“Uyğun bir vaxtda xarici işlər nazirlərini bir araya gətirməyi planlaşdırırıq” Müsahibə

“Uyğun bir vaxtda xarici işlər nazirlərini bir araya gətirməyi planlaşdırırıq”

Ceyms Uorlik: "Prezidentlərin növbəti görüşü üçün əsaslı gündəliyin hazırlanması istiqamətində iş aparırıq"

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin APA-ya müsahibəsi

- Bölgəyə son səfərinizdən sonra təmas xəttindəki son vəziyyəti necə xarakterizə edərdiniz?

- Təmas xəttində vəziyyət gərgin olaraq qalır, lakin yanvar ayının sonundan stabilləşib. Biz tərəfləri sülh danışıqlarına daha əlverişli atmosfer yaratmaq üçün atəşkəs rejiminə əməl etməyə çağırırıq.

- Bu səfərdə məqsədin tərəfləri atəşkəsə sadiq qalmağa çağırmaq olduğu barədə bəyanat verdiniz. Bəs səfər zamanı hər hansı konkret təkliflər səsləndirildimi?

- Görüşlərdə prezidentlər münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqlədilər və atəşkəs rejiminin möhkəmləndirilməsi barədə təklifləri nəzərə alacaqlarını bildirdilər. Bizim təkliflərimiz gərginliyin artmasına şərait yarada biləcək insidentlərin qarşısını alacaq. Biz ümid edirik ki, tərəflər bu və digər məsələlərdə razılığa gələ biləcəklər.

- Səfəriniz zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları ilə görüşdüyünüzü bildirdiniz. Daha öncə ABŞ dövlət katibinin köməkçisi Viktoria Nuland Ermənistanı humanitar jest olaraq azərbaycanlı girovları geri qaytarmağa çağırıb. Bununla bağlı proses nə yerdədir?

- İki Azərbaycan vətəndaşı hələ də həbsxanadadır. Biz hələ də möhkəm inanırıq ki, tərəflərin həbsdə saxladıqları bütün məhbusları azad etməsi vacib humanitar jest olar.

- Ermənistan tərəfi Dağlıq Qarabağdakı de-fakto rejimin danışıqlar prosesində iştirakını tələb edir. Bu məsələ danışıqlar prosesinə nə dərəcədə təsir edəcək?

- Danışıqlar prosesində Dağlıq Qarabağ əhalisinin maraqları nəzərə alınmalıdır. Məhz bu səbəbdən həmsədrlər Dağlıq Qarabağa səfər edir, de-fakto rəhbərlik və icmanın digər üzvləri ilə görüşür.

- Növbəti mərhələdə hər iki ölkə xarici işlər nazirlərinin görüşü ilə bağlı planlar varmı?

- Biz uyğun bir vaxtda xarici işlər nazirlərini bir araya gətirməyi planlaşdırırıq və onlarla sıx əlaqə mövcuddur. Baxmayaraq ki, biz belə bir dialoqu faydalı hesab edirik, lakin nəticədə görüşüb-görüşməmək onların qərarıdır.

- Bəyanatınızda bu ilin sonlarına yaxın prezidentlərin görüşünün təşkilinə dair planlarınızı açıqladınız. Bu istiqamətdə hazırlıq prosesi hansı şəkildə aparılacaq və bu görüş nə zaman planlaşdırılır? Son müsahibələrinizdə görüş naminə görüş istəmədiyinizi açıqlamışdınız. Bu görüşlərin görüş naminə olmaması üçün hansı planlarınız var?

- 2014-cü ilin oktyabrında Paris görüşündə prezidentlər bu il dialoqu inkişaf etdirməyə tərəfdar olduqlarını açıqladılar. Həmsədrlərin regiona son səfərləri zamanı isə onlar bu il ərzində görüşməyə hazır olduqlarını bir daha təsdiqlədilər. Biz əsas məsələlərdə tərəflər arasında fikir ayrılıqlarının azaldılması və prezidentlərin növbəti görüşü üçün əsaslı gündəliyin hazırlanması istiqamətində xarici işlər nazirləri ilə iş aparırıq.