolerantlıq və multikultural dəyərlərin qorunması ilə bağlı fikirəriniz..

Ölkədə bu sahədə vəziyyət çox yaxşdırı. Şüyxülislam Allahşükür Paşazadə ilə din xadimlərinin görüşündə də bunu gördük. Hər yerdə bunun belə olmasını istərdik. Din bəşəriyyətə, insanlığa xidmətdir, bunlar bir-birinə qarşı qoylmamalıdır, din xadimlərinin bu mənada böyük xidmətləri var. Bundan müsbət və mənfi formada da istifadə etmək olar. Təəssüflər olsun ki, bundan mənfi istiqamətdə istifadə edən qurumlar da var. Bunu əleyhinəyik. İnsanları bir-birinə yaxınlaşdırmaq lazımdır. İnsanları vətənə, torpağa, xalqa, digər dini inanclı insanlara sevdirmək lazımdır. Azərbaycanda biz bunu gördük.

Ermənilərin işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırılmasında din xadimlərinin rolunu necə dəyərləndirirsiz?

Din xadimləri hər zaman sülhün, sevginin, birliyin, bərabərliyin, ədalətin simvolu olmalıdır. Təkcə din xadimi yox, hər bir insan işğalçılığa, vandalizmə, müharibə əleyhinə çalışmalıdır. Hər bir dinin sütununda sülh çağırışı var. Amma təəssüflər olsun ki, bəzi qüvvələr, hətta din xadimləri bundan başqa istiqamətdə istifadə edir. Ermənistanın Qarabağı işğalı siyasətində biz bunun şahidi olduq.

Cavid