Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ Müsahibə

Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq qapıçısı, hazırda AFFA-nın Texniki direktoru vəzifəsində çalışan Cahangir Həsənzadənin apasport.az saytına müsahibəsi

- Misli Premyer Liqasının VIII turunda sabiq komandalarınız “Qarabağ”la “Neftçi” qarşılaşacaq. Matçla bağlı gözləntiləriniz nələrdir?
- Maraqlı oyun gözləyirəm. Çünki çempionatımızın güclü rəqibləri qarşılaşacaq. Zənnimcə, oyunda bir-birlərinə deyiləcək sözləri çox olacaq. “Qarabağ” çempionluğu əlində saxlamaq niyyətindədir. Ağdam klubu hamımızın bildiyi oyunu göstərsə, “Neftçi”yə çətin olacaq. Paytaxt təmsilçisində bir balaca sıxıntılar var. Onlar da “Qarabağ” kalibrində komanda olmaq istəyirlər. “Neftçi” də ölkə çempionatında və avrokuboklarda sözünü deyən kollektivə çevrilmək arzusundadır. Bu baxımdan düşünürəm ki, “Neftçi” sabah əsl gücünü göstərməlidir.

​​​​​​​- Yayda edilən ciddi dəyişiklikləri nəzərə alsaq, “Neftçi”nin əsl gücünü göstərməyə hazır olduğunu söyləmək olar?

- Əsl məqamı məhz indidir. Komanda yeni baş məşqçi və yeni heyətlə artıq müəyyən yol qət edib, çempionatda 7 oyun keçirib. Artıq “Neftçi”nin tam gücünü göstərmək zamanıdır. Sözsüz ki, “Qarabağ” üçün bəzi sıxıntılar ola bilər. O mənada ki, gələn həftə Avropa Liqasında da “Olimpiakos”la matça hazırlaşmalıdırlar. Çox güman ki, rotasiyalar olacaq. Ancaq “Qarabağ” ilk növbədə “Neftçi” ilə matçı düşünərək hazırlaşacaq.

- Yaranmış fasilədən sonrakı ilk oyunda belə bir duel hansının lehinə işləyə bilər?
- Bəlkə üstünlük ola bilər. Millinin qələbələri ilə yekunlaşan oyunlar emosional futbolçuların durumuna müsbət təsir edəcək. “Qarabağ”a bəlkə bir az çətinlik törədə bilər. Çünki əsas heyət üzvləri daim çempionatda, avrokuboklarda, millinin matçlarında iştirak edirlər, yüklənmələri çox olur. Amma görüşün vacibliyini nəzərə alsaq, bu amilin kiməsə çətinlik və ya üstünlük qazandıracağına inanmıram.

- Şansları necə dəyərləndirirsiniz?
- Şübhəsiz ki, “Qarabağ” üstün hesab edilir. Ancaq mənim fikrimcə, oyun heç-heçə nəticələnəcək, qalib müəyyənləşməyəcək. Çünki “Neftçi” maksimum gücünü ortaya qoyacaq.

- Yəqin razılaşarsınız ki, “Qarabağ”ı büdrətmək heç də asan deyil. Bunun üçün istər “Neftçi”, istərsə də digər komandalar Ağdam təmsilçisinə qarşı necə oynamalıdır?
- Oyun planını nəzərdə tutursunuzsa, bunu baş məşqçidən başqa ikinci bir şəxs inanmıram ki, tutarlı nəsə desin. “Neftçi”nin baş məşqçisinin uşaqlara göstərə biləcəyi bir oyun yolu fəlsəfə varsa, futbolçular gərək bunu maksimum yerinə yetirsinlər. Sırf detallar üzərində dayanmağın mənası yoxdur. Çünki dünyanın istənilən komandasının üstün və zəif cəhətləri var, onları da hamı bilir. Biri əks-hücumlarda yaxşıdır, biri keçidləri uğurlu edir, biri hücum eləmir və azı 1 xal almaq üçün tam qapanır. Konkret vəziyyətdən və baş məşqçinin düşüncələrindən asılı olan məsələlərdir. Bir onu deyə bilərəm ki, “Qarabağ”a müqavimət göstərmək üçün “Neftçi” var gücünü ortaya qoymalıdır.

- Sabah hansının qələbəsi sizi daha çox sevindirər?
- Azarkeşlik elədiyim hansısa komanda yox, oyun olacaq. Mənə çox maraqlıdır ki, Laurentsiu Regekampfın Qurban Qurbanova qarşı nələr ortaya çıxara biləcək? Və ya Qurban Qurbanov qalib gəlmək üçün “Neftçi”yə hansı “tələlər” quracaq? Kimin qalib gəlməsi o qədər də vacib deyil. Azərbaycanın iki nəhəng komandası vuruşanda ortaya nə qoyacaqları önəmlidir.