Tutduğu yola, əqidəsinə sadiq qalan 31 yaşlı “İki sahil”ə oxucu məhəbbəti böyükdür Siyasət

Tutduğu yola, əqidəsinə sadiq qalan 31 yaşlı “İki sahil”ə oxucu məhəbbəti böyükdür

"İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin müsahibəsi

- Vüqar müəllim, iyulun 10-da rəhbərlik etdiyiniz "İki sahil” qəzetinin 31 yaşı tamam olur. Sizcə, ötən 31 il ölkənin çoxsaylı mətbu orqanları arasında özünəməxsus yeri olan qəzetinizin fəaliyyətində hansı məqamlarla yadda qalıb? Ümumilikdə “İki sahil”in dünəninə baxış, qarşıdakı hədəflərini müəyyənləşdirməkdə mənbə rolunu oynayan qəzetin 31 yaşını hansı əhval-ruhiyyə ilə qeyd edirsiniz?

- El arasında belə bir deyim var ki, arxada qalan hər gün bir hesabatdır. Çalışmaq lazımdır ki, bu hesabatı təqdim edərkən insanların ovqatına xoş təsir edən fəaliyyət ortaya qoya biləsən. Ümumilikdə “İki sahil”in 31 yaşını hansı əhval-ruhiyyə ilə qeyd etməyimizə gəldikdə isə onu deyə bilərəm ki, hər bir fəaliyyət sahəsində uğurlu başlanğıc, qarşıya qoyulan hədəfə çatmaq istiqamətində atılan hər bir inamlı addım növbəti nailiyyətlərə yol açan başlıca foktordur. Bu faktoru eyni ilə rəhbəri olduğum “İki sahil” qəzetinin, necə deyərlər, 31 illik ömür yoluna da şamil edə bilərik.

Mübaliğəsiz demək olar ki, bu gün “İki sahil” ömrünün gənclik illərinin ən mükəmməl dövrünü yaşayır. Ötən 31 il “İki sahil”i daha da təkmilləşdirdi, dövrün, zamanın yeni tələblərini özündə, fəaliyyətində əks etdirməyə çağırışlar etdi və biz də zamanın çağırışlarına layiqincə cavab verən, böyük oxucu sevgisi qazanan, yarandığı gündən tutduğu yola, əqidəsinə sadiqlik nümayiş etdirən bir mətbu orqan olaraq çağdaş Azərbaycanın media məkanında yerimizi, mövqeyimizi möhkəmləndirdik. Təbii ki, bu qənaətə tələbkar oxucularımızın bizim üçün son dərəcə əhəmiyyətli olan rəylərinə əsaslanaraq gəlirik.

Hərdən bugünümüzü dünənimizlə müqayisə edərkən düşünürəm ki, iki il bundan öncə hər bir Azərbaycan vətəndaşı kimi, cəmiyyətin güzgüsü olan hər bir mətbu orqanda, o cümlədən “İki sahil” qəzetinin redaksiyasında çalışan jurnalistlərin də əsas arzusu, istəyi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması idi. Hər bir əlamətdar bayram günlərində, xüsusilə qəzetimizin nəşrə başlamasının ildönümlərində keçilən yolu təhlil edib sonda bu arzunu ifadə edirdik ki, torpaqlarımızın mənfur düşməndən azad edilməsi xəbərinin müjdəçilərindən biri olaq.

Sonsuz sevinc və qürur hissi keçiririk ki, artıq bu arzumuz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, torpaq, Vətən sevgisi sayəsində reallığa çevrilib. Bu gün hər birimizin həyatında, fəaliyyətində tarixi Zəfərimizin rolunu görməmək mümkün deyil. Bu gün tamamilə fərqli bir ab-havanı, ovqatı yaşayırıq. Hər gün oxucularının görüşünə yeniliklərlə, təkmilləşmə ilə gələrək onların informasiya tələbatını ödəməyə çalışan “İki sahil”in səhifələrində yer alan materiallara, analitik yazılara diqqət yetirsək Azərbaycanımızın hazırda yeni quruculuq mərhələsində olduğunu görərik. Zəfərimizin reallıqları hər sahənin inkişafında özünü göstərir. Təbii ki, ictimai fikrin formalaşmasında, həqiqətlərimizin təbliğində əsas missiyanı yerinə yetirən mətbuatın bu yeniliklərdən, təkmilləşmədən kənarda qalması mümkünsüzdür. Qalib Azərbaycanın mətbuatının da qarşısında yeni hədəflər dayanır. “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, burada əksini tapan və yeniliyə çağırış olan hər bir müddəanın uğurlu icrası üçün digər mətbu orqanlar kimi, “İki sahil” də fəaliyyətini Zəfərimizin reallıqlarına uyğun şəkildə gündən-günə təkmilləşdirməkdədir. Artıq qəzetimizi yeni formatda təqdim edirik. Yeni format yeni tələb olmaqla yanaşı, həm də qəzetin hər sayını ərsəyə gətirən, oxuculara zəngin məlumatlar təqdim etmək başlıca amalı olan hər bir əməkdaşımızın, ümumilikdə yaradıcı kollektivin qarşısında duran böyük məsuliyyətdir.

Bu gün “İki sahil”in səhifələrində azad Qarabağda, azad Şərqi Zəngəzurda həyata keçirilən nəhəng infrasturuktur layihələri, görülən quruculuq işləri öz əksini tapır. Qəzetimizin manşetinə çıxarılan xəbərlərə diqqət yetirdikdə Azərbaycanın uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında görülən işlərin, dövlətimizin atdığı Zəfər, tərəqqi ruhlu addımların nəticələrindən sonsuz xoşbəxtlik hissi keçirməmək olmur. İki ilə yaxın dövrdə Qarabağın tacı, Azərbaycanın, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşada ənənəsi bərpa edilən “Xarıbülbül” musiqi festivalının, bu ilin 15 iyununda Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünə həsr olunmuş, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı əsasında keçirilən «Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir» mövzusunda beynəlxalq konfrasın iştirakçısı olmuşam. Həmçinin ötən ay siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, media nümayəndələrinin iştirakı ilə Zəngilan rayonunda olduq. Azad Qarabağımızda, azad Şuşamızda, azad Zəngəzurumuzda olmaq, bu səfərlərdən alınan zəngin təəssüratları oxucularla bölüşmək böyük xoşbəxtlik olmaqla yanaşı, həm də bu ovqatın, qürurun daha təkmil çağırışlara yol açmasına böyük stimuldur. Ötən il 30 illik həsrətdən sonra ilk “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya səfəri çərçivəsində ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın biz jurnalistlərlə səmimi söhbətləri, xatirə şəkli çəkdirmələri heç vaxt yaddan çıxmayacaq xoşbəxt anlardır. Həmin görüşlərin, müzakirələrin iştirakçısı olmaqdan böyük qürur hissi keçirdim. Təbii ki, bu müzakirələr əsasında açıqlanan hədəflərə qəzetimizin öz töhfələrini verməsi üçün son bir ildə səylərimizi daha da artırmışıq.

Bir sözlə, hədəflərə doğru addım-addım irəliləyirik. Ötən 30 yaşımızdan bu günə nəzər salsaq, tarixi Zəfərimizin mühüm reallıqlarından olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin fəal təbliğatçıları sırasında olan “İki sahil”çilərin qəzetin növbəti ad günlərində Böyük Qayıdış sevincini paylaşmalarından qürurla bəhs edəcəklərini əminliklə qeyd edə bilərik. Artıq torpaqlarımızın işğaldan azad edilməsi müjdəçisi olmaqdan Böyük Qayıdış sevincini çatdırmağa doğru irəliləyirik.

Qəzetimizin 31 yaşına gəldikdə isə əvvəldə də qeyd etdiyim kimi, onu deyə bilərəm ki, bu yolu oxucularımızla birgə qət etmişik. Buna görə də bu illərdə nəyi necə etdiyimizi qiymətləndirməyi oxucularımızın ixtiyarına buraxırıq. Dövlətçiliyimizin möhkəmlənməsinə töhfələr vermək, müasir müstəqil Azərbayanımızın daha da qüdrətlənməsinə, tarixi həqiqətlərimizin təbliğinə, diplomatik mübarizədə payımızın olmasına nail olmaq “İki sahil”in daim əsas hədəfi olub. Bu hədəf 31 ildə dəyişməyib. İlk gündən hansı məqsədlə, məramla yola çıxmışıqsa, bundan sonra da eyni yola davam etdirəcəyik. Əqidəyə sadiqlik, dəyişməz yol hər zaman uğurlara yol açır, böyük inam və etimad mühiti formalaşdırır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “İki sahil” qəzetinin fəaliyyətinə verdiyi dəyəri hədəflərimizin əsası, məsuliyyətimizi daha da artırmağa çağırış kimi qəbul edirik: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.” Ümummilli lider Heydər Əliyevin bu xoş sözlərinin ünvanı olan "İki sahil" qəzeti verilən bu dəyərin böyüklüyünü, məsuliyyətini hiss edərək bu gün də fəaliyyətini uğurla davam etdirir.

- Qeyd etdiyiniz kimi, uğurlu başlanğıc, qarşıya qoyulan hədəf növbəti uğurların əsasıdır. “İki sahil” qəzetinin fəaliyyətə başladığı dövrü necə xarakterizə edərdiniz? Bu gün 31 yaşlı “İki sahil” bir yaşlı “İki sahil”dən hansı stimulu alır?

- “İki sahil” dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın uğurlarının bələdçisidir. Bu mühüm məqam qəzetin yarandığı dövrün aydın mənzərəsini təqdim edir. Eyni zamanda, onu da nəzərə alaq ki, “İki sahil” qəzeti yarananda Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. O illərdə ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. Müstəqil mətbuatın yaranmasından, fəaliyyətindən danışmaq böyük qətiyyət, cəsarət tələb edirdi. Senzuranın tüğyan etdiyi bir zamanda “İki sahil” qəzetini böyük çətinliklə yaratdıq. Demək, məqsəd varsa, ona nail olmaq üçün çətinliklərə rəğmən addımlar atıla bilər və biz bu addımı atdıq. Bu gün o illərin yaşantıları fonunda məqsədimizə nail olub 31 illik yol qət etməyimizdən bəhs ediriksə, bu, bizim xoşbəxtliyimizdir. “İki sahil» «Vahid Azərbaycan uğrunda» amalı ilə yola çıxdı. Qəzetin ilk saylarında xalqımızın Araz dərdindən, o taylı, bu taylı soydaşlarımızın problemlərindən ətraflı materiallar dərc olundu və bu yazılar oxucular tərəfindən böyük rəğbətlə qarşılandı. Adı ilə tutduğu yolu, məqsəd və məramını açıqlayan «İki sahil» ölkədə baş verən ictimai-siyasi proseslərə də biganə qalmadı. Bütün çətinliklərə baxmayaraq mətbuatın əsas missiyasını uğurla yerinə yetirdi və fəaliyyətinin ilk günündən başlayaraq geniş oxucu kütləsinin rəğbətini qazandı. Oxucu rəyi, sevgisi hər bir mətbu orqanın fəaliyyətində, yeni axtarışlar sorağına çıxmasında, zəngin informasiyaları təqdim etməsində, bir sözlə, illərin necə gəlib keçməsini belə hiss etməməsində mühüm rol oynayır. Necə ki, “İki sahil” olaraq 31 ilin sürətlə keçdiyini düşünür, uşaqlıq, gənclik dövrü kimi xarakterizə olunan dövrümüzdə əldə etdiyimiz təcrübəni tətbiq etməklə, təkmilləşmələr aparmaqla bu sevgini bu gün daha da artırırıq. Gündəlik maraqlı yazılarla oxucuların görüşünə gəlmək, materialların rəngarəngliyini qorumaq təbii ki, böyük məsuliyyət, axtarış tələb etdiyi kimi, eyni zamanda, şərəflidir.

Dövlətimizin uğurlu siyasəti və bunun nəticəsində əldə olunan nailiyyətlər ölkə ictimaiyyətinə faktlar əsasında çatdırılır, cəmiyyətin informasiya tələbatının ödənilməsinə «İki sahil»in töhfələri günbəgün artır. Bir sözlə, «İki sahil» Azərbaycanın müstəqillik tarixinin hər bir mərhələsinin, dövrünün reallıqlarının güzgüsü ilə yanaşı, carçısı, təbliğatçısıdır. Qəzetimizin www.ikisahil.az elektron versiyası daim yenilənir. «İki sahil TV» İnternet televiziyamız fəaliyyət göstərir. Dəfələrlə qeyd etdiyim kimi, zamanın, dövrün tələbləri dəyişsə də, bu çağırışlara uyğun yeniləşib inkişaf etsək də əqidəmiz, tutduğumuz yola sadiqliyimiz dəyişməzdir. Bir yaşlı “İki sahil” 31 yaşını qeyd edən “İki sahil”ə bu tövsiyəni etmiş və həmin tövsiyələrin nəticələri bugünkü uğurlarımızda əsas rol oynamışdır.

- Vüqar müəllim, məlumdur ki, "İki sahil”in fəaliyyətinin əsas istiqaməti Heydər Əliyev ideyalarının təbliğidir. Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının təsis olunması məqsədilə “91-lər”in Ulu Öndərə müraciətindən bu günədək qəzet partiyanın keçdiyi yolun işıqlandırılmasında, cəmiyyətin avanqard qüvvəsi kimi gördüyü işlərin təbliğində fəal iştirak edir. Bəs “İki sahil” son bir ildə Yeni Azərbaycan Partiyasının Zəfər ruhlu fəaliyyətində hansı yenilikləri oxucularına çatdırmağa nail olub?

- Bu məqamı xüsusi qeyd etmək istərdim ki, ötən il Yeni Azərbaycan Partiyasının Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında dövlət başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin proqram xarakterli çıxışı partiyanın yaranmasından bugünədək keçilən yolun, qarşıdakı hədəflərin təqdimatında əhəmiyyətli rol oynadı. Əvvəldə də qeyd etdiyim kimi, möhtəşəm Qələbəmiz bütün sahələrdə, o cümlədən siyasi sistemdə yeniliklərə yol açdı. Həmin qurultayda partiyanın yeni Nizamnaməsi qəbul olundu, yeni tərkib formalaşdı, yeni qərarlar qəbul olundu. Həmçinin bu reallıqlara söykənərək partiyanın gələcək inkişafına bələdçilik edən yeni Proqramı hazırlandı və təsdiq edildi. Bütün bu proseslərin ətraflı şəkildə ictimaiyyətə çatdırılmasında “İki sahil” yüksək fəallıqla çalışır və bundan şərəf duyur. Bu il partiyamızın həyatında əlamətdar hadisə qeyd ediləcək. Yeni Azərbaycan Partiyası yaranmasından keçən 30 ilik yolun bütün məqamlarını ictimaiyyətlə bölüşəcək. Təbii ki, bu mühüm hadisəni də “İki sahil” böyük ruh yüksəkliyi ilə işıqlandıracaq. Vaxtilə partiyanın yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının Ulu Öndərə "Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini, həmçinin bu müraciətə Ümummilli Liderin “Yeni müstəqil Azərbaycan uğrunda” cavabını ictimaiyyətə çatdıran “İki sahil” bu gün yeni hədəflərə doğru “İlhamla irəli!” çağırışını səsləndirir.

Bir sözlə, 31 illik yol qət edən “İki sahil” ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının bütün təşəbbüslərini, qərarlarını, partiyanın həyatında əhəmiyyətli rol oynayan qurultaylarını, şəhər və rayon təşkilatlarının fəaliyyətini, keçirdikləri silsilə tədbirləri, ən əsası ölkəmizin həyatında əhəmiyyətli rol oynayan seçkilərdə Yeni Azərbaycan Partiyasının hazırlıq mərhələsindən başlamış səsvermə prosesinə qədər fəaliyyətinin bütün məqamlarını geniş şəkildə işıqlandırır, YAP-ın qələbə, ümumxalq, gənclər partiyası kimi nüfuz qazanmasını konkret faktlar əsasında ölkə ictimaiyyətinə çatdırır. “İki sahil” Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu, tarixin sınaqlarından şərəflə çıxaraq cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsini, YAP-a xidmət etməyin xalqa, dövlətə xidmət etmək olduğunu əsaslı şəkildə analitik yazılar, partiyanın yarandığı dövrün şahidlərinin vasitəsilə indiki və gələcək nəsillərə çatdırılmasına səy göstərir. “İki sahil”çilər Azərbaycanın dünəninin, bugününün və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarının təbliğatçıları olmaqdan şərəf duyurlar.

- "İki sahil” qəzetin təsisçisi olan SOCAR-ın gördüyü işləri ictimaiyyətə necə təqdim edir?

- Müasir müstəqil, qalib Azərbaycanın uğurlarında ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolu böyükdür. Ölkəmizin neft sektorunda qazandığı uğurlar qeyri-neft sektorunun inkişafına xidmət edən addımların davamlılığında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Təbii ki, neft strategiyasının uğurlu icrasında SOCAR-ın böyük rolu vardır. “İki sahil” həm qəzetimizin təsisçisi olaraq, həm də dövlət siyasətimizin əsasını təşkil edən sosial-iqtisadi tərəqqiyə verdiyi töhfələrə görə SOCAR-ın fəaliyyətini işıqlandırmaqdan, gördüyü işləri ictimaiyyətə dolğun şəkildə çatdırmaqdan məmnundur. Azərbaycanın dünyaya səs salan tarixi Zəfərində iqtisadi müstəqilliyinin və bu fonda artan siyasi çəkisinin rolunu unutmamalıyıq. Bu gün Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərindən, infrastruktur layihələrinin uğurlu icrasından, Qarabağın tezliklə cənnət məkana çevriləcəyindən, Böyük Qayıdışın ilk addımının atılmasından bəhs ediriksə, bu, Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək bugünümüz üçün möhkəm iqtisadi baza yaratmasının nəticəsidir. 1994-cü ilin 20 sentyabrında tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin, 2017-ci ildə onun davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması, SOCAR-ın neft strategiyasının uğurlu icrasına davamlı töhfələrini verməsi təqdirəlayiqdir. SOCAR dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq dünyanın modern şirkətləri ilə bir sırada dayanır, həyata keçirdiyi investisiya layihələri ilə Azərbaycanın nəinki investisiya cəlb edən, eyni zamanda, investisiya yatıran ölkə imicinə əlavələr edir. Bu gün SOCAR təkcə ölkə deyil, dünya iqtisadiyyatında da böyük təsir gücünə malik olan bir quruma çevrilib. Belə bir modern qurumun fəaliyyətinin təbliğatçısı olaraq, eyni zamanda, Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu, müasir tələblərin yerinə yetirilməsinin yeni texnologiyaların inkişafı ilə sıx bağlılığını təbliğ edirik.

- Vüqar müəllim, müasir tələblərdən söz düşmüşkən, bilmək istərdik ki, “İki sahil”də gənclərin potensial imkanlarından istifadə hansı səviyyədədir?

- Gənclər bizim gələcəyimizdir. Bütün dövrlərdə gənclərin potensial imkanlarından, müasir dünyagörüşlərindən, yeniliyə, təkmilləşməyə daha çox maraq göstərərək ortaya qoyduqları yeni ideyalardan bəhrələnməyə xüsusi diqqət göstərilir. “İki sahil” 1991-ci ildə kiçik bir kollektivlə yola çıxdı. 30 il sıralarını zənginləşdirdi. Hazırda “İki sahil” böyük ailədir. Ailədə böyüklərin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdət yaradılır. Bu isə öz növbəsində fəaliyyətimizdə uğurlara yol açır, internet televiziyasının inkişafında, qəzetin elektron versiyasının təkmilləşməsində, yeniləşməsində, bununla da hər yaşda oxucularımızın, izləyicilərimizin informasiya tələbatını ödəməyimizdə özünü aydın şəkildə büruzə verir. Gənclərimiz “İki sahil”də böyük təcrübə qazanır.

- 31 yaşını qeyd edən “İki sahil”in növbəti ildən gözləntisi nədir? Qəzet 32 yaşına hansı hədəflərlə qədəm qoyur?

- Ölkəmizdə azad mətbuatın inkişafı istiqamətində davamlı addımlar atılır. Mətbuatın inkişaf səviyyəsi dövlətin inkişafının göstəricisidir. “İki sahil” olaraq daim dövlətin bu diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. Bir qrup əməkdaşımızın fəxri adlarla və medallarla təltif olunması ümumilikdə “İki sahil”in fəaliyyətinə verilən yüksək dəyərdir. Dövlət başçısı İlham Əliyevin jurnalistlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamlarına uyğun olaraq tikilib istifadəyə verilən iki binada mənzil alanlar sırasında «İki sahil»in əməkdaşları da vardır. Təbii ki, bu diqqət və qayğı, göstərilən etimad məsuliyyətimizi daha da artırır. Çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmaq, geniş oxucu kütləsini qazanmaq böyük qürurdur, şərəfdir, gələcəyə daha böyük inamla addımlamağa stimuldur. Əvvəldə də qeyd etdiyim kimi, qarşıdakı hədəflərə doğru addım-addım irəliləyirik. Ötən bir il ölkəmizin həyatında tarixi Zəfərimizin reallıqlarının tərkib hissəsi olaraq işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı bir dövr kimi xarakterizə olundu və “İki sahil” bu işləri ardıcıl surətdə ictimaiyyətə çatdırdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza tarixi səfərlərinin yaratdığı qürur hissini ictimaiyyətlə paylaşmaqdan fərəh duyduq. Əminik ki, növbəti ildə Böyük Qayıdışın reallaşması sevincini paylaşacağıq. Təbii ki, uğurlarımız möhtəşəmdir. Onlar fəaliyyətimizə böyük stimul verir. Digər tərəfdən yeni “Media haqqında” Qanunun özündə ehtiva etdiyi tələblərin həyata keçirilməsində “İki sahil” olaraq öz sözümüzü deyəcəyik. Dövlətə, xalqa xidmətdən şərəf duyan, qərəzsizliyi, obyektivliyi, vətənpərvərlik kimi prinsipləri fəaliyyətlərinin önündə saxlayan “İki sahil”çilər dövlət başçısı İlham Əliyevin “Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq” tezisinə söykənir, gələcəyə, yeni hədəflərə doğru inamla addımlayır.

“İki sahil”in ad günündə kollektivimizlə yanaşı, bu illəri bizimlə birgə addımlayan oxucularımızı da təbrik edir, “Hər zaman bir olaq!” deyirəm.