Fransanın Azərbaycana qarşı siyasəti Aİ-nin ümumi kursuna tamamilə ziddir - Şərh Siyasət

Fransanın Azərbaycana qarşı siyasəti Aİ-nin ümumi kursuna tamamilə ziddir - Şərh

Fransanın xarici işlər naziri Katron Kolonna oktyabrın 20-dən Ermənistanda olan Aİ-nin müşahidə missiyasının mandatının vaxtının artırılmasını vacib sayır. O, bunu missiyanın sərhəddəki monitorinqinin “eskalasiya riskini azaltması” ilə izah edib. Görünür Fransanın məqsədi onu daimi missiyaya çevirməkdir.

Məsələ ilə bağlı Trend-ə açqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova deyib ki, Fransanın mandatı uzatmaqda əsas məqsədi bu mandatı uzunmüddətli etməkdir.

“Hədəf isə Rusiyanı Ermənistandan çıxarmaq və onu Fransanın timsalında Aİ-nin əvəzləməsinə yönəlib. Ermənistan heç zaman müstəqil siyasət aparmayıb, indiyə kimi Rusiyanın “forpostu” kimi yaşayıb. İndi isə görünür ki, Ermənistan Fransanın “koloniyası”na keçməyə hazırdır”, - deyə deputat qeyd edib.

O bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında çox uğurlu münasibətlər var və bu münasibətlər daim yüksələn xətt üzrə inkişaf edir.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər zaman bölgədə sülhün bərqərar olması ilə bağlı səylər göstərir. Katron Kolonnanın fikirləri göstərir ki, Avropa İttifaqında Azərbaycan ilə Aİ arasında münasibətləri pozmağa və Aİ daxilində fikir ayrılıqları yaratmağa çaslışan qüvvələr var. Fransanın bu siyasəti birmənalı olaraq Avropa İttifaqının siyasi kursuna ziddir. Eyni zamanda Katron Kolonnanın fikirləri bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Bölgədə sülhün bərqərar olunması və inkişafı yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından keçir. Ermənistan isə bunu başa düşmür və bir daha göstərir ki, bu ölkə müstəqil siyasət aparmır”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında bildirib ki, Fransa ermənipərəst mövqeyini davam etdirməklə Cənubi Qafqazda Ermənistan vasitəsilə möhkəmlənməyə çalışır.

“Fransanın əvvəldən məqsədi bu missiyanın mandatını uzatmaq olub. Əslində Fransa bu planı əvvəldən qurmuşdu və Ermənistanla razılaşdıraraq bunu həyata keçirmək və Ermənistanı Rusiyanın forpostluğundan çıxararaq öz koloniyasına keçirməkdir. Fransa bunu mərhələli şəkildə həyata keçirməyə cəhd edir.

Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan Rusiyanın “forpostu” kimi yaşayıb. İndi isə Ermənistan Fransanın “koloniya”sına keçməyə hazır olduğunu açıq şəkildə nümayiş etdirir və Rusiyanın forpostluğuindan çıxmağa çalışır. Ona görə də Ermənistandakı missiyasını daimi etmək və Fransa ilə əlaqələri möhkəmləndirməyə çalışırlar”, - deyə deputat bildirib.

O qeyd edib ki, çox maraqlıdır ki, bütün bu proseslərin gedişatını Rusiya sakitcə izləyir.

“Uzun illər Rusiyanın forpostu olmuş Ermənistan Fransaya yönəlib, Rusiyanı sıxışdırmağa çalışır. Rusiya bütün bunları sakitcə izləyir və əlbəttə ki, bu təəccüblü haldır”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yüksək səviyyədə qurulub.

“Əlbəttə bəzi qüvvələr Azərbaycan-Avropa İttifaqı əlaqələrini pozmağa çalışır və bunun da başında dayanan Fransadır. Fransa çalışır ki, müxtəlif yollarla Azərbaycan-Aİ əlaqələrini pozsun və bunun üçün Ermənistandan ciddi şəkildə istifadə edir. Fransa Azərbaycana qarşı qərəzli siyasət yürütməklə, Ermənistanı dəstəkləməklə bu münasibətləri korlamağa çalışır. Ancaq Fransanın bu siyasəti Aİ-nin ümumi kursuna tamamilə ziddir, çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı və Avropanın enerji təchizatına ehtiyacı olduğu bir zamanda Fransanın bu addımı Aİ siyasətinə ziddir”, - deyə C.Osmanov əlavə edib.