Honkonq Çin Universitetinin prezidenti: Azərbaycan beynəlxalq tədqiqatlarda iştirak edən tərəfdaş ola bilər - MÜSAHİBƏ Müsahibə

Honkonq Çin Universitetinin prezidenti: Azərbaycan beynəlxalq tədqiqatlarda iştirak edən tərəfdaş ola bilər - MÜSAHİBƏ

Professor Dennis Lo Yuk-ming “qeyri-invaziv prenatal testlərin atası” kimi tanınan molekulyar bioloqdur. O, 2025-ci ildən Honkonq Çin Universitetinin (CUHK) 9-cu vitse-kansleri və prezidenti vəzifəsində çalışır. Professor Lo qan plazmasında hüceyrəsiz fetal DNT-nin aşkarlanması sahəsində qlobal miqyasda tanınmış alim və bu istiqamətin əsas qurucularından biridir. O, Çin Elmlər Akademiyasının üzvü, Kral Cəmiyyətinin üzvü və ABŞ Milli Elmlər Akademiyasının xarici üzvüdür. APA professor Dennis Lo Yuk-ming ilə eksklüziv müsahibəni təqdim edir:

Hamiləlik və xərçəng bir-birindən uzaq sahələr kimi görünür, amma əslində ortaq elmi əsaslara malikdir

- Professor Lo, qeyri-invaziv prenatal testlər üzrə işiniz səhiyyədə böyük dəyişiklik yaradıb və bu yanaşma indi xərçəngin erkən aşkarlanmasında da istifadə olunur. Fundamental elmin real tibbi xidmətə çevrilməsi baxımından əsas dərs nə olub?

- Ən vacib dərslərdən biri budur ki, zahirən fərqli görünən sahələr arasında gizli əlaqələr ola bilər. Məsələn, hamiləlik və xərçəng bir-birindən uzaq sahələr kimi görünür, amma əslində ortaq elmi əsaslara malikdir. Bu əlaqəni gördükdə ciddi irəliləyişlər mümkün olur.

Digər əsas məsələ isə budur: hər hansı texnologiya qlobal miqyasda tətbiq olunmaq üçün həm etibarlı, həm də sərfəli olmalıdır.

Azərbaycan üçün bu texnologiyalar əlçatan ola bilər

- Azərbaycan səhiyyəni, xüsusilə onkologiyanı modernləşdirir, amma büdcə imkanları məhduddur. Orta gəlirli ölkələr bu texnologiyaları real şəkildə necə tətbiq edə bilər?

- Texnologiya adətən zamanla ucuzlaşır. Məsələn, qeyri-invaziv prenatal testlər 2011-ci ildə bazara çıxanda qiyməti təxminən 3 000 dollar idi. Bu gün Çinin bəzi bölgələrində eyni test 70 dollara başa gəlir.

Bu onu göstərir ki, düzgün yanaşma və kadr hazırlığı olduqda Azərbaycan üçün də bu texnologiyalar əlçatan ola bilər. Zaman keçdikcə qiymətlər öz-özünə tənzimlənir.

Süni intellekt tibbi analizlərdə getdikcə daha çox rol oynayır

- Azərbaycanda Milli Onkologiya Mərkəzi artıq ölkə üzrə skrininqlər aparır və molekulyar diaqnostika imkanları yaradıb. Bu kimi qurumlar yaxın illərdə hansı istiqamətlərə fokuslanmalıdır?

- Burada əsas məsələ texnologiyanın sürətlə dəyişməsinə hazır olmaqdır. Diaqnostikada istifadə olunan metodlar daha dəqiq və daha geniş imkanlı olur. Eyni zamanda, süni intellekt tibbi analizlərdə getdikcə daha çox rol oynayır.

Bu baxımdan, institutlar həm texniki potensialını, həm də həkim və mütəxəssis hazırlığını paralel şəkildə inkişaf etdirməlidir.

Bu testlər 100 faiz dəqiqlik demək deyil

- Genetik testlərin nəticələrinin pasiyentlərə izahı bəzən çətin olur. Bu prosesdə səhiyyə qurumları nəyə diqqət etməlidir?

- Ən vacib məsələ şəffaflıqdır. Pasiyent testin nə verdiyini, nə vermədiyini aydın başa düşməlidir.

Bu testlər 100 faiz dəqiqlik demək deyil – səhv müsbət və ya səhv mənfi nəticə ehtimalı var. Ona görə də həkimlər nəticələrin necə şərh olunacağını və növbəti addımların nə olacağını əvvəlcədən izah etməlidirlər.

Azərbaycan təkcə bu texnologiyaları tətbiq edən yox, beynəlxalq tədqiqatlarda iştirak edən tərəfdaş ola bilər

- Gələcəyə baxsaq, sizi ən çox həyəcanlandıran inkişaflar hansılardır və Azərbaycan bu prosesdə hansı rolu oynaya bilər?

- Xərçəng bu gün dünyada ölüm hallarının təxminən 35 faizini təşkil edir. Əgər erkən aşkarlama hesabına bu göstəricini azalda bilsək, bu, çox böyük nəticə olar.

Məncə, Azərbaycan təkcə bu texnologiyaları tətbiq edən yox, eyni zamanda, beynəlxalq tədqiqatlarda iştirak edən tərəfdaş ola bilər. Amma bunun üçün əsas şərt texnologiyanın əlçatan və iqtisadi cəhətdən əsaslandırılmış olmasıdır.