“Qəhrəman xüsusi təyinatlı” sənədli filminin leytmotivi təhlükəsizlik orqanlarının gənc əməkdaşları üçün örnəkdir - Sahil Kərimli Siyasət

“Qəhrəman xüsusi təyinatlı” sənədli filminin leytmotivi təhlükəsizlik orqanlarının gənc əməkdaşları üçün örnəkdir - Sahil Kərimli

2012-ci il aprelin 6-da Gəncə şəhərində keçirilən antiterror əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş xüsusi əməliyyatlar strukturunun polkovnik-leytenantı Elşad Quliyevin həyat və fəaliyyətinə həsr olunan “Qəhrəman xüsusi təyinatlı” sənədli filminin leytmotivi təhlükəsizlik orqanlarının gənc əməkdaşları üçün örnəkdir.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Qəhrəman xüsusi təyinatlı” sənədli filminin təqdimatı zamanı Trend BİA-nın Baş direktor müavini, əməkdar jurnalist Sahil Kərimli bildirib.

"Azərbaycanın xüsusi xidmət orqanları son illər özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Tam əminliklə demək olar ki, bu gün dövlətimizin təhlükəsizliyi etibarlı əllərdədir. Bu orqanlarda çalışan hər bir əməkdaş dövlətinə, vətəninə və xalqına peşəkarlıqla və sədaqətlə xidmət edir", - S.Kərimli qeyd edib.

O əlavə edib ki, Azərbaycana düşmən olan bəzi xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı yönəlmiş təxribat-pozuculuq fəaliyyətinin qarşısı qətiyyətlə alınır: “Bu gün dünyada olduqca təhlükəli proseslər, müharibələr, qanlı toqquşmalar baş verir. Xarici təhdidlər və təhlükələr təəssüf ki, Azərbaycandan da yan keçmir. Amma sevindirici haldır ki, ölkəmiz təhlükəsizlik adası, sabitlik məkanıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində Azərbaycan bu təhlükələri dəf edir və inkişaf yolu ilə gedir. Əlbəttə ki, təhlükəsizlik orqanlarının əməkdaşları Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlir”.

S.Kərimli bildirib ki, antiterror əməliyyatı zamanı həlak olan Elşad Quliyevin cəsurluğu, döyüş əzmi hər bir xüsusi təyinatlı üçün qəhrəmanlıq simvoludur: "DTX rəhbərliyinin xüsusi təyinatlı Elşad Quliyevin xatirəsini daim əziz tutması təqdirəlayiq haldır. Fəxr və qürur hissi ilə bildirirəm ki, “Qəhrəman xüsusi təyinatlı” sənədli filminin hazırlanması Trend Beynəlxalq İnformasiya Agentliyinə həvalə olundu. Hesab edirəm ki, biz qarşıya qoyduğumuz məqsədə uğurla nail olduq və layiqli film ərsəyə gətirdik”.

Qeyd edək ki, xüsusi təyinatlı polkovnik-leytenant Elşad Quliyevin xatirəsinə həsr olunan "Qəhrəman xüsusi təyinatlı" adlı sənədli film Trend Beynəlxalq İnformasiya Agentliyi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilati dəstəyi ilə ərsəyə gəlib.