“O, Qarabağdan çıxarılmalıdır” Siyasət

“O, Qarabağdan çıxarılmalıdır”

Qabil Hüseyunli: "Bütün bunların hamısı yolverilməzdir"

"Rusiyanın milyonerlərindən biri, ölkənin ən qeyri-adi sahibkarı, məşhur fermer German Sterliqovun ailəsi ilə birlikdə Rusiyadan Qarabağa köçməsi o ölkənin insanlarına məxsus olan eksponsionist təfəkkürün bir formasıdır".
Bunu politoloq Qabil Hüseynli deyib. O hesab edir ki, German Sterliqovun açıqlamalarından onun Qarabağa müəyyən dairələrin təhriki ilə gəldiyi görünür. "Düzdür o özü izah edir ki, Putin rejimi ilə müəyyən problemləri olub. Guya onu öldürmək istəyiblər və ailəsi üçün təhlükə var. Amma eyni zamanda qazanc, biznes sahəsində maraqlı fikirlər söyləyir. "Qarabağ mən fikirləşdim ki, təmiz meyvələr, içkilər, araq üçün ən yaxşı yerdir və mən burada istehsal edib Rusiyaya göndərəndə onlar ağızlarını silə-silə bunlardan istifadə edəcəklər" deyir. Belə görünür ki, bu adam biznes adı ilə, müəyyən dairələrin təhriki ilə Qarabağa gəlib". Q.Hüseynlinin sözlərinə görə, son zamanlar Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın hərəkətlərini German Sterliqovun hərəkətləri ilə müqayisə etsək görərik ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın de-yure tanınması istiqamətində beynəlxalq səylər var. "Tutaq ki, bu səylərə dövlətlər səviyyəsində ABŞ, Fransa, Böyük Britaniya qoşulursa, Rusiya bu məsələlərlə ayrı-ayrı şəxsiyyətlər səviyyəsində qoşulur. Bununla da çox təhlükəli tendensiya əmələ gəlir".
Politoloq hesab edir ki, Azərbaycan nəyin bahasına olursa olsun, həmin şəxsi Qarabağdan çıxarmalıdır:"Rusiya vətəndaşının Azərbaycan dövlətinin icazəsi olmadan Azərbaycan torpağında yaşaması və biznes fəaliyyəti ilə məşğul olması, geniş torpaq sahələrini icarəyə götürməsi - bütün bunların hamısı yolverilməzdir".
German Sterliqov bu yaxınlarda ailəsi ilə birlikdə Rusiyadan Qarabağa köçüb. O, həyat yoldaşı və 5 övladı ilə birlikdə Azərbaycanın işğal altındakı torpaqlarında təsərrüfat işləri ilə məşğul olmağa başlayıb.