“Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb” Siyasət

“Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb”

“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın idi ki, qonşumuz Ermənistanın işğalı altında idi. Təəssüf ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən çoxsaylı qətnamə və qərarları yerinə yetirilmədi”. Xalqcəbhəsi.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyasının (APA) 43-cü Baş Assambleyasının birinci plenar iclasında çıxışı zamanı deyib: “Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb, nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Birinci Qarabağ müharibəsindən sonra təxminən 4 min Azərbaycan vətəndaşı hələ də itkin düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi qəsdən dağıdıb, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrimizə qarşı vandalizm aktı törədib. Vaxtilə Qarabağın ən böyük şəhəri olan Ağdam o dərəcədə dağıdılıb ki, beynəlxalq ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar.
2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü, beynəlxalq hüquq normalarını və tarixi ədaləti bərpa etdi, BMT TŞ-nin qətnamələrini özü icra etdi. İndi biz bu ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlamışıq. Azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib. Ağıllı şəhərlər və ağıllı kəndlər tikilir. İnfrastruktur və nəqliyyat layihələri icra edilir. Zəngəzur dəhlizinin açılması isə regionun nəqliyyat potensialını əhəmiyyətli dərəcədə artıracaq. Hazırda keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar. Ancaq bu prosesin həyata keçirilməsinə ciddi maneələr var. Onlardan biri də ondan ibarətdir ki, Ermənistan bu ərazilərdə 1 milyondan çox mina basdırıb. İki il bundan əvvəl ikinci Qarabağ müharibəsi başa çatandan bəri minaların partlaması nəticəsində 270-ə yaxın azərbaycanlı həlak olub və ya ağır yaralanıb”.

Əli