“Emin Millinin siyasi trayektoriyası mənim baxışlarıma görə ziddiyyətlidir” Siyasət

“Emin Millinin siyasi trayektoriyası mənim baxışlarıma görə ziddiyyətlidir”

Əli Əliyev: "Ölkənin faydasına xidmət etmir"

"Emin Millinin siyasi trayektoriyası mənim baxışlarıma görə ziddiyyətlidir. Ölkənin faydasına xidmət etmir". Bunu Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Meydan TV-nin direktoru Emin Millinin qohumlarının ondan imtina edərək prezidentə yazılı bəyanat göndərmələrinə münasibət bildirərkən deyib. O qeyd edib ki, belə hallar, qohumların bəyanatları, proseslərdə iştirak siyasi mübarizənin tərkib hissəsi olmamalıdır: "Ancaq bəzi hallarda onlar bunu etməyə məcbur olurlar. Azərbaycanda bu cür ovqatı dəyişmək lazımdır. Ona görə ki, düşmənçilik müstəvisində rəqabət müstəvisinə qalxmaq lazımdır. Siyasi davranışımızda bunu təbliğ etməyə çalışırıq. Ölkənin siyasi problemlərini danışıqlar yolu ilə, ədalət yolu ilə həll etmək istəyirik. Ona görə də, belə hallardan yalnız təəssüflənə bilərik. Belə halların ortaya çıxması həm də bizim təbliğ etdiyimiz siyasi xəttin haqlı olduğunu göstərir. Siyasi mübarizədə isə qohumlar deyil, siyasi rəqiblər ola bilər".
O qeyd edib ki, siyasi mübarizənin ailələrə sirayət etməsi bütövlükdə Azərbaycan təfəkkürünə uyğun hal deyil: "Siyasi mübarizə elə aparılmalıdır ki, gələcəkdə ailə üzvləri onun acısını çəkməsinlər, qohumlar onun zərbəsini almasınlar. Siyasi mübarizəni prinsiplər üzərində qurmaq lazımdır. Bu hal sadəcə təəssüfvericidir".