Xurşidbanu Natəvana həsr olunan kitabın təqdimatı keçirilib Ədəbiyyat

Xurşidbanu Natəvana həsr olunan kitabın təqdimatı keçirilib

Bərdə rayon Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş, müəllifləri millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli olan “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitablarının təqdimatı keçirilib.

Təqdimatda şəhid ailələri, qazilər, regional idarə üzrə Bərdə, Tərtər, Yevlax rayonlarından, o cümlədən Mingəçevir şəhərindən olan mədəniyyət işçiləri, Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyeva, Asan könüllülər, millət vəkili Qənirə Paşayeva, millət vəkili Fatma Yıldırım, “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar, Türkiyədəki “Əhməd Yəsəvi Dərnəyi”nin rəhbəri Fatma Sönməz, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin könüllüləri, Bərdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, tədbirə dəvət olunmuş fəxri qonaqlar iştirak edib.
Tədbir başlamazdan öncə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad etmək məqsədilə Bərdə rayonunda yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarı önünə gül dəstələri düzülüb.
Tədbiri Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova açaraq tədbir iştirakçılarını salamlayıb, XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim Xurşidbanu Natəvanın zəngin bədii yaradıcılığından bəhs edib.
Sonra millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli tərəfindən “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabı iştirakçılara təqdim olunub.
Vurğulanıb ki, təqdim olunan kitabın Azərbaycanda ilk təqdimatı məhz Bərdə Regional Mədəniyyət idarəsində keçirilir. Kitab bir tərəfdən də Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə kimi görkəmli Azərbaycan şairələrinin yaradıcılığına verilən qiymətdir və bu tarixi simaların tarixi şəxsiyyət kimi ucalığını tərənnüm edir.
“Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabında şairələrin bioqrafiyaları və dünya görüşləri, eləcə də poeziya yaradıcılıqlarından nümunələr əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalamışdır.
Cavid