Azərbaycan ədəbiyyatında baburşünaslıq - Mətn Ədəbiyyat

Azərbaycan ədəbiyyatında baburşünaslıq - Mətn

Kulis.az Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin böyük elmi işçisi,filologiya üzrə fəlsəfə doktoru,dosent Bəxtiyar Qibləli oğlu Məmmədovun Zəhirəddin Məhəmməd Babur yaradıcılığına həsr olunmuş beynəlxalq simpoziumdakı (Özbəkistan Respublikası,Əndican şəhəri,30 iyul 2022) çıxışının mətnini təqdim edir.

MƏTN

Əziz qonaqlar! Hörmətli simpozium iştirakçıları!

XX əsrin böyük mütəfəkkiri və görkəmli dövlət xadimi Cəvahirləl Nehrunun təbiri ilə desək, “İntibah dövrünün tipik hökmdarı” (Nehru C.Ümumdünya tarixinə nəzər,Bakı,2006,s.344) Zəhirəddin Məhəmməd Babur şəxsiyyəti və yaradıcılığı da eynən İmadəddin Nəsimi,Əlişir Nəvai,Məhəmməd Füzuli,Babarəhim Məşrəb,Mirzə Ələkbər Sabir,Abdulla Qədiri,Cəlil Məmmədquluzadə,Əbdülhəmid Çolpan,Hüseyn Cavid,Əbdürauf Fitrət irsi kimi Azərbaycan və özbək xalqlarının qürur və iftixar mənbəyi olmaqla bərabər,çoxəsrlik ədəbi-mədəni əlaqələrimizin ən parlaq səhifələrindən birini təşkil edir.

Bu əlaqələrin hazırda özünün ən yüksək mərhələsinə daxil olduğu danılmaz bir həqiqətdir.Həmin mərhələnin əlamətdar və qürurverici faktları kimi Azərbaycan Respublikasının Prezidenti,möhtərəm cənab İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti ,möhtərəm cənab Şövkət Mirziyayevlə son görüşləri zamanı bir çox sahələrdə imzalanan və ikitərəfli əlaqələrimizin inkişafına yol açan çoxsaylı rəsmi sənədlərin əhəmiyyətini burada xüsusilə vurğulamaq lazımdır.

Sevindirici haldır ki,ədəbi-mədəni əlaqələrimizin çiçəklənməsində böyük rol oynayan hökumət təşkilatları ilə yanaşı, hər iki tərəfdən qeyri-hökumət təşkilatlarının da özünəməxsus mövqeyi vardır.Bu mənada, xüsusən, Azərbaycanda məşhur ”Heydər Əliyev Fondu”nun, Özbəkistanda isə beynəlxalq “Babur” fondunun çoxillik qızğın və səmərəli fəaliyyətini xatırlatmaq yerinə düşərdi.

1

Yeri gəlmişkən,bu toplantının da beynəlxalq “Babur” fondunun qurucusu və hal-hazırdakı sədri ,möhtərəm ustad Zakircan damlə Məşrəbovun əlamətdar 90 illik yubiley təntənələri ilə üst-üstə düşməsi hamımıza sonsuz qürur və böyük məmnuniyyət bəxş edir.

“Babur” fondunun xətti ilə Zakircan damlə Məşrəbovun əsl ziyalılıq,fədakarlıq və vətənpərvərlik nümunələri sayılan böyük xidmətləri,Əndicanda Baburun rəmzi məzarını da əhatə edən abidə məcmuəsinin yaradılması,Babur irsinin dərindən öyrənilməsi və geniş təbliğ olunması, eləcə də, Mövlana Lütfi,Əlişir Nəvai,Kəmaləddin Behzad kimi ulu babalarımızın adı ilə bağlı müqəddəs məskənləri abadlaşdırmaq və əbədiləşdirmək yolundakı çoxillik səmərəli fəaliyyəti,bir sözlə deməli olsaq,yalnız və yalnız təzimə layiqdir!

İcazə verin,bu əlamətdar gündə ustad baburşünası bütün Azərbaycan ədəbiyyatşünasları və ziyalıları adından mübarək yubiley münasibəti ilə bir daha ürəkdən təbrik edim,möhtərəm damləyə möhkəm cansağlığı və uzun ömür,siz əzizlərə isə 2032-2033-cü illərdə böyük ustadın öz iştirakı və öz rəhbərliyi ilə əvvəl Zakircan damlə Məşrəbovun 100 illiyini,ardınca da Zəhirəddin Məhəmməd Baburun 550 illiyini qürurla qeyd etməyi arzulayım!

Hörmətli həmkarlar!

Zəhirəddin Məhəmməd Babur Əlişir Nəvaidən sonra özbək ədəbiyyatını dünya mədəniyyəti səhnəsinə çıxaran ikinci dahi sənətkar olduğu üçün də,hər bir türkdilli ölkədə və ədəbi mühitdə olduğu kimi,Azərbaycanda da Babur şəxsiyyətinə və yaradıcılığına hər zaman ciddi maraq göstərilib.Ancaq bu maraq, təbii ki, Müstəqillik dönəmində, xüsusilə ,son illərdə qazanılan böyük uğurlarla müqayisə oluna bilməz.Belə ki, son zamanlarda,bir tərəfdən, Babur əsərlərinin Azərbaycan dilinə yeni-yeni tərcümələri işıq üzü görübsə,digər tərəfdən, böyük şair və nasir, tarixçi və mütəfəkkir yaradıcılığının ayrı-ayrı sahələrinə dair bir sıra elmi məqalə və tədqiqatlar ərsəyə gəlib.Burada, xüsusilə ,məşhur ”Baburnamə”nin bir-birindən fərqli iki tərcüməsini (Füzuli Bayat və Ramiz Əsgər tərcümələri)və ayrı-ayrı nəşrini,eləcə də, Zəhirəddin Məhəmməd Babur yaradıcılığına həsr olunmuş iki beynəlxalq elmi konfransın çap edilmiş materiallarını vurğulamaq yerinə düşərdi.

2

Sözügedən konfrans materiallarında başqa ölkələrin alimləri ilə yanaşı,İsa Həbibbəyli,Teymur Kərimli, Almaz Ülvi Binnətova, Paşa Kərimov, Akif Azalp, Yaşar Qasımbəyli, Bəsirə Əzizəliyeva, Bəxtiyar Məmmədov, Gülbəniz Babayeva kimi Azərbaycan ədəbiyyatşünaslığının müxtəlif nəslinə mənsub tanınmış nümayəndələrinin araşdırma və çıxışları çağdaş baburşünaslığa layiqli töhfə sayıla bilər.Xüsusən, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, beynəlxalq “Babur” fondunun Bakı bölməsinin rəhbəri Almaz Ülvi Binnətovanın “Baburnamə”nin Bakı əlyazmasını nüsxəsini elmi dövriyyəyə gətirməsi və həmin nüsxənin görkəmli yapon baburşünası Eiji Manonun diqqətini yaxından cəlb etməsi baburşünaslıqda son illərin əlamətdar hadisələrindən biri kimi nəzərə çarpmaqda (Almaz Ülvi Binnətova. “Baburnamə”nin Bakı əlyazması nüsxəsinin təsviri və “Baburnamə”də Əlişir Nəvai haqqında,-“Zəhirəddin Məhəmməd Babur və Azərbaycan”, Bakı,2022,s.16-28).

Bütün bu yuxarıda vurğulanan fakt və dəlillər isə təxminən bir əsrlik zəngin təcrübə və ənənələrə malik olan Azərbaycan nəvaişünaslığından sonra Azərbaycan baburşünaslığının da artıq yeni elm sahəsi kimi formalaşmağa başladığını göstərməkdədir və onun gələcəyinə böyük ümid doğurmaqdadır.

Çağdaş Azərbaycan,özbək və dünya baburşünaslığının yaxın və uzaq gələcəyindən söz gedəndə biri-birindən mühüm iki vacib vəzifə üzərində qısaca dayanmaq lazım gəlir. Bunlardan birincisi daha çox özbək və Azərbaycan ədəbiyyatşünasları və tarixçilərinin öhdəsinə düşən Baburilər və Səfəvilər dövlətləri və sülalələrinin çoxtərəfli əlaqələri məsələsidir. Fikrimizcə, bütün ziddiyyətli və mürəkkəb məqamlarına baxmayaraq, bu mühüm məsələnin möhtəşəm “Baburnamə” başda olmaqla, başqa mötəbər tarixi mənbələr və ədəbi qaynaqlar əsasında dərindən araşdırılması, heç şübhəsiz, Azərbaycan-özbək ədəbi-mədəni, tarixi-diplomatik, hərbi-siyasi,ictimai-iqtisadi əlaqələrinin yeni-yeni səhifələrinə işıq salacaq və qardaşlığımızın yeni qürurverici faktlarını üzə çıxaracaq.

Zəhirəddin Məhəmməd Baburun bütün əsərləri öz janrı və mövzularının tələbləri baxımından gözəldir, ancaq onun şah əsərinin “Baburnamə” olduğu da ,yəqin ki, hal-hazırda heç kimdə şübhə doğurmaz.

3

Ən əvvəla, ona görə ki, “Baburnamə” əsrlər ərzində öz müəllifinin adını təkcə dünya nəsrinin deyil, həm də tarix,coğrafiya,etnoqrafiya,təbiətşünaslıq və sair kimi bir çox elmlərin ən mötəbər qaynaqları sırasına həkk eləmiş ensiklopedik mənbə və unikal abidədir.Odur ki, yuxarıda vurğuladığımız ikinci mühüm məsələ “Baburnamə”nin arzu olunan tam və mükəmməl elmi-tənqidi mətninin hazırlanması vəzifəsidir.Fikrimizcə , bu son dərəcə çətin və məsuliyyətli vəzifənin uğurla həyata keçirilməsi üçün əsərin bütün əlyazma nüsxələri ilə (Kazan,Heydərabad,Bakı və s.) birlikdə, özbək baburşünasları başda olmaqla,başqa ölkələrin də (xüsusən,”Baburnamə”dəki hadisələrin cərəyan etdiyi ölkələrin) təcrübəli mətnşünaslarının cəlb olunması daha məqsədəuyğun olardı.Çünki yalnız bu halda “Baburnamə”nin müxtəlif nəşrlərində və onlardan qaynaqlandığı üçün müxtəlif dillərə,o cümlədən, Azərbaycan dilinə tərcümələrində əks edən və əsərin tam orijinalına və öz müəllifinə heç bir aidiyyəti olmayan fərqlilikləri ,xüsusən, şəxs və yer adlarının yazılışındakı təfavütləri ortaq və doğru-düzgün bir məxrəcə gətirmək mümkündür.

Əziz dostlar!

Zəhirəddin Məhəmməd Baburun özbək xalqı və özbək mədəniyyəti qarşısındakı saysız-hesabsız xidmətlərindən biri də özü doğulub boya-başa çatdığı bu gözəl və doğma Əndican torpağının adını bütün dünya tarixinə altın hərflərlə həkk eləməsi olmuşdur.Odur ki, çıxışımın sonunda ,icazənizlə, bu müqəddəs Əndican torpağını və bütün əndicanlıları dahi babamızın şahanə bir beyti ilə bir daha ürəkdən salamlayıram:

Nə yerdə bolsan,ey gül, səndədir canı Baburun,

Qəribinə tərəhhüm eyləgil kim, Əndicanidir!

Diqqətiniz üçün çox sağ olun!