“Azərbaycanda vəziyyətin pis olmasını arzulayırlar ki, hakimiyyətə gələ bilsinlər” Siyasət

“Azərbaycanda vəziyyətin pis olmasını arzulayırlar ki, hakimiyyətə gələ bilsinlər”

Aydın Mİrzəzadə: "Çünki onlar hakimiyyətə gəlməyin digər yolunu bilmirlər"

"Ümumiyyətlə, Əli Kərimli və bu tip siyasətçilər bir qayda olaraq bulanıq su axtarırlar ki, oradan balıq tutsunlar". Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu düşərgədə olanlar Azərbaycanda vəziyyətin pis olmasını arzulayırlar ki, hakimiyyətə gələ bilsinlər: "Çünki onlar hakimiyyətə gəlməyin digər yolunu bilmirlər. Bu baxımdan Əli Kərimlinin vaxtaşırı vəziyyətin pis olması ilə bağlı verdiyi bəyanatların artıq sayı-hesabı yoxdur. O dəfələrlə son olduğunu, ciddi böhran yaşandığı barədə bəyanatlar verir. Amma bunun əksinə olaraq Azərbaycan həmişə istənilən situasiyanın müsbətə doğru getməsi üçün maksimum addımlar atıb".
Əli Kərimlinin ABŞ dollarının qiymətinin qalxması ilə ölkənin iflasa uğrayacağı ilə bağlı söylədiklərinə də münasibət bildirən deputat əlavə edib ki, hazırda rastlaşılan problem Azərbaycanın daxilindəki proseslərdən irəli gələn nəticə deyil: "Bu, dünyada baş verən iqtisadi və siyasi böhranın nəticəsidir. Yəni bu gün ABŞ dollarının uçot dərəcəsinin günü-gündən artması dünyanın bütün valyuta ehtiyatlarını müəyyən problemlərlə üzləşdirir. Əlbəttə ki, bunun da arxasında ABŞ-ın müəyyən qlobal maraqları durur. Azərbaycanın artıq oturuşmuş dövləti, ölkəmizin istənilən böhrana davam gətirə biləcək səmərəli iqtisadiyyatı var. Aparılan və atılan addımlar da ilk növbədə iqtisadiyyatın zəifləməsinə imkan verməmək, əhalinin social vəziyyətinin pisləşməsinin qarşısını almaqdır. ABŞ dollarının uçot dərəcəsinin qalxması Azərbaycanın öz milli valyutasını devalvasiya etməyə məcbur edib. Hazırda hökumətdə əhalinin aşağı təminatlı təbəqəsinin, təqaüdçülərin gəlirlərinin artırılması ilə bağlı təkliflər hazırlanır. Həmçinin büdcənin səmərəli istifadə edilməsi, sahibkarlığın inkişafı üçün görülən tədbirlər də Azərbaycanın bu problemi heç bir çətinlik çəkmədən həll edəcəyini gətirib çıxaracaq".