Azərbaycanın uğuru, Ermənistanın məğlubiyyəti Siyasət

Azərbaycanın uğuru, Ermənistanın məğlubiyyəti

Rəsmi Bakı mövqeyində qətidir

Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü Ermənistanın növbəti diplomatik fiaskosu adlandırmaq olar.

Bu fiaskonun sübutu üçtərəfli görüşün yekunları ilə bağlı qəbul olunan birgə bəyanat və Rusiya Prezidenti Vladimir Putinin mətbuata açıqlamasında yer alan məqamlardır.

Yekun sənəddə "Qarabağ" və ya "Dağlıq Qarabağ" terminin işlədilməməsini, Qarabağla bağlı bir sözün belə qeyd olunmamasını Azərbaycan Prezidenti İlham Əliyevin üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə səsləndirdiyi “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” bəyanatının təzahürü kimi qəbul etmək olar.

BBC yazır ki, oktyabrın 31-də keçirilən Soçi görüşü Putinin iki ölkə arasında sülh sazişi üçün Qarabağ üzərində Azərbaycanın nəzarətini ehtiva edən Vashinqton və Qarabağın müqəddaratını müzakirəyə açıq sayan Rusiya təklifləri barədə ötən həftə sonu danışmasından sonraya təsadüf edir. Prezident Vladimir Putin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə üçtərəfli müzakirələrindən sonra verdiyi açıqlamasında Soçi görüşünü "gələcək mümkün razılaşmalar üçün çox yaxşı atmosfer yaradan faydalı görüş" kimi qiymətləndirib.

"Sülh müqaviləsinə gəlincə, o, hələ yoxdur. Və burada bu sənədin əsas tərkibi haqqında danışmaq tezdir. Ona görə ki, bu, yəqin hər iki tərəfin istəyi və Rusiyanın vasitəçiliyi ilə nail olacağı güzəştlər predmetidir", - Putin deyib.

Putin Rusiyanın Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yönəlmiş istənilən səyləri dəstəklədiklərini açıqlayıb. Rusiya Prezidenti, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası üçün "ilkin şərtlərin tapıldığını" deyib və Qarabağda yerləşmiş sülhməramlıların bölgədə qalma məsələsinə toxunub.

"Rusiya problemlərin həlli üçün Sovet Baş Qərargahının "ən dəqiq xəritələrini" təqdim etməyə hazırdır. Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mandatının uzadılması məsələsi gələcək danışıqlardan asılıdır", - o bildirib.

Vladimir Putin razılığa gəlinməyən məsələlərin olduğunu vurğulasa da, onlar barədə danışmağın "lazım olmadığını" deyib.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə deyib ki, Soçidə üçtərəfli görüşdə qəbul olunmuş Bəyanatı və ümumiyyətlə, bu görüşün nəticələrini Azərbaycan üçün uğurlu hesab etmək olar. Zatən biz bu görüşdən öncəki açıqlamalarımızda da qeyd etmişdik ki, İlham Əliyev Azərbaycanın maraqlarını qorumağı bacarır. Belə də oldu. Bu görüşdə Azərbaycan heç bir məsələdə geri çəkilmədi, güzəştə getmədi: “Hətta üçtərəfli görüşdən öncə Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan ikitərəfli görüşdə də İlham Əliyev qətiyyətli və prinsipial mövqe sərgiləyərək birmənalı surətdə bildirdi ki, "Qarabağ münaqişəsi həll olunub, bu konteksdə danışılacaq heç bir mövzu yoxdur". Bu mövqe biraz sonra keçirilən üçtərəfli görüşə də öz damğasını vurdu. Ermənistan baş nazirinin görüş zamanı irəli sürdüyü təxribatçı xarakterli təkliflərin heç biri qəbul olunmadı. Əksinə, görüşün sonunda imzalanan üçtərəfli Bəyanatı imzalamaqla Nikol Paşinyan Azəbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı prinsipini növbəti dəfə qəbul etməli oldu. Bu görüşün ən mühüm nəticəsi isə o oldu ki, Qarabağda yaşayan ermənilərin statusu məsələsi ümumiyyətlə, gündəmə gətirilmədi və bununla da bu məsələnin Azərbaycanın daxili işi olduğu faktı bir daha hər kəs tərəfindən qəbul edildi. Bütövlükdə bu görüşün nəticələrini sülhə doğru önəmli bir addım hesab etmək olar. İndi yekun sülh müqaviləsinin imzalanmasına bir addım da yaxınlaşmış olduq. Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması üçün əlverişli imkanlar yaranmağa başlayır. Amma biz təkcə Soçi formatına deyil, Brüssel formatına da əsaslanmalıyıq. Ermənistan tərəfinin bu iki format arasında manevr etmək imkanlarını məhdudlaşdırmalıyıq. Paralel olaraq hər iki format çərçivəsində dominantlığımızı qoruyub saxlamalıyıq”.

Politoloq Elşən Manafovun sözlərinə görə, Soçi göruşundə razılaşdırılmış uçtərəfli bəyanat Azərbaycanın ərazi bütövlüyünün təsdiqi baxımından mühüm və ciddi siyasi əhəmiyyət kəsb edir. Görqş ərəfəsində Ermənistan baş nazirinin beynəlxalq birlik istisnasız olaraq Azərbaycanın Qarabag üzərindəki suverenliyini qəbul edir kimi açıqlaması rəsmi İrəvanın bu məsələ ətrafinda indiyədək apardığı siyasətin faktiki olaraq fiaskoya uğramasının təsdiqi kimi qəbul olunmalıdır: “Göruşdə Azərbaycan və Ermənistan arasında münasibətlərdəki problemlərin həlli məqsədilə danışıqların davam etdiriləcəyinə dair ortaliğa qoyulan mövqe "ən pis sulh, ən yaxşı müharibədən daha üstündür" prinsipinin münaqişə tərəfləri tərəfindən qəbul olunmasının göstəricisi kimi bölgədə sülhün və sabitliyin saxlanılmasında əhəmiyyət kəsb edən mövqe, siyasi iradə və qətiyyətin təntənəsidir. Göruşdə Azərbaycan prezidenti İ. Əliyevlə yanaşı Rusiya dövlət başçisi V. Putinin Qarabag münaqişəsi artıq tarixdə qalıb və problem öz həllini tapıb demələri Ermənistan uçun ciddi mesaj və xəbərdarlıq olmaqla yanaşı, yeni geosiyasi reallıqların münaqişə tərəfləri arasında vasitəçi olan Rusiya tərəfindən belə qəbul və etiraf olunmasıdır, bu isə Azərbaycanın hərbi, diplomatik və informasiya müharibəsində qalibiyyətinin rəmzi kimi bizləri sevindirməyə bilməz”.

Ermənistanın bütün səylərinə baxmayaraq bəyənatda Qarabag və ona təqdim ediləcək hər hansı statusla bağlı bir ifadənin belə yer almamasi Rusiya və Ermənistan tərəfindən Qarabağın Azərbaycanın yurisdiksiyasına aid olmasının etirafi kimi ciddi əhəmiyyət kəsb edir: “Aydındır ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyasının müəyyən edilməsi, bölgədə münaqişə nəticəsində bağlanmış nəqliyyat kommunikasiya xətlərinin bərpasi, açılması, istifadəyə verilməsi məqsədilə danışıqların növbəti raundlarının keçirilməsinə ciddi ehtiyac var və erməni tərəfi nə qədər qeyri konstruktivlik nümayiş etdirsə də yekunda sülh meqaviləsinin imzalanması ilə bağlı ciddi fakt qarşısında qalacaq, onun öz resurs və imkanları ilə Azərbaycan ordusunun qələbəsi nəticəsində dəyişmiş yeni geosiyasi realliqları təftiş etmək, müharibənin Ermənistan siyasəti və iqtisadiyyatında doğurmuş olduğu problemləri aradan qaldırmaq iqtidari yoxdur, qanunun geriyə işləmə mexanizmləri olmadığı kimi rəsmi İrəvanın da 44 günlük savaşiın beynəlxalq və regional müstəvidə doğurmuş olduğu yeni reallıqları aradan qaldırmaq üçün nə gücü, nə də imkanları var”.

Ekspert Asif Nərimanlı isə qeyd edib ki, Soçi görüşünün yekun bəyanatını üç istiqamətdə dəyərləndirmək olar: “Birincisi, Rusiyanın əldə etdiyi nəticədir, Moskva təşəbbüsü yenidən ələ alır, sülh sazişinin imzalanmasına hazırlıq prosesində özünə yer edir. Həm iki ölkənin ictimaiyyəti, həm parlamentləri arasında, o cümlədən, humanitar məsələlərdə vasitəçilik etməklə rolunu gücləndirir, vasitəçilik etdiyi 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarının icrasını bir daha aktuallaşdırır, bölgədə Qərbin önünə keçmək addımı atır. İkincisi, Azərbaycanın əldə etdiyi nəticədir: Bakının gündəliyi aktuallığını qoruyur, Bəyanatda Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması ilə bunun daxili məsələsi olduğunu bir daha qəbul etdirir, bu, xüsusilə Xankəndidəki mitinq və separatçıların gözləntiləri fonunda daha çox əhəmiyyət qazanır. Görüşdən öncə Paşinyanın Azərbaycanın qəbul etmədiyi “15 bəndlik rus planı”nı masaya gətirmək cəhdlərinin qarşısını alır, beləliklə, sülh müqaviləsi ilə bağlı özünün təqdim etdiyi 5 bəndlik prinsipinin fundamentallığını qoruyur. Üçtərəfli razılaşmaların icrası məsələsini bir daha aktuallaşdırır. Bu, erməni qoşunların Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən, Naxçıvana “maneəsiz keçid”in (Zəngəzur dəhlizi) verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyi deməkdir. Ərazi bütövlüyü və sərhədlərin qarşılıqlı tanınması ilə Qərbdə qəbul edilən mövqeyini Rusiya masasında bir daha təsdiq edir; Üçüncüsü, Ermənistanın əldə etdiyi nəticə, daha doğrusu, İrəvanın görüşdən qazancsız qayıtmasıdır, xüsusilə Paşinyanın prosesləri Bakının əleyhinə çevirmək gedişlərinin işə yaramaması fonunda: “Sənəddə Praqa bəyanatında əksini tapan məqamın - “bütün problemli məsələlər BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsinə uyğun həll etmək” qeydinin təkrar vurğulanması diqqət çəkir. Və Ermənistan Alma-Atı bəyannaməsinin üzərində “iki ölkə ərazi bütövlüyünü 1991-ci ildə qarşılıqlı tanıyıb” iddiasını davam etdirmək, “sərhədi SSRİ dağılanda mövcud inzibati xətlərlə müəyyən etmək”, “Qarabağı hüquqi məsələ” kimi saxlamaq məqsədilə dayanır, hərçənd, BMT Nizamnaməsinin - ərazi bütövlüyünün ön planda olması, eləcə də “Alma-Atı bəyannaməsinin formal xarakter daşıması” bunu sual altına salır. Bu məqamın qeyd olunması Paşinyanı “nəticəsiz yola salmamaq” məqsədi də daşıya bilər. Lakin “BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsi” qeydi ilə Bakı ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin önə çıxarılması, Brüssel formatının alternativ kimi qalması və sülh müqaviləsinə beynəlxalq zəmanətin əldə edilməsi hədəfinə də oynayır; Bəynatın yekun nəticəsi Azərbaycanın maraqlarına uyğundur, xüsusilə ərazi bütövlüyünün tanınması və Qarabağ məsələsinin arxa plana keçirilməsi baxımından”.

Cavid