“Paralel yapı barədə dövləti xəbərdar etdim, kitab buraxdım, lakin həbsə atıldım” Müsahibə

“Paralel yapı barədə dövləti xəbərdar etdim, kitab buraxdım, lakin həbsə atıldım”

Hanefi Avcı: "Əgər başarılı olsaydılar, baş nazirin, nazirlərin, yüksək vəzifəli məmurların mühakimə ediləcəyi onlarca məhkəmə prosesi olacaqdı"

Təhlükəsizlik sahəsində Türkiyənin tanınmış dövlət adamı Hanefi Avcının APA-ya müsahibəsini təqdim edirik.

- 7 iyundakı seçkidən sonra Türkiyədə çox ciddi terror problemi baş qaldırdı. Bunun səbəbləri nədir? Bunları əcnəbi qüvvələr törətdirir, yoxsa Türkiyənin öz içindən maraqlı qruplar bu terror aksiyalarını həyata keçirir?
- Mən bu işlərdə əcnəbi qüvvələrin barmağının olduğuna inanmıram, bunlar Türkiyənin öz içindən irəli gələn məsələlərdir. Əcnəbi qüvvələr dünyadakı bütün ölkələrə müdaxilə etmək, orada mövcud olan yapıdan öz lehinə istifadə etmək istəyərlər, amma bu məsələlər Türkiyənin öz içindən irəli gəlir. Hökumət illərdən bəri davam edən problemi həll etmək məqsədilə PKK nümayəndələri ilə gizli görüşlər keçirirdi. O görüşlər dayandırıldı. Hökumət deyirdi ki, PKK o prosesi pozdu, HDP isə deyirdi ki, hökumət bizi 10%-lik ölkə baryerinin altına salmaq istəyir. Aləm bir-birinə qarışdı. Seçki hökumətinin böyük işlər barədə qərar qəbul etməyə haqqı yoxdur. Seçki keçər, yeni hökumət istədiyi addımları atar. Mən bu müzakirələrin davam etdirilməsini istəyirəm, ancaq bunu yeni hökumət etməlidir. Çünki sülh müzakirələri davam etdirilməsə, bu proseslər içindən çıxılmaz vəziyyətə gələcək. Suriyada cərəyan edən hadisələrin Türkiyəyə mənfi mənada təsiri böyükdür. Oradan gələn İŞİD mənsubları Türkiyənin müxtəlif şəhərlərində, xüsusilə HDP təşkilatlarına və sol dünyagörüşlü insan qruplarına qarşı qanlı aksiyalar təşkil etdilər. Əcnəbi terror təşkilatlarının Türkiyədə qanlı hadisələr törətmələri vahiməli hadisələrdir. Türkiyədəki sol qrupların təşkilatların hədəfləri məlum idi, onlar daha çox dövlət adamlarına və obyektlərinə hücum edirdilər, İŞİD-in aksiyaları isə hədəfləri məlum olmayan, Orta Şərq tipli qorxulu hadisələrdir. Sonrakı proseslər İŞİD-in təkcə Suriyada yox, Türkiyədə də ciddi təşkilatlanması olduğunu göstərdi, İstanbulda, Diyarbəkirdə, Ankarada, Antalyada, Antepdə hücrələri olduğu anlaşıldı. Yeni bir terror dalğasının Avropanı əhatə edəcəyini müşahidə edirik.
- Türkiyədə başqa bir mübarizə sahəsi isə iqtidarla paralel yapı arasındadır. Siz 2010-cu ilin avqustunda çıxmış "Haliçdə yaşayan simonlar" adlı kitabınızda Türkiyə dövlətindəki paralel strukturu ciddi şəkildə gündəmə gətirmişdiniz. Kitaba görə həbs edildiniz, 3,5 il içəridə qaldınız. Hökumətin bu istiqamətdəki addımlarını necə dəyərləndirirsiniz?
- Əslində son 20-30 ildə radikal islamçı cərəyanların artdığını görürük. Bizdə də İrana və Səudiyyə Ərəbistanına yaxın olan təşkilatlar vardı. Ekstremizm tərəfdarı olmayan, elə ona görə də istər Türkiyədə, istərsə də başqa ölkələrdə qəbul edilən icma da vardı. O icma dövlət qurumlarına girərək, dövlətin gücünü qəsb edərək bəzi əməliyyatlar həyata keçirirdi. Onlar özlərinə müxalif gördükləri dövlət adamlarını susdurmaq məqsədilə saxta sənədlər düzəldib, onları həbs etdirir, işdən uzaqlaşdırırdılar. Özlərinə yaxın olan hakim və prokurorları, polis mənsublarını isə yüksək vəzifələrə gətirirdilər. Bunun nəticəsində Türkiyədə ordu ciddi zərbə aldı, dəniz qüvvələri fəaliyyət göstərə bilməz hala gəldi. Bir çox şəxsiyyət onların ittihamlarına məruz qaldı. Türkiyənin keçmişində bəzi qaranlıq hadisələr olmuşdu, paralel yapı işin əvvəlində sanki keçmişlə haqq-hesab çəkirmiş kimi atmosfer yaradaraq ictimaiyyətin dəstəyini aldı. Ancaq qısa müddətdən sonra məlum oldu ki, paralel yapı ona müxalif olan adamları uzaqlaşdırıb hər yerə öz adamlarını yerləşdirir. Mətbuatı susdurandan sonra hökumətin funksiyalarını əlindən almağa, özü hökumət olmağa çalışdı. Paralel yapı əlində olan hər şeydən istifadə edərək polisi, ədliyyə və prokurorluq mənsublarını çıxdaş etmişdi. Orduya vurduğu zərbə isə ən böyük xəyanətdir. Əslində hökumət bəzi vəzifəli şəxslərin qəti addımları sayəsində onların hücumunu geri püskürdüb, əks-hücuma keçə bildi. Bəlkə mənim yazdığım kitabların bəzi dairələrə etdiyi xəbərdarlıqla hökumət özünü son anda xilas edə bildi. İndi o paralel yapıya qarşı dövlətin təhlükəsizlik qüvvələrinin və ədliyyə sisteminin çalışması lazımdır. 1,5 ildən bəri həyata keçirilən əməliyyatlarda telefonları dinləyən bəzi qruplar, açıq şəkildə qanunsuz işlər görmüş bəzi şəxslər həbs edilib. Amma daha yüksək vəzifə tutmuş şəxslərin fəaliyyətləri araşdırılıb, lazımi tədbirlər görülməldir. Önümüzdəki bir neçə ildə aparılan istintaq işlərinin dərinləşdiriləcəyinə inanıram. Paralel yapının təsir gücü aradan qaldırılana qədər hökumətin bu işləri davam etdirməsi lazımdır.
- Paralel yapının xaricdə də güclü olduğu məlumdur. Hökumət xaricdə bu qrupla necə mübarizə aparacaq?
- Xarici ölkələrdə mübarizə aparmaq daha çətindir. Bunun üçün buradakı sənədləri oralara göndərmək lazımdır. Xarici ölkələrdə paralel yapının üzvü olan şəxslərin suçları müəyyənləşdirilərsə, onların Türkiyəyə qaytarılmasına çalışılacaq. O proseslər 1-2 ildən sonra başlaya bilər. Türkiyədə onların fəaliyyəti zərərsiz hala gətirilərsə, beynəlxalq arenada mübarizə başlayacaq.
- Paralel yapının Türkiyəyə ciddi problemlər yaşatdığı dönəmdə siz "Haliçdə yaşayan simonlar" kitabınızı çıxardınız. Bu kitabı yazmağa niyə ehtiyac hiss etdiniz, haradan ağlınıza gəldi?
- Bizim vəzifəmiz Türkiyədə təhlükəsizliyə nail olmaq idi. Bir müddətdən sonra gördüm ki, bu icma dövlətin səlahiyyətlərini ələ keçirib, onu iflic etməyə və hər yerə öz kadrlarını yerləşdirməyə çalışır. Bunu görəndən sonra əvvəlcə öz nazirimlə və nazirliyin yüksək vəzifəli şəxsləriylə görüşdüm. O vaxtın daxili işlər və ədliyyə nazirlərinə - Bəşir Atalay və Sədullah Ərginə gedişatın yaxşı olmadığını izah etdim. İstanbul və Ankaranın baş prokurorlarına vəziyyət barədə məruzələr etdim. Onlar lazımı reaksiya vermədilər.
- Üzr istəyirəm, siz o vaxt Ədirnənin polis rəisi idiniz, elə deyilmi?
- Ədirnədə idim, son dönəmimdə isə Əskişəhərdə. Baş Prokurorlar da hərəkətə geçməyincə baş nazirin icra aparatının rəhbəri və baş nazirin müşavirləri ilə görüşərək vəziyyəti onlara anlatdım, mütləq şəkildə mane olunmasını istədim. Heç kimdən dəstək görmədim, əksinə, hamı icmanı dəstəklədi. Onda qərara gəldim ki, kitab yazaraq səsimi xalqa çatdırım. Həm xalq gerçəklərlə tanış olsun, həm də icma bizim bu işlərə laqeyd qalmadığımızı görsün. Kitabı dövləti, xalqı oyandırmaq məqsədilə yazdım, icmanın pis vəziyyətdə qoyduğu insanların öz haqlarını tələb etməsini istəyirdim. Ümid edirdim ki, icma o kitabı görüb geri addım atacaq. Dövlət adamlarının mənim deşifrə etdiyim nöqtələrdən icmaya qarşı mübarizə aparacağını düşünürdüm. Təəssüf ki, o cür olmadı, tam əksinə, qısa müddətdə məni həbs etdilər, 4 fərqli təşkilata yardım etməkdən cinayət işi qaldırıldı. Peşəmdən uzaqlaşdırıldım, nazirlik 10-dan çox müfəttişi mənim işlərimlə məşğul olmağa təhkim etdi. Paralel yapı isə öz fəaliyyətinə davam etdi. Mənim əvvəlcədən gördüyüm kimi, onlar bu ölkəyə hakim olmaq istəyirdilər. Ona görə polisi, məhkəmələri, prokurorluqları ələ keçirib orduda təsir gücü qazanandan sonra kəşfiyyatı ələ keçirmək istədilər. Bilirsiniz ki, 7 fevral 2012-ci ildə Milli İstihbarat Təşkilatına qarşı əməliyyat keçirməyə cəhd göstərildi. O əməliyyat baş tutsaydı, MİT-in təxminən 200 işçisini həbs edəcəkdilər. Bütün bunlara baxmayaraq, hökumət icmaya qarşı təsirli tədbirlər görmək yerinə bir neçə prokurorun, polisin yerini dəyişdirdi, kəşfiyyat təşkilatının rəhbərini və bir neçə yüksək vəzifəli şəxsi qoruyan qanun qəbul etdi. Ancaq qarşısındakı ən böyük təhlükənin özünə tərəf gəldiyini görmədi. İcmanı tamamilə kənarlaşdırmaq yerinə, xırda tədbirlərlə özünə təsəlli verdi. Daha sonrakı prosesdə icma hökumətin üzvlərini və yüksək vəzifəli məmurları həbs etmək üçün əməliyyat hazırladı. Prokuror və hakimlərdən istifadə edərək hökuməti aradan qaldırmağa təşəbbüs göstərdi. 17 və 25 dekabrdakı əməliyyatlar eyni vaxtda başlayacaqdı, ancaq bir hakimin ayıqlığı sayəsində icmanin qarşısı alındı. Ondan sonra paralel yapı hökumətə qarşı əlində olan bəzi sənədləri yaymağa başladı. Orada gördük ki, baş nazirin və bütün nazirlərin kriptolu telefonları, dövlətin ən gizli toplantıları dinlənilib. Bunların bir hissəsi mediaya verildi. Əslində əllərindəkilərin 1%-ni mediaya verdilər.
- Eləmi?
- Təbii ki. Çünki bu cür çalışmalarda 10 xəbər dinləyərsiniz, 1 xəbər çıxar. Hər materialdan istifadə etməyə bilərsiniz. Son 3 ildə baş naziri və nazirləri, medianı, böyük şirkətləri, iş adamlarını dinləyiblər, izləyiblər, bütün nazirlərin qanunsuz hərəkətləri barədə qovluqlar toplayıblar. Əgər başarılı olsaydılar, baş nazirin, nazirlərin, yüksək vəzifəli məmurların mühakimə ediləcəyi onlarca məhkəmə prosesi olacaqdı. Bir qismi qeyri-qanuni hərəkətlərdən, bir qismi İrana casusluq etməkdən, bir qismi vətənə xəyanət etməkdən və s.
- Paralel yapı bütün bunları öz gücüylə toplayıb, yoxsa əcnəbi qüvvələrin onlara yardımı olub?
- Hal-hazırda bunu deyə bilirəm ki, bu adamlar dövlətin imkanlarından istifadə edərək bu işləri özləri görüblər. Dövlətin polisi, məhkəməsi, kəşfiyyatı bunların əlinə verilib. Dövlətin dinləmə sistemlərini, təqib sistemlərini bunlar ələ keçirərək bu işləri görüblər, dövlət isə bunu izləməyib. Əcnəbi qüvvələrin dəstəyinə ehtiyacları olmayıb. Bundan sonrakı dönəmdə ortaya nələr çıxar? Onu görəcəyik. Onların bundan sonra xarici kəşfiyyatların qucağına düşmələri daha asandır. Çünki olduqları ölkəni tərk etməmək üçün o ölkələrin kəşfiyyatı ilə əməkdaşlıq etmə məcburiyyəti yarana bilər.
- 5 il əvvəl kitabınız çıxanda Türkiyənin qısa müddətdə ən çox qazanan yazarı olmuşdunuz. Kitab çıxandan 2 ay sonra həbsə girənə qədər 550 min ədəd satıldığına və sizin 1 milyon dollar qonorar aldığınıza dair iddialar vardı.
- (Gülür.) Kitabın rəsmi satışı 450 min ədəd oldu. Qeyri-rəsmi satış isə 1 milyon ədəddən çoxdur, qanunsuz şəkildə çox çap edildi.
- Sizi peşənizdən də uzaqlaşdırmışdılar, məhkəmə qərarıyla qayıda bildinizmi?
- Hal-hazırda məhkəmə prosesləri davam edir. 15 il cəza vermişdilər, Ali Məhkəmə onu ləğv etdi. 5-6 aydan, bəlkə 1 ildən sonra bunların hamısının təmizə çıxacağına inanıram.
- Paralel yapı ilə mübarizədə hökumətin sizə əməkdaşlıq təklifi oldumu?
- Məhkəmə prosesləri davam etdiyinə görə, hal-hazırda hökumətin mənə iş verməsi mümkün deyil. Ancaq kitablarımdakı fikir və düşüncələrimdən istifadə etdiklərinə inanıram. Hazırda dövlətdə vəzifə almağım hüquqi cəhətdən mümkün deyil.