Gürcüstanın ticarət və nəqliyyat sektorlarına yardım AİB-in əsas prioriteti olaraq qalır - Daimi nümayəndə Müsahibə

Gürcüstanın ticarət və nəqliyyat sektorlarına yardım AİB-in əsas prioriteti olaraq qalır - Daimi nümayəndə

Asiya İnkişaf Bankının (AİB) əsas prioriteti Gürcüstanda əsas ticarət və nəqliyyat dəhlizlərinin çatışmayan hissələrinin yaradılmasını başa çatdırmaqdır.

Bu barədə Trend-ə özəl müsahibəsində AİB-in Gürcüstandakı daimi nümayəndəsi Şeyn Rozental deyib.

"Bu, Gürcüstana regional ticarət, nəqliyyat, logistika və tranzit qovşağı, o cümlədən ticarət və logistika göstəricilərinin yaxşılaşdırılması hesabına kimi coğrafi mövqeyindən faydalanmağa kömək edəcək”, - deyə Ş.Rozental qeyd edib.

Onun sözlərinə görə, AİB Gürcüstanın ən böyük tərəfdaşlarından biri olmaqla, bütün əməkdaşlıq dövrü ərzində bu ölkəyə inkişaf üçün 1,7 milyard dollar ayırıb.

Ş.Rozental qeyd edib ki, bir neçə ildir ki, AİB infrastruktura böyük sərmayələr yatırmaqla nəqliyyat sektorunun potensialını maksimum dərəcədə artırmaqda Gürcüstana dəstək verib.

Daimi nümayəndənin sözlərinə görə, AİB Gürcüstana strateji nəqliyyat dəhlizlərinin və ikinci dərəcəli yolların inkişafı üçün 1,3 milyard dollardan çox vəsait ayırıb ki, bu da sektorun Avropa standartlarına uyğunlaşdırılmasına kömək edir. Bu sərmayələr Şərq-Qərb magistralının əsas hissələrini və Şimal-Cənub nəqliyyat dəhlizi boyunca magistral yolu əhatə edir.

Bankın daimi nümayəndəsi bildirib ki, AİB təhlükəsiz su xidmətlərinin təmin edilməsi, kənd və şəhər yerlərində tarazlı inkişafı təmin etmək üçün elektrik enerjisinin ötürülməsi sektorunu gücləndirmək üçün əhəmiyyətli investisiyalar yatırıb.

Ş.Rosental qeyd edib ki, bank 2021-ci ilin noyabrında bələdiyyələr üçün 120 milyon ABŞ dolları məbləğində investisiya proqramını təsdiqləyib və bu, Gürcüstan şəhərlərində mövcud infrastrukturun modernləşdirilməsi və xidmətlərin təkmilləşdirilməsi məqsədi daşıyır.

Onun sözlərinə görə, COVID-19 pandemiyası zamanı AİB Gürcüstan hökumətinə həssas qrupları qorumaq və biznesi dəstəkləmək üçün tədbirləri maliyyələşdirməyə kömək edib:

"Son iki il ərzində AİB Gürcüstana koronavirusla mübarizə üçün 300 milyon dollar yardım edib. Biz, həmçinin Asiya Sakit Okeanı regionunda Peyvəndlərə əlçatanlıq üzrə Mərkəzi vasitəsilə vaksinlərin alınması üçün 15 milyon dollar ayırmışıq".

Onun fikrincə, struktur islahatları təkcə COVID-19 pandemiyasının təsirlərini yumşaltmaq üçün deyil, daha geniş şəkildə Gürcüstanda iqtisadi artımı və iş yerlərinin yaradılmasını dəstəkləmək üçün həlledici rol oynamaqda qalır:

"AİB Gürcüstanda nəqliyyat və ticarətin asanlaşdırılması, su və kanalizasiya infrastrukturu, kənd təsərrüfatı və irriqasiya, enerji və ictimai müəssisə islahatı kimi əsas islahat sahələrində dinamikasına dəstək verir və onu gücləndirir".

AİB-in Gürcüstanın enerji sektoruna dəstəyindən danışan Daimi Nümayəndə qeyd edib ki, ölkənin yaşıl və bərpa olunan enerji potensialı ekoloji dayanıqlıq və iqlim dəyişikliyinin təsirinin azaldılması üçün mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, AİB dəstəyi ilə su təchizatı və bərpa olunan enerji holdinq şirkəti olan "Georgia Global Utilities" 2020-ci ildə Tbilisidə və yaxınlıqdakı bələdiyyələrdə su təchizatını genişləndirə, eləcə də bərpa olunan enerji və suyun tənzimlənməsinə əvvəlki investisiyalar üçün borcları yenidən maliyyələşdirə bilib.

O, həmçinin 2021-ci ildə Gürcüstanın elektrik enerjisinin ötürülməsi sektorunun transformasiyasına kömək etmək üçün AİB tərəfindən verilən 100 milyon dollar krediti qeyd edib:

"Bu kredit Gürcüstanın ixrac potensialını və elektrik enerjisi bazarının liberallaşdırılması islahatlarını ölkədə ilk enerji mübadiləsinin planlaşdırılan yaradılması yolu ilə inkişaf etdirmək məqsədi daşıyır ki, bu təşəbbüs beynəlxalq təcrübəyə uyğundur".

Daimi Nümayəndə əlavə edib ki, AİB struktur islahatlarının həyata keçirilməsində Gürcüstana dəstəyi davam etdirəcək, həmçinin 2022-ci ildə bir neçə yeni proqram təqdim edəcək.

Onun sözlərinə görə, AİB e-mobillik sahəsində innovativ yanaşmaları, Gürcüstanda daha dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat üçün hidrogen texnologiyalarından istifadəni dəstəkləməyə davam edəcək:

"Gürcüstanda AİB-in yeni strateji təşəbbüsləri ən vacib infrastruktur, idarəetmə və dövlət sektoru islahatları və insan kapitalının inkişafının dəstəklənməsi üçün yönəldiləcək".

Daimi nümayəndənin sözlərinə görə, bu il AİB-in Gürcüstandakı təşəbbüslərindən biri iqlim şəraiti nəzərə alınmaqla kənd təsərrüfatının və irriqasiyanın inkişafı ilə bağlı olacaq:

"AİB investisiyaları yeni texnologiyaların, özəl sektorun dəstəklənməsinə və dayanıqlı nəqliyyatın şəhər mühitinə inteqrasiyasına yönələcək. İqlim dəyişikliyi ilə mübarizədə hökumətə bilik və maliyyə yardımı göstərməklə dəstək olmaq bizim əsas prioritetlərimizdən olacaq".

"Biz peşə təhsili və təlimi sahəsində də Gürcüstan hökuməti ilə birgə çalışırıq. AİB müasir ümumi təhsil vasitəsilə bacarıqların inkişafına və əmək bazarının məhsuldarlığına dəstək verəcək", - deyə Ş.Rosental əlavə edib.

"AİB-nin əsas prioriteti Gürcüstanda əsas ticarət və nəqliyyat dəhlizlərinin çatışmayan hissələrinin yaradılmasını başa çatdırmaqdır. Bu, Gürcüstana regional ticarət, nəqliyyat, logistika və tranzit qovşağı, o cümlədən ticarət və logistika göstəricilərinin yaxşılaşdırılması hesabına kimi coğrafi mövqeyindən faydalanmağa kömək edəcək", - deyə daimi nümayəndə bildirib.

Onun sözlərinə görə, AİB nəqliyyat və kommunikasiya, su təchizatı və kanalizasiya sahələrində, eləcə də Gürcüstanın enerji sektorunda islahatları dəstəkləməyə davam edəcək.