

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Sənədə əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:
- 106-cı maddənin birinci hissəsinin ikinci abzasında “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri “3550 manat” sözləri ilə əvəz edilir;
- 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılır;
- 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılır.
Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
***
Dövlət başçısı, həmçinin, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 568-VIQD nömrəli Qanununun tətbiqi və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanla “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 568-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:
- “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının 7.3-cü bəndi ləğv edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 568-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 568-VIQD nömrəli, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 569-VIQD nömrəli və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 570-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar yaranan əlavə xərclərin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də müvafiq dövlət orqanlarının saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının “Əməkhaqqı” köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirsin.
- Bu Fərman 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.