“Oğuz kağan“ dastanı möhtəşəm bir abidədir Ədəbiyyat

“Oğuz kağan“ dastanı möhtəşəm bir abidədir

3-cü yazı

B.Ögeldən fərqli olaraq, ondan da bir çox illər əvvəl, Ay kağanı Oğuzun anası kimi qəbul edən tanınmış türkoloq A.N.Bernştam tədqiqatçılar arasında ilk dəfə Oğuz kağanın anasının kişi hökmdar titulu daşımasının səbəbini bir sıra yazılarında araşdırıb. Qadının kişi titulu daşıması barəsində fikir bildirən A.N.Bernştam, bunun səbəbinin dastanın formalaşdığı cəmiyyətdə anaxaqanlığın ataxaqanlıqla əvəzlənməsinin təzahürü olduğunu göstərib: "Oğuzun anası da maraqlı Ay kağan titulunu daşıyır. Mənim təsəvvürümə görə, bu titulda İştar obrazı gizlənir. Ay kağan ti analıq soyundan atalıq soyuna keçid öz əksini tapmışdır, çünki ana – qadın qağan – kişi titulu daşıyır". Göründüyü kimi, A.N.Bernştam dastanda Oğuz kağanın anasının "kağan" kişi hökmdar titulu daşımasının səbəbini dastanın formalaşdığı cəmiyyətdəki siyasi idarəetmənin əlaməti hesab edərək, anaxaqanlığının (matriarxatlığın) – ataxaqanlığa (patriarxatlığa) keçid prosesinin izinin qaldığı kimi izah etməyə çalışıb. Burada türklərin ən qədim mifoloji dünyagörüşü ilə bağlı adətlərin də öz əksini tapdığını diqqətə çəkən A.N.Bernştam göstərirdi ki, "Hər halda Ay kağan tipi türklərdəki ev ocağının hamisi, qədim türk cəmiyyəti üçün və yaxın keçmişdəki türk tayfaları üçün dərin iz buraxmış Umayla sıx əlaqədə durur". A.N.Bernştamın Ay kağanın timsalında Humay ilahəsinin təsvir olunduğunu söyləməsi diqqətə layiqdir. Onun fikrinə görə, qədim türk runik yazılarından Altın göl abidəsinin üçüncü sətrində Humayın adıçəkilən yazı qədim türk cəmiyyətində ibtidai institutların qalıqlarının olduğunu təsdiq edir. Altın göl yazısında kişinin Umay qadın adı daşıdığı öz əksini tapıb: "Bu atımız Umay bəg biz, biz uya alp er... – Bizim bu adımız Umay bəydir, biz nəslən alp ərik".
A.N.Bernştama görə, bu hələ də analıq soyunun təsəvvürlərinin güclü olduğunu göstərir. Soyun ulubabasının kişi olmasına baxmayaraq, o, soyun qədim qadın himayədarı Umayla assosasiya olunur. Bununla əlaqədar "Oğuz kağan dastanı"nda Oğuz kağanın anasının kağan kişi titulu daşımasına yenidən diqqəti çəkən A.N.Bernştam yazır: "Qadın adını kişi titulu ilə birləşdirən titul, analıq soyundan atalıq [soyuna] keçid münasibətinin ifadəsidir, atalıq münasibətinin nümayəndəsi isə Oğuz kağandır. Burada Umay bəy titulunda da eyni hadisədir, amma əks qaydada. Kişi elə bir titul daşıyır ki, onun bəy kişi titulu qadın Umay [titulu] ilə birləşib. Bu ona görə baş verir ki, soyun ulubabası məhfumu, hətta atalıq [soyununku] olsun, analıq soyu qalığının yaşaması gücünə, bu təsəvvürün hesabına analıq soyu kultu Umayı özünə birləşdirir. Bununla da onun ulubaba kimi mənası göstərilir". A.N.Bernştamın fikirlərinə münasibət bildirən professor S.Əliyarova görə, dastanda qadının "kağan" kişi hökmdar titulu daşıması onu göstərir ki, həmin cəmiyyətin "sosial - siyasi xəritəsində həmin ibtidai institutun ünsürləri çox güclü olub və dastan bu ünsürlərin tarixi çalarlarını qoruyub saxlamaqdadır. Lakin dastanın formalaşdığı cəmiyyətdə və adıçəkilən yazıda bəhs edilən türk cəmiyyətində anaxaqanlığın izlərinə rast gəlinməməsi alimlərin fikirlərinin səhv olduğunu göstərir. B.Ögel həmin əsərində ayrılıqda Ay kağanın adındakı "kağan" tərkibinin yaranma səbəbindən danışmasa da, ümumiyyətlə, Ay kağan adının yaranması barədə maraqlı bir fikir irəli sürüb. O, qərb türklərində Oğuz kağanın atasının adının Kara xan // Qara xan olduğunu göstərərək, onun adının sonrakı dövrlərdə mani dinini qəbul etmiş uyğurlar tərəfindən bu dinin təsiri ilə Ay kağan şəklində dəyişdirilərək dastana salındığını bildirib. Son illər görkəmli alim Y.A.Zuyev də dastanın manixeizmi qəbul etmiş uyğur türklərinin dastanı olduğu qənaətinə gəlib. Dinlərinin manixeizm olduğu uyğur kağanatlığının (745-840) əsasını 745-ci ildə Arslan-erkin və yağlakar soyundan olan Sılıq-boyla qoyublar. Dövlətin idarəçiliyi kağan – katun fraksiyaları tərəfindən həyata keçirilirdi. Hakimiyyətdə olan kağan fraksiyasını yağlakar soyundan olanlar, katun fraksiyasını isə edizlər təmsil etmişlər. 745-ci ildən 795-ci ilə qədər kağan titulunu yağlakar soyundan olanlar daşıyıblar. 795-ci ildə yağlakar sülaləsinin hakimiyyətinə son qoyulub və katun fraksiyasını təmsil edən Kutluq hakimiyyətə gəlib. Beləliklə, hakimiyyətdə ənənəvi idarəetmə dəyişilmiş və kağan fraksiyasının yerini katun fraksiyasının təmsilçiləri tutmuşlar ki, bu da türk cəmiyyəti üçün anormal hal hesab edilir. Y.A.Zuyevin fikrincə, "Oğuz kağan dastanı"nda məhz bu hadisə öz əksini tapmışdır. Dastanı hakimiyyətə gəlmiş arslan-edizlərin dastanının bir versiyası hesab edən müəllif yazır: "Mövcudiyyətinin birinci ilindən edizlərin aşkar üstünlüyündə qarşılıqlı olaraq nikahda olan iki konsorsini – yağlakar və arslan-ediz, kağan və katun kimi endokam koalisiyanı təmsil edən dövlətin başında yağlakar sülaləsi olmuşdur.Yağlakarların bayrağı altında kagan funksiyasını arslan-edizlərin katun fraksiyası yerinə yetirdi. Bu vəziyyət "Oğuznamə"nin arslan-uyğur versiyasında öz əksini tapıb. Səcdəgah üçün manixeizmdə qərarlaşdırıldığı kimi, Oğuzun gələcəkdə uyğur hakimiyyətinin yaratmasında kişilər iştirak etmirlər". Y.A.Zuyevin bu fikri dolayısı ilə A.N.Bernştamın fikrinin təsdiqidir. Lakin, alimin özünün əsaslandığı nümunədən də görünür ki, katun fraksiyasını təmsil edən arslan-edizlərin hakimiyyətə gəlmələri heç də qadınların hakimiyyətə gəlişi deyil. Hakimiyyəti Kutluqun başçılığı ilə kişilər həyata keçirirdilər.

İsmixan Osmanlı
filologiya üzrə fəlsəfə doktoru