"Ölkə başçısının Tərtərdə qeyd etdiyi bir sıra məqamlar olduqca vacibdir" - Turan Rzayev Siyasət

"Ölkə başçısının Tərtərdə qeyd etdiyi bir sıra məqamlar olduqca vacibdir" - Turan Rzayev

"Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı ilə əlaqədar Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfər edib.
Prezidentin ailə üzvləri ilə birlikdə bayram və özəl günlərdə işğaldan azad edilən torpaqlara səfər etməsi artıq bir ənənə halını alıb". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, bu səfərlər əsnasında prezidentin verdiyi mesajlar diqqət çəkir: "Hesab edirəm ölkə başçısının Tərtər səfəri və bayram təbriki əsnasında qeyd etdiyi bir sıra məqamlar olduqca vacibdir.
Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Təbrik zamanı prezidentin Ermənistana ünvanladığı bir sıra mesajlar diqqət çəkib.
Ölkə başçısı qeyd edib ki, “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”. Hesab edirəm prezidentin bu sözləri faktiki olaraq Ermənistan və Azrbaycanın Qarabağa baxış bucağındakı kəskin fərqi büruzə verir. Məsələ ondadır ki, Azərbaycan regionda sülhün təmin edilməsinə yönələn addımlar atsa da Ermənistan vaxtaşırı təxribatlar törədilir. Başda Zəngəzur dəhlizinin açılması olmaqla, üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Təsadüfü deyil ki, 44 günlük müharibədən lazımi dərs çıxarmayan Ermənistan bu gün işğaldan azad edilən Qarabağa hələ də haqq iddia edir. Azərbaycanın Şuşa şəhərində keçirilmiş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı Ermənistan XİN-in etiraz bildirməsi də bunu sübut edir.
Digər tərəfdən, 27 illik işğal prosesi zamanı ermənilər tarixi torpaqlarımızı sözün əsl mənasında istismar edib bu da azmış kimi, Cıdır düzündə kef məclisləri təşkil edirək yallı belə gedib. Əslində bu illər ərzində Ermənistanın heç bir quruculuq və məskunlaşdırma işi aparmamasının pərdəarxasında işğalçılıq və torpaqların ona məxsus olmadığı düşüncəsinin hakim olması dayanır. Yəni rəsmi İrəvan işğal etdiyi torpaqların gec-tez öz sahibi tərəfindən ələ keçiriləcəyini bildiyi üçün bu illər ərzində Qarabağda bir daşı daş üstə qoymayıb. Bu Ermənistanın tarixi torpağımıza etdiyi Qarabağ yanaşmasıdır".
Onun fikrincə, Prezident İlham Əliyev isə az qala Qarabağa hər səfəri zamanı yeni açılışlar edir, burada aparılan quruculuq işləri ilə tanış olur: "Hesab edirəm prezidentin “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq” deyərək həm Ermənistan bu və ya başqa ərazi iddialarının əsassız olduğu, həm də Ermənistandan fərqli olaraq Azərbaycanın Qarabağı yenidən bərpa edərək burada əbədi yaşayacağı mesajını vermiş oldu.
Prezident çıxışı zamanı həm də onu qeyd edib ki, “Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır”. Prezidentin bu ifadəsi əslində onun bir öncəki ifadəsini təsdiqləyir. Yəni Azərbayan Ermənistandan fərqli olaraq yad torpaqlarda deyil, öz torpaqlarında quruculuq işləri və abadlıq işləri görərək böyük qayıdış siyasətini tezləşdirir. Vətəndaşların öz tarixi torpaqlarına qayıtması isə ölkə başçısının dediyi kimi, Qarabağa və Şərqi Zəngəzura əbədi qayıdışımızı təmin edəcək".
T. Rzayev qeyd edib ki, Prezident İlham Əliyev Suqovuşana səfəri çərçivəsində Qarabağ ətrafında başladılan münaqişənin tarixinə də toxunub: "Misal üçün ölkə başçısı qeyd edib ki, “Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır”.
Təəssüf ki, Qarabağ ətrafında yaradılan münaqişənin tarixi bir əsr öncəyə qədər gedib çıxır. 1923-cü ildə Azərbaycan xalqının iradəsi olmadan Qarabağda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bunu da deyim ki, bu ərazidə belə bir vilayət yaratmaq üçün nə bir etnik əsas ardı, nə də mədəni. Əsli ondadır ki, adətən bu tip addımlar tarixən bir ərazidə yaşayan etnik ünsürlər və onların mədəniyyətini qorumaq üçün atılır. Lakin ermənilər Qarabağa gəlmə yad etnosdur. Əsrlər rboyu türk yurdu olan Qarabağın erməniləşdirmə səyləri 19-cu əsrdən başlamış 20-ci əsrin sonuna qədər davam etmişdir. 1923-cü ildə atılan bu “addım” isə hesab edirəm Qarabağın erməniləşdirilməsi istiqamətində atılan ən ciddi addımdır. Azərbaycan xalqının siyasi iradəsi nəzərə alınmadan atılan bu addım 44 günlük müharibə ilə məhv edildi. Hesab edirəm prezidentin bu məsələni dilə gətirməsinin əsas səbəbi onun Qarabağda heç bir muxtariyyətdən söhbət belə gedə bilməz ifadələrini təsdiqləyir. Bu günü Ermənistan tərəfi hələ də ümid edir ki, Qarabağda erməni xalqına qarşı azıdan mədəni muxtariyyət veriləcək. Prezidentin bu ifadəsi isə ilk növbədə belə bir şeyin heç vaxt baş tutmayacağını göstərir".

Əli