Prezident İlham Əliyev: İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim nəzarətimdədir Siyasət

Prezident İlham Əliyev: İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim nəzarətimdədir

İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim nəzarətimdədir.

Bunu Prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Hamımız yaxşı bilirik ki, Bakının təməli məhz İçərişəhərdə qoyulubdur və qədim dövrlərdə Qala divarlarının kənarında heç bir tikili yox idi. Bu gün də İçərişəhərdə insanlar yaşayır və onların rahatlığı üçün əlbəttə ki, böyük işlər görülür və görüləcəkdir. Eyni zamanda, bir daha demək istəyirəm ki, İçərişəhər həm Bakı sakinləri, həm bütün Azərbaycan vətəndaşları, xarici qonaqlar üçün çox cəlbedici yerdir və məhz buna görə İçərişəhərə hər gün böyük axın var. Bütün bunları nəzərə alaraq işlər elə qurulmalıdır ki, orada yaşayan insanlar əziyyət çəkməsinlər, eyni zamanda, turistlər, qonaqlar üçün də lazımi şərait yaradılsın. Son illər ərzində bu istiqamətdə böyük işlər görülübdür. İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim nəzarətimdədir və əminəm ki, sizin rəhbərliyinizlə İdarə qarşıda duran yeni vəzifələri uğurla icra edəcək. İçərişəhər əbədi yaşayacaq və yaşamalıdır. Biz də, bizdən sonra gələn nəsillər də haqlı olaraq İçərişəhərlə fəxr edəcəklər".