“Azərbaycanın çətin qonşuları var” Müsahibə

“Azərbaycanın çətin qonşuları var”

Səfir Ciampaolo Kutillo: "Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qəbuledilməzdir"

"Trend"in İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo ilə müsahibəsi

- Siz Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri fonunda Azərbaycan və İtaliya arasında münasibətləri necə qiymətləndirirsiniz?

- İtaliya və Azərbaycan xalqları, mədəniyyətlərin yaxınlığı ilə yanaşı, əgər belə demək mümkünsə, oxşar, cənub temperamentinə malikdirlər ki, bu da bizi əhəmiyyətli dərəcədə yaxınlaşdırır və əlbəttə, bizi ümumi iqtisadi maraqlar birləşdirir. Biz Azərbaycana yeni, inkişaf etməkdə olan çox maraqlı bazar kimi baxırıq və əminəm ki, biz gələcəkdə irəli gedəcəyik.

- Sizin fikrinizcə, hansı sahələr ikitərəfli əməkdaşlıq üçün daha çox potensiala malikdir?

- Əlbəttə ki, bu gün energetika sahəsi "Cənub Qaz Dəhlizi"nin, eləcə də Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin reallaşdırılması fonunda əməkdaşlığımızın əsasını təşkil edir. Və əlbəttə ki, biz bu layihəyə sadiqik. Mən bunun yeganə layihə olduğunu deməzdim. Biz Azərbaycanın potensialına inanırıq.
Ölkənin yüksək vəzifəli şəxslərinin tez-tez bəyan etdikləri kimi, Azərbaycanın öz iqtisadiyyatını daha çox şaxələndirməsi vacibdir. Hesab edirəm ki, İtaliya iqtisadiyyatı, İtaliya şirkətləri elə nou-houlara, biliklərə, texnologiyalara, keyfiyyətə malikdirlər ki, onlar İtaliya məhsullarını qlobal miqyasda yüksək səviyyəyə qaldırır. Ona görə də hesab edirəm ki, hər iki ölkə üçün burada qarşılıqlı sərfəli, yaxşı uyğunluq ola bilər.

- Bu vəzifədə fəaliyyətinizin əsas hədəfləri hansılardır?

- Mən artıq dedim; hiss edirəm ki, lazımi vaxtda lazımi yerdəyəm. Mən böyük məmnunluq və qürur hissi duyuram, mədəniyyətimiz və keçmişimiz sayəsində sakinlərinin İtaliyaya çox səmimi sevgi ilə yanaşdıqları ölkədə olmaq mənə çox xoşdur. Eynisini biz azərbaycanlı dostlara, turistlərə təklif edə bilərik. Hiss edirəm ki, əməkdaşlığımızı genişləndirmək, möhkəmləndirmək və fəallaşdırmaqdan ötrü buradayam. Bu mənada mənə əlbəttə ki, rəsmi Roma böyük dəstək göstərir.

- İtaliyanın Minsk qrupunun yaradılmasının birbaşa iştirakçısı olduğunu nəzərə alsaq, ölkənin Dağlıq Qarabağla bağlı mövqeyi necədir?

- Biz əvvəlki kimi Minsk qrupunun əsas alət olduğunu hesab edirik və onun köməyi ilə beynəlxalq birlik tərəflərə bu çox ağrılı problemi həll etməyə kömək edə bilər. Bu barədə Prezident İlham Əliyevin Romaya səfəri zamanı bir daha bəyan edildi. Əlbəttə, biz Minsk qrupunu və onun üç həmsədrini - Rusiya, ABŞ və Fransanın bəyanatlarını və uzunmüddətli öhdəliklər tələb edən işini dəstəkləyirik.
Həmçinin biz anlayırıq və şəxsən mən ötən bir il ərzində Azərbaycanda yaşayaraq bu problemin ölkədə hansı dərin hisslər və ağrılar yaratdığını başa düşürəm. Əlbəttə, İtaliya Minsk qrupunu dəstəkləyir. Hesab edirik ki, bu problem yalnız dinc vasitələrlə və danışıqlar yolu ilə həll oluna bilər və əlbəttə, status-kvo əlverişli deyil.

- Siz nəyi region üçün ən böyük təhdid hesab edirsiniz?

- Bura mürəkkəb regiondur və burada öz həmsöhbətlərimdən daim eşitdiyim kimi, Azərbaycanın çətin qonşuları var. Hara baxsan, şimala və ya cənuba, hər yerdə problemlər var. Hesab edirəm ki, Azərbaycan bu regionda sabitliyin yaranmasında mühüm rol oynaya bilər. Əslində, ölkə artıq regionda sabitliyin təminatında mühüm rol oynayır. Amma əvvəl-axır daha dərin regional əməkdaşlığın qaydaya salmasından başqa hər hansı digər həll yolunu ola biləcəyini hesab etmirəm.

- Azərbaycanla İtaliya arasında ticarət-iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?

- Bakıya gəlib bulvarda gəzəndə elə təəssürat yaranır ki, sanki Romada Via Veneto küçəsindəsən. Burada bizim bütün iri brendlərimizi görmək mümkündür. Həm də təkcə bu yox. Mənə elə gəlir ki, bizdə texnologiyalar, sənaye, infrastruktur baxımından da ümumi şeylər çoxdur.
İtaliya şirkətləri Azərbaycanın hazırda prioritet kimi baxdığı nəqliyyatdan başlamış səhiyyəyə və iri yol işlərinə qədər bir çox sahələrdə ixtisaslaşırlar. Zəruri olan əsas məsələ şirkətlərimizin malik olduqları texnologiyaların köməyi ilə bu ölkədəki inkişafı dəstəkləməkdir və biz bunun üzərində işləməyə hazırıq.

- Azərbaycanla İtaliya arasında ticarət-iqtisadi əlaqələri necə genişləndirmək olar?

- Əlbəttə, siyasi əlaqələr çox güclü kömək edir. Biz bunu keçən il etdik. O zaman bura İtaliyadan yüksək səviyyəli nümayəndə heyətləri gəldi. Onların ardınca bir çox şirkətlərin nümayəndələri səfər etdilər. Belə səfərlər gələcək əlaqələrin inkişafına kömək edir. Birincisi, müvafiq biznes cəmiyyətləri arasında daha fəal əlaqələrin olması lazımdır və onlara kömək edən institutlar var. Biz də ona görə buradayıq ki, imkanları öyrənək və həmin biznes cəmiyyətləri arasında məlumat yayaq. Zənnimcə, bizi İtaliya və Azərbaycan şirkətləri üçün böyük iş gözləyir. Çünki İtaliya Azərbaycan üçün çox maraqlı istiqamət ola bilər.