Qrono: Rəsmi Bakının Aİ-Ermənistan sənədindəki terminologiya ilə bağlı narahatlıqlarından xəbərdarıq - MÜSAHİBƏ Müsahibə

Qrono: Rəsmi Bakının Aİ-Ermənistan sənədindəki terminologiya ilə bağlı narahatlıqlarından xəbərdarıq - MÜSAHİBƏ

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono APA-ya müsahibə verib. O, ötən ay Azərbaycana, eyni zamanda, Ermənistana səfərinin nəticələri, Azərbaycan–Aİ münasibətləri, gələcək əməkdaşlıq perspektivləri və digər məsələlər barədə danışıb.

regionda sülhə doğru tarixi irəliləyişi dəstəkləmək və Cənubi Qafqazla əməkdaşlığını daha da gücləndirmək məsələsində əvvəlki kimi qətiyyətlidir

- Xanım Qrono, ötən ay Azərbaycana səfər edərək bir sıra görüşlər keçirdiniz. Səfərinizin nəticələrini necə qiymətləndirirsiniz?

- Bəli, 15-16 yanvar tarixlərində azərbaycanlı həmkarlarla müntəzəm yüksək səviyyəli məsləhətləşmələr aparmaq üçün Azərbaycana səfər etdim. Xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri və beynəlxalq tərəfdaşlar da daxil olmaqla digər şəxslərlə görüşlər keçirdim.

Biz Ermənistan-Azərbaycan sülh prosesi üzrə müxtəlif aspektlər, Aİ-Azərbaycan münasibətlərinin gündəliyində olan məsələlər, regional əməkdaşlıq, konnektivlik təşəbbüsləri, həmçinin humanitar məsələlər, o cümlədən minatəmizləmə və itkin düşmüş şəxslər barədə mühüm fikir mübadiləsi apardıq.

Bu səfər Azərbaycan tərəfinin yüksək səviyyəli nümayəndələri ilə apardığımız müntəzəm məsləhətləşmələrin bir hissəsi idi və Aİ-nin Ermənistan və Azərbaycana onların davam edən ikitərəfli dialoqu çərçivəsində göstərdiyi dəstəyə, eləcə də sülhün faydalarını hər iki cəmiyyət üçün önə çıxaran əlavə konkret tədbirlərin dəstəklənməsi imkanlarına yönəlmişdi.

Bu kontekstdə, Bakıda keçirilən görüşlər bizə əsas qurum və şəxslərdən mühüm yenilikləri əldə etməyə və strateji baxımdan mühüm olan bu məqamda əməkdaşlığımızın bütün istiqamətləri üzrə gələcək addımları müəyyənləşdirməyə imkan verdi. Aİ regionda sülhə doğru tarixi irəliləyişi dəstəkləmək və Cənubi Qafqazla əməkdaşlığını daha da gücləndirmək məsələsində əvvəlki kimi qətiyyətlidir. Bundan sonra, 5-6 fevral 2026-cı il tarixlərində oxşar yüksək səviyyəli görüşlər keçirmək üçün Ermənistana da səfər etdim və bir sıra erməni rəsmilərlə müzakirələr apardım.

Strateji aktor kimi Aİ-nin regionda maraqları daha genişdir

- Aİ Azərbaycan-Ermənistan sülh prosesində öz rolunu vasitəçi, yoxsa strateji aktor kimi görür?

- Aİ şübhəsiz ki, Azərbaycan-Ermənistan normallaşma prosesinin ilkin mərhələsində, xüsusilə də 2021-2023-cü illərdə Avropa İttifaqı Şurasının o zamankı Prezidenti Şarl Mişelin himayəsi altında “Brüssel prosesi” dövründə asanlaşdırıcı rolunu oynayıb. Mənim də iştirak etmək şərəfinə nail olduğum həmin proses çərçivəsində Aİ tərəflər arasında dialoqun təşviqinə töhfə verirdi.

Tərəflərin açıq şəkildə etiraf etdiyi kimi, onların hazırda uğurla davam edən ikitərəfli formatı əvvəlki mərhələlərdə, o cümlədən digər formatlarda formalaşdırılmış məzmun, formul və əlaqələrə əsaslanır. Keçmiş proseslər, o cümlədən “Brüssel prosesi” çərçivəsində keçirilmiş görüşlər tərəflərin danışıqları ikitərəfli qaydada aparmaq üçün hazırlıq səviyyəsinin və imkanlarının formalaşmasına töhfə verib.

Məhz danışıqların bu ikitərəfli xarakteri son bir-iki ildə prosesdə üstünlük təşkil edib və biz tərəflərin seçimini və formatını tam şəkildə hörmətlə qarşılayırıq. Biz danışıqların gündəliyinin istənilən aspekti üzrə – siyasi dəstəkdən tutmuş texniki və ekspert əsaslı yardıma qədər – ikitərəfli formatı tam şəkildə nəzərə alaraq, öz dəstəyimizi təklif etmişik.

Strateji aktor kimi isə Aİ-nin regionda maraqları daha genişdir və yalnız danışıqlar masası ilə məhdudlaşmır. Aİ davam edən ikitərəfli prosesi və tərəflərin regionda sülhü, sabitliyi və rifahı irəli aparmaq səylərini dəstəkləmək istəyir. Bu, Aİ üçün əsas strateji maraqdır. Eyni zamanda, Aİ özü və Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş coğrafiya arasında əlaqələrin gücləndirilməsini dəstəkləyir, məhz buna görə də bizim diqqətimiz konnektivlik gündəliyinə yönəlib.

Hazırda Azərbaycan və Ermənistanda yüksək səviyyəli rəsmilərlə apardığım müzakirələr Aİ-nin sülh prosesinə dəstək roluna və insanların sülhün real, hiss edilə bilən faydalarını görməsini və duymasını təmin etməyə yönəlmiş tədbirlərə fokuslanır.

Ermənistan-Azərbaycan sülh prosesi ilə yanaşı, bu, həm də regional əməkdaşlıq, Ermənistan-Türkiyə normallaşması, konnektivlik imkanları və etimad quruculuğu tədbirlərini əhatə edir. Biz güclü şəkildə prosesə cəlb olunmağa davam edəcəyik. Ermənistanlı və azərbaycanlı tərəfdaşlarımıza tamhüquqlu sülhə doğru irəliləyiş yolunda Aİ-nin faydalı ola biləcəyi yeni imkanları araşdıracağıq.

Aİ mövcud şəraiti Cənubi Qafqaz üçün yeni tarixi fürsət kimi qiymətləndirir

- Sizin fikrinizcə, sülh sazişi imzalandıqdan sonra regionda təhlükəsizlik balansı necə qorunacaq? Aİ bu məqsədlə hansısa mexanizmləri nəzərdə tutur?

- Aİ regionda tam normallaşmaya və kommunikasiyaların açılmasına ümid edir və mövcud şəraiti Cənubi Qafqaz üçün yeni tarixi fürsət kimi qiymətləndirir. Bu, regionun daha az strateji maneələrlə və daha çox struktur qarşılıqlı asılılıqlarla inkişafı imkanını yaradır. Bu prosesə isə artan ikitərəfli və regional ticarət, eləcə də enerji əməkdaşlığı töhfə verə bilər. Bu kontekstdə, xüsusilə 2025-ci ilin avqustunda Vaşinqtonda Ermənistan–Azərbaycan sülh müqaviləsinin tarixi paraflanmasından sonra müşahidə olunan bütün müsbət və ümidverici inkişafları səmimiyyətlə alqışlayırıq. Sülh prosesi nə qədər çox konkret nəticələr versə və yerli əhalinin gündəlik həyatını yaxşılaşdırsa, bir o qədər müsbət olar. Hər iki liderin də vurğuladığı kimi, tərəflər hazırda sülhün dönməz olmasını təmin etmək üzərində çalışır və bu, hamı üçün aydın və konkret faydalarla möhkəmləndirilməlidir.

Aİ Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır

- Azərbaycan suverenlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan regional əməkdşlıq modeli qurmağa çalışır. Bu model Aİ-nin strateji baxışı ilə uzlaşır?

- Aİ həmişə bütün ölkələrin suveren seçimlərinə hörmətlə yanaşıb və əldə etdiyimiz qarşılıqlı razılaşmalar əsasında Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır. Əməkdaşlığın ambisiya səviyyəsi hər bir tərəfdaşdan asılıdır və biz münasibətlərimizi buna uyğun şəkildə qururuq. Biz anlayırıq ki, Azərbaycanın yerləşdiyi region mürəkkəb qonşuluq mühitinə malikdir və onun seçimləri də təbii olaraq bu amillərdən təsirlənir. Eyni yanaşma, əlbəttə ki, Ermənistanla münasibətlərimizə də aiddir.

Fürsətdən istifadə edərək, Brüsselin Aİ və Azərbaycan arasında yenilənmiş əməkdaşlıq sazişi - artıq bir neçə ildir müzakirə olunan sənəd üzrə irəliləyişə hazır və istəkli olduğunu bir daha vurğulamaq istərdim. Hesab edirik ki, bu məsələ üzrə birgə işi yekunlaşdırmağın vaxtı çatıb və ümid edirik ki, danışıqları tezliklə bərpa edə biləcəyik.

- Naxçıvan dəmir yolu xəttinin bərpası regional bağlantı, iqtisadi inteqrasiya və davamlı sülh baxımından mühüm layihə hesab olunur. Bu layihə üzrə işlərin icra planı hansı mərhələdədir?

- Həqiqətən də, Aİ-nin Naxçıvan dəmir yolu xəttinin yenidən qurulmasına dəstəyi regional bağlantıya verdiyimiz dəstəyin əsas elementlərindən biri kimi müəyyən edilib.

2025-ci ilin avqust ayında Naxçıvana səfərimdən sonra bu sahədə texniki-iqtisadi əsaslandırma işinin başlanması və birgə fəaliyyət üçün parametrlərin müəyyənləşdirilməsi istiqamətində prioritet qaydada çalışırıq.

Bu məsələ 20 yanvar 2026-cı il tarixində Davosda Azərbaycan Prezidenti İlham Əliyev ilə Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kos arasında keçirilmiş görüşdə də ətraflı müzakirə olunub.

Bildiyiniz kimi, Azərbaycanla bağlantı sahəsində Avropa Komissiyasının fəaliyyətinə rəhbərlik edən ENEST (Genişlənmə və Şərq Qonşuluğu) Baş direktoru Gert Yan Koopman bu yaxınlarda ölkənizə səfər edib. Səfər zamanı Avropa İttifaqı və Azərbaycan, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birlikdə Naxçıvan dəmir yolu layihəsinin inkişafı üzrə texniki-iqtisadi qiymətləndirmə işinə başlamaq barədə razılığa gəldiklərini elan ediblər.

Bu addım Aİ-nin “Global Gateway” təşəbbüsü və yaxın zamanda başladılmış “Cross-Regional Connectivity Agenda” çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsi kontekstində atılır. Həmin gündəliyin məqsədi nəqliyyat, rəqəmsal sahə, enerji və ticarət üzrə dayanıqlı və davamlı bağlantılar vasitəsilə yeni iqtisadi imkanların açılması, uzunmüddətli ortaq rifahın, əməkdaşlığın və sülhün təşviq edilməsidir.

İnnovativ maliyyə vasitələri, eləcə də ikitərəfli və regional dəstək proqramları vasitəsilə digər prioritet layihələr də Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirəcək. Bu layihələr eyni zamanda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, regional konnektivliyin möhkəmləndirilməsi, ölkə üzrə bacarıq və iş imkanlarının yaradılması, şəhərdən kənar ərazilərin, kəndlərin inklüziv və dayanıqlı inkişafının təşviqi istiqamətində səylərinə dəstək verəcək.

"Şəxsən mən İrəvan və Bakıda apardığım bütün danışıqlarda sülhə qarşı səmimi bir öhdəlik hiss etmişəm"

- Azərbaycan cəmiyyətində bəzən sülh prosesinin simvolik diplomatiyaya çevrildiyi, real təhlükəsizlik zəmanətlərinin isə arxa planda qaldığı kimi bir qavrayış var. Bu yanaşma barədə sizin fikriniz nədir?

- Mən bununla razı deyiləm. Hazırkı təhlükəsizlik vəziyyəti bir-iki il öncə təsəvvür edilə bilməyəcək səviyyədə yaxşılaşıb. Bu, əsas amildir. Qısa müddət öncə əhali daim yenidən hərbi qarşıdurma riski ilə yaşayırdı, iki tərəf arasında sərhəd boyunca demək olar ki, hər gün atışma baş verirdi. Bu gün vəziyyətə baxanda, Avropa İttifaqı bu tarixi mühiti güclü şəkildə dəstəkləyir. Tərəflərin etimadqurucu tədbirlər barədə razılığa gəlməsi, məsələn, sərhədçilərin sərhədin ilk dəfə demarkasiya olunmuş hissəsində zirehli jiletlər, kaskalar və avtomatlarında əlavə patron daraqları olmadan xidmət etməsi bu müsbət və sabit mühitin konkret sübutudur. Daha əvvəl də qeyd etdiyim kimi, son bir neçə ay ərzində Ermənistan və Azərbaycan arasında çoxsaylı misli görünməmiş konkret addımların şahidi olmuşuq və bir neçə real nəticələr əldə edilib. Lakin razılaşıram ki, sülh prosesinin nəticələri hələ də cəmiyyətlər tərəfindən daha aydın hiss edilməli, sülhün faydalarını göstərən daha konkret və əlçatan nəticələr ortaya qoyulmalıdır. Şəxsən mən İrəvan və Bakıda apardığım bütün danışıqlarda sülhə qarşı səmimi bir öhdəlik hiss etmişəm və biz onların ikitərəfli səylərini tam dəstəkləmək üçün buradayıq. Mən əminəm ki, hər iki rəhbərlik qarşıdurma dövrünü geridə qoyaraq daha da irəliləməyə hazırdır. Regional konnektivlik ətrafında davam edən iri layihələr beynəlxalq aktorları və onların investisiyalarını cəlb edəcək ki, bu da bir növ sülhü geri dönməz hala gətirir.

Ümid edirəm ki, Azərbaycanı torpaqların minalardan təmizlənməsi sahəsində dəstəkləyəcək yeni razılaşmalar əldə olunacaq

- Münaqişədən sonrakı dövrdə Azərbaycan minalar səbəbindən ciddi humanitar problemlərlə üzləşir və mülki şəxslər həlak olmağa davam edir. Avropa İttifaqı Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətlərinə dəstəyini davam etdirəcək?

- Əgər yanılmıramsa, Avropa İttifaqı Azərbaycanda humanitar minatəmizlə sahəsində ən böyük beynəlxalq donor təşkilatıdır və keçən il ümumi dəstək təxminən 23 milyon avroya çatıb. 2024-cü ilin may ayında başladılan “Team Europe Initiative” vasitəsilə Aİ qabiliyyətin artırılması, avadanlıq təminatı, mina riskləri barədə məlumatlandırma və qurbanlara dəstək sahələrində maliyyə yardımı göstərir. Aİ, həmçinin, Mükəmməllik və Mina Təlimləri Mərkəzininyaradılması və fəaliyyət göstərməsinə kömək edəcək. Bu dəstək təbii sərvətlərə təhlükəsiz çıxışın təmin olunması, keçmiş məcburi köçkünlərin geri dönüşünün asanlaşdırılması və ANAMA kimi yerli institutların potensialının gücləndirilməsinə yönələcək.

Mina təhlükəsi və torpaqların minalarla çirklənməsi münaqişədən sonrakı dövrdə Azərbaycanın üzləşdiyi ən böyük problemlərdən biridir. Hər yeni mina qurbanı bu problemin nə qədər təcili olduğunu və onu mümkün qədər əhatəli şəkildə həll etməyin vacibliyini göstərir. ANAMA nümayəndələri ilə görüşlərimdə mən həmişə onların həyatı xilas edən fəaliyyətlərinə Aİ dəstəyinin daha geniş və effektiv təmin olunması yollarını müzakirə edirəm. Şəxsən mən bu sahədə çalışan minatəmizləyənlərin və digər ekspertlərin göstərdiyi cəsarəti böyük hörmətlə qarşılayıram. Biz bu dəstəyi davam etdirməyi qarşıya məqsəd qoymuşuq. Bu, Aİ-nin regiondakı fəaliyyətinin vacib elementini təşkil edir və münaqişədən sonrakı canlanma və mülki əhalinin təhlükəsizliyinin bərpasına yönəlir. Ümid edirəm ki, 2026-cı il ərzində Azərbaycanı torpaqların minalardan təmizlənməsi sahəsində dəstəkləyəcək yeni razılaşmalar əldə olunacaq.

Müvafiq ikitərəfli sənədlərdə istifadə olunan heç bir ifadə və ya termin sülh prosesinə və onun əsas prinsiplərinə zidd kimi qəbul edilməməlidir

- 2 dekabr 2025-ci ildə Avropa İttifaqı–Ermənistan Tərəfdaşlıq Şurasının Brüsseldə keçirilmiş 6-cı iclasından sonra Aİ–Ermənistan Tərəfdaşlığı üzrə Strateji Gündəlik adlı sənəd imzalanıb. Bu sənəd rəsmi Bakıda narahatlıq və narazılıq doğuran bir sıra müddəaları ehtiva edir. Məsələn, Aİ–Ermənistan “Strateji Tərəfdaşlıq Sazişi”ndə reinteqrasiya imkanlarından könüllü şəkildə imtina etmiş şəxslər “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” kimi təqdim olunur və onlara qaçqın statusu verilir. Eyni zamanda, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərində ittiham olunmuş və məhkum edilmiş erməni əsilli şəxslər “əsir” adlandırılır və onların azad edilməsi ayrıca prioritet kimi göstərilir. Siz bunu postmünaqişə reallıqlarının açıq şəkildə təhrif edilməsi hesab etmirsiniz? Belə terminologiyadan istifadə edilməsini sülh prosesinə zərər vurduğunu düşünmürsünüz?

- Avropa İttifaqı son illər ərzində həm Azərbaycan, həm də Ermənistanla müvafiq tərəfdaşlıq gündəliklərini yeniləmək və daha da inkişaf etdirmək məqsədilə intensiv danışıqlar aparıb. Bəli, Aİ və Ermənistan 2 dekabr 2025-ci il tarixində Aİ–Ermənistan Tərəfdaşlığı üzrə yeni Strateji Gündəlik qəbul edib ki, bu da aramızda siyasi, iqtisadi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində mühüm irəliləyiş deməkdir. Sənəd 2021-ci il Aİ–Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) təməli üzərində qurularaq, 2017-ci il Tərəfdaşlıq Prioritetlərini əvəz edib və birgə fəaliyyət üçün daha iddialı və əhatəli çərçivə müəyyənləşdirib. Sənəd, həmçinin Ermənistanın Avropa İttifaqı ilə əlaqələri gücləndirmək istiqamətində ifadə etdiyi ambisiyalara cavab verib və ikitərəfli münasibətlərdə artan dinamikanı əks etdirib. Strateji gündəlik demokratiya və qanunun aliliyi, ədliyyə islahatları, insan hüquqları, sosial-iqtisadi inkişaf, konnektivlik, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, ticarətin şaxələndirilməsi, eləcə də təhlükəsizlik və müdafiə sahəsində yeni əməkdaşlıq daxil olmaqla geniş sahələri əhatə edir. Strateji Gündəlik, həmçinin Qarabağı tərk etmiş ermənilərin Ermənistan cəmiyyətinə sosial və iqtisadi inteqrasiyasına dəstəyin vacibliyini vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin 9 dekabr 2025-ci il tarixində yayımladığı bəyanata uyğun olaraq, Azərbaycanın terminologiya ilə bağlı narahatlıqlarından xəbərdarıq.

Bu yaxınlarda Bakıya səfərim zamanı ötən ilin avqustunda Vaşinqtonda liderlərin tarixi görüşündən və orada əldə olunmuş razılaşmalardan sonra Ermənistan-Azərbaycan sülh prosesinə Avropa İttifaqının güclü və aydın dəstəyini bir daha təkrar etdim.

Mən təsdiqlədim ki, sülh prosesinə və onun çərçivəsinə, o cümlədən Vaşinqton Sülh Sammitindən sonrakı mərhələdə göstərilən bu güclü dəstək Aİ-yə üzv olan 27 dövlətin, eləcə də qurumların birmənalı və qəti mövqeyidir.

Müvafiq ikitərəfli sənədlərdə istifadə olunan heç bir ifadə və ya termin sülh prosesinə və onun əsas prinsiplərinə zidd kimi qəbul edilməməlidir.

2025-ci ilin avqust ayından etibarən bir sıra müsbət irəliləyişlər qeydə alınıb və bu gün bütün birgə səylərimizin mərkəzində məhz həmin proseslər dayanır. Bunlara Ermənistan-Azərbaycan sülh sazişinin tarixi paraflanması daxildir ki, bu da Azərbaycan–Ermənistan sülh prosesində və bütövlükdə regionda yeni bir dövrün başlanğıcını qoyub.

Hər iki ölkə arasında ikitərəfli təmaslarda misli görünməmiş müsbət irəliləyişlərin şahidi olmuşuq – o cümlədən erməni rəsmilərinin Bakıya və Qəbələyə səfərləri, Azərbaycan ərazisi vasitəsilə Ermənistana malların tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, müəyyən ikitərəfli ticarətin başlanması, son dövrlərdə saxlanılan bəzi erməni əsilli şəxslərin azad edilməsi, eləcə də ekspert səviyyəsində davam edən təmaslar və birgə səfərlər və s.

Avropa İttifaqı bütün bu addımları alqışlayıb və eyni zamanda iki ölkə arasında xüsusilə humanitar xarakterli əlavə müsbət addımlara dəstəyini davam etdirməkdə qətiyyətli olduğunu açıq şəkildə ifadə edib. Ümid edirik ki, bütün qalan mübahisəli məsələlər, o cümlədən humanitar xarakter daşıyan məsələlər iki ölkənindavam etdirdiyi hərtərəfli danışıqlar çərçivəsində həll olunacaq.

- Aİ sənədində Ermənistanın region ölkələri ilə razılaşdırılmamış “Sülh kəsişməsi” təşəbbüsünə geniş yer ayrıldığı halda, Vaşinqton sammitində razılaşdırılmış TRIPP layihəsinin tamamilə diqqətdən kənarda qalması ilə bağlı fikirlərə münasibətiniz necədir?

- Konnektivlik Avropa İttifaqının daha geniş regiona yönəlmiş siyasətinin əsas sütunlarından biridir və şübhəsiz ki, həm Azərbaycan, həm də Ermənistanla aparılan müzakirələrin mərkəzi mövzusudur. Azərbaycanla, xüsusilə Naxçıvan dəmir yolu seqmenti ilə bağlı məsələlər üzrə hakimiyyət orqanları ilə fəal şəkildə əməkdaşlıq edirik, eləcə də Ermənistanla bu istiqamətdə dialoq aparırıq. Bu ortaq öhdəliyin konnektivlik sahəsində gələcəkdə Azərbaycanla bağlı yekun sənədlərimizdə də əks olunmasına tam hazır olacağıq. Dediyim kimi, konnektivlik gündəliyinə cavabdeh Aİ rəsmiləri də bu yaxınlarda Bakıya səfər edərək Naxçıvan dəmir yolunun bərpası üçün həyata keçirilmə mümkünlüyü üzrə araşdırmanın başlanmasına razılıq veriblər ki, bu da TRIPP layihəsi ilə birbaşa bağlı olan vacib komponentdir. Aİ-Ermənistan Strateji Tərəfdaşlıq Gündəliyinə gəldikdə isə, bu sənəd Ermənistan, region və Aİ arasında nəqliyyat, rəqəmsal və enerji əlaqələrinin gücləndirilməsi üçün birgə səyləri vurğulayır. Sənəd Aİ-nin “Global Gateway” proqramı çərçivəsində strateji investisiyalara və regional əlaqələri yaxşılaşdırmaq, iqtisadi dayanıqlılığı artırmaq, ticarət və hərəkətlilik üçün yeni imkanlar açmaq məqsədilə “Sülh kəsişməsi” kimi təşəbbüslərə dəstəyə önəm verir.

Regional konnektivlik təşəbbüslərinə göstərdiyimiz güclü dəstəyin bir hissəsi olaraq, TRIPP layihəsi üzrə fikir mübadiləsi aparmaq və müxtəlif konnektivlik seqmentlərinə yanaşmaların əlaqələndirilməsi yollarını müzakirə etmək üçün ABŞ, Ermənistan və Azərbaycan tərəfdaşlarımızla yaxından əlaqədə olmuşuq.

Vaxtı çatdıqda, Monitorinq Missiyasının gələcək fəaliyyəti İrəvan və Brüssel arasında müzakirə olunacaq

- Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin 7-ci maddəsi tərəflərin qarşılıqlı sərhəd boyunca hər hansı üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi öhdəliyini açıq şəkildə əks etdirir. Digər tərəfdən, Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının (EUMA) rəhbəri Markus Ritter bu yaxınlarda bəyan edib ki, sülh sazişi qüvvəyə mindikdən sonra Ermənistandakı Aİ Monitorinq Missiyasına ehtiyac qalmayacaq. Bu halda, Avropa İttifaqı EUMA missiyasının fəaliyyətini davam etdirməyi planlaşdırır?

- Avropa İttifaqının Ermənistanda Monitorinq Missiyası Ermənistan hakimiyyətinin müvafiq rəsmi müraciəti əsasında Ermənistanda yerləşdirilib. Missiyanın hazırkı mandatı 2025-ci ilin yanvar ayında daha iki il müddətinə — 19 fevral 2027-ci il tarixinədək uzadılıb.

Missiyanın gələcək mandatı və fəaliyyəti ilə bağlı müzakirələr sülh prosesindəki inkişaflar nəzərə alınmaqla, vaxtı çatdıqda, İrəvan və Brüssel arasında aparılacaq.

- Avropa İttifaqına üzv dövlətlər bu yaxınlarda Avropa Sülh Fondu çərçivəsində Ermənistan üçün 20 milyon avro məbləğində dəstək paketini təsdiqləyiblər ki, bu da əvvəlki yardımlarla müqayisədə əhəmiyyətli artım ifadə edir. Aİ Azərbaycan üçün də oxşar dəstək mexanizmlərini nəzərdən keçirir? İttifaq Cənubi Qafqazda sülh və təhlükəsizlik üzrə yardımların bölüşdürülməsində balans və ədaləti necə qiymətləndirir?

- Həqiqətən də, Ermənistanın müraciətindən sonra Avropa İttifaqı 29 yanvar 2026-cı il tarixində Avropa Sülh Fondu çərçivəsində 20 milyon avro məbləğində ikinci ikitərəfli Yardım Tədbirini qəbul edib, bununla da, bu mexanizm üzrə Ermənistana ayrılmış ümumi dəstək məbləği indiyədək 30 milyon avroya çatıb.

Qeyd edildiyi kimi, bu ölümcül olmayan yardımın məqsədi mülki şəxslərin böhran və fövqəladə hallarda qorunmasına aydın şəkildə fokuslanaraq, Ermənistan Respublikasının Silahlı Qüvvələrinin logistika imkanlarını gücləndirməkdir. Bu yardım, həmçinin, Ermənistanın dayanıqlılığını artıracaq və onun silahlı qüvvələrinin beynəlxalq hərbi missiya və əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətini sürətləndirəcək. Həm də, Aİ–Ermənistan “Müştərək Təhlükəsizlik və Müdafiə Siyasəti” (CSDP) çərçivə iştirak sazişinə uyğun olaraq, Aİ tərəfindən yerləşdirilə biləcək missiya və əməliyyatlarda da Ermənistan silahlı qüvvələrinin potensialını artıracaq. Həmin saziş beynəlxalq böhranların idarə olunması missiyaları sahəsində daha dərin və daha fəal əməkdaşlıq üçün yeni imkanlar açıb.

Qəbul edilmiş yardım tədbiri 2024-cü ildə ilk Avropa Sülh Fondu Yardım Tədbiri vasitəsilə təqdim edilmiş səyyar çadır düşərgəsinin genişləndirilməsini nəzərdə tutur.

Bildiyiniz kimi, Azərbaycan da Avropa Sülh Fondu çərçivəsində yardım almaqda maraqlı olduğunu ifadə edib. Biz Azərbaycanın ehtiyaclarını müzakirə etmək üçün bu ölkənin hakimiyyət rəsmiləri ilə əlaqədəyik.