Qarabağətrafı ərazilər Azərbaycana qaytarılır? Siyasət

Qarabağətrafı ərazilər Azərbaycana qaytarılır?

"Kommersant" nəşrinin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Rusiyanın münaqişənin həlli ilə bağlı planı var


Ermənistan Azərbaycanın işğal olunmuş əraziləri qaytarmaq üçün aktiv hərbi əməliyyatlara başlamasından qorxur.
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı erməni siyasətçilər bunu açıq şəkildə dilə gətiriblər. Onlar Moskvanın Bakının müharibəyə başlayacağı təqdirdə, bunun qarşısını alacaqlarına ümid etdiklərini ifadə ediblər. Rəsmi İrəvan həmçinin Azərbaycan rəsmilərinin sərt bəyanatlarından da çəkinir. Buna görə də Moskvadan dəstək istəyirlər.
Rusiya münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bəyan edir. Bu ilin sentyabr ayının 1-də Lavrovun Bakıya səfəri zamanı da Azərbaycan rəhbərliyi ilə münaqişənin həlli yolları müzakirə edilib.
"Kommersant" nəşrinin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Rusiyanın münaqişənin həlli ilə bağlı planı var. Plandakı variantlardan biri belədir ki, ermənilər işğal etdikləri Dağlıq Qarabağ ətrafındakı ərazilərin çox hissəsini Azərbaycana qaytarır, lakin Laçın dəhlizi saxlanılır. Dağlıq Qarabağa ya BMT, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlıları yerləşdirilir.
Bakı işğal olunmuş rayonların geri qaytarılması və Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsi ilə münaqişənin həllini istəyir.
Nəşr İrəvandakı mənbəyə istinadən yazır ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq niyyətində deyil. Ermənilər israrla qondarma "DQR"-in danışıqlarda tərəf kimi iştirakını istəyir. Təbii ki, bu varianta Azərbaycan heç vaxt razı olmaz.
Bakıdakı yüksək rəsmilərdən biri "Kommersant"a bildirib ki, Azərbaycan işğal edilmiş ərazilərini geri qaytarmaq üçün hərbi yola əl ata bilər: "Əgər başqa çıxış yolu qalmayacaqsa, biz vuruşmağa hazırıq. Bizim ordumuz güclüdür, hərbi büdcə bütün Ermənistanın dövlət büdcəsindən çoxdur. Yeni silahlarımız var. Digər tərəfdən, Naxçıvanda güclü hərbi qüvvə yerləşdirilib. Müharibə başlayacağı təqdirdə, oradan birbaşa İrəvanı vura bilərik".


Kremlə yaxın mənbə isə bildirir ki, müharibə təhlükəsi var: "Hazırda kiçik intensivliklə müharibə davam edir və bunun hər an genişlənmə təhlükəsi var. Ermənilər müharibədən çəkinirlər, Bakı isə sərt ritorika ilə danışıqlarda mövqeyini gücləndirmək, həmçinin uzun illər ərzində dondurulmuş vəziyyətdə olan münaqişənin həllinə doğru irəliləyiş əldə etmək istəyir".