Avropa Azərbaycanlıları Konqresi etiraz bəyanatı yayıb Siyasət

Avropa Azərbaycanlıları Konqresi etiraz bəyanatı yayıb

Avropada yaşayan azərbaycanlılar Azərbaycanın xaricdəki diaspor təşkilatlarına yönələn ittihamlara etiraz olaraq bəyanat yayıb.
Avropa Azərbaycanlıları Konqresindən (AAK) verilən məlumata görə, bəyanatda bildirilir ki, bu gün Avropa məkanında çoxlu sayda Azərbaycan cəmiyyətləri fəaliyyət göstərir və onların hər biri öz imkanları çərçivəsində ölkənin maraqlarını qorumağa çalışır.
"Azərbaycan diasporu digər xalqların diasporlarının da təcrübəsini öyrənməyə çalışır, çox şaxəli əlaqələr qurur, bütün gücünü, potensialını, enerjisini öz millətinin maraqlarını qorumaq, müdafiə etmək üçün sərf edir. Çağdaş dövrdə Azərbaycan diasporu Avropada yüz illərlə fəaliyyətdə olan "qədim" diasporlarla bir səviyyədə durur, bəzən hətta onlardan daha cox işlər görur. Bu illər ərzində Avropa cəmiyyətləri tərəfindən erməni təxribatına, erməni işğalçı siyasətinə, ədalətsiz media basqılarına qarşı yüzlərlə etiraz məktubu, Avropa ölkələrinin parlamentlərinə çoxsaylı petisiyalar, məlumat xarakterli məktublar yazılıb, tədbir və aksiyalar keçirilib, nümayiş və piketlər təşkil edilib. Avropadakı Azərbaycan diasporu ən ümdə məsələlərdən biri olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, o cümlədən Xocalı soyqırımının tanıdılması istiqamətində əməli işlər görür, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün aqibəti haqqında Avropanı məlumatlandıraraq, bu məsələlərin ədalətli həllinə xidmət edən obyektiv ictimai rəyin formalaşdırılmasına çalışıb. Bütün bunları həyata keçirmək göründüyü qədər də asan və sadə deyildir. Bu gün Avropa Birliyi özündə 28 ölkəni birləşdirir. Avropa bütün qitəni çulğalayan "qaçqınlar axını" qarşısında qalıb, qlobal səviyyəli iqtisadi, siyasi, sosial problemlərlə üzbəüz dayanıb. Sirr deyil ki, bu mürəkkəb tarixi situasiyada Avropada müsəlman icmaları xüsusilə çətin bir dövrü yaşayır. Bu problemlər Avropada yaşayan azərbaycanlılara da təsirsiz ötüşmür. Azərbaycanlı icmaları bu cür son dərəcə ciddi aktual problemlərlə üzləşir və ən əsası, erməni təxribatına qarşı mübarizə ilə yanaşı, bir sıra yeni problemləri həll etmək məcburiyyətində qalır. Jurnalistlər diaspor həyatına maraq göstərdikdə və bu fəaliyyəti işıqlandırdıqda, xaricdə yaşayan azərbaycanlılar həm sevinir, həm də Vətən ilə daha bir ünsiyyət imkanı qazanmış olurlar. Əlbəttə, bəzən tənqidi qeydlər də səslənir və bu da demokratik cəmiyyət üçün normal bir hal kimi qəbul edilir. "Yalnız işləməyən, fəaliyyətdə olmayan insan səhv etməz" – deyiblər. Lakin təəssüf ki, bəzən bir və ya bir neçə hadisə üzərində qurulan haqlı, yaxud haqsız tənqidi mülahizələr bütün Azərbaycan diasporuna şamil edilir, beləliklə də bütöv bir toplumun fəaliyyətinə kölgə salır. Bütün bunlar Avropa azərbaycanlılarını təbii ki, məyus edir. Jurnalistika məsuliyyətli bir peşədir. Onun ilk və yeganə silahı həqiqət olmalıdır. Həqiqiliyi sübuta yetirilməmiş bir iddiaya əsalanaraq, yüzlərlə insanın imicinə zərbə vurmaq, nüfuzuna xələl gətirmək, zəhmətini dəyərsizləşdirmək yolverilməzdir. AAK arzu edir ki, bu mürrəkkəb dövrdə harada yaşamağından və hansı fəaliyyət növü ilə məşğul olmasından asılı olmayaraq, azərbaycanlılar qarşıya çıxan çətin məsələləri bir-birilə əlaqəli və qarşılıqlı hörmət əsasında həll etsinlər. Birlik və həmrəyliyin ideya məzmunu da elə bundan ibarətdir".
Bəyanat konqresin prezidenti Samira Patzer-İsmayılova tərəfindən imzalanıb.