
Musa Qasımlı: “Heç bir güc milli iradədən üstün deyil”
Qanlı 20 Yanvar hadisəsindən 23 il ötür. Bəşəriyyətə qarşı cinayət olan 20 Yanvar hadisəsi xalqımızın qan yaddaşında əbədi qalacaq.
Millət vəkili, tarixçi alim Musa Qasımlı “Xalq Cəbhəsi”nə müsahibəsində 20 Yanvara aparan yolla bağlı tarixi faktlara toxundu. Onun sözlərinə görə, tarixi mənbələr sübut edir ki, Qarabağ bölgəsinin heç bir zaman Ermənistan tərkibində və erməni kütləsinin təsiri altında olmamasına baxmayaraq, Ermənistan SSR onu ələ keçirmək üçün müxtəlif zamanlarda əsassız iddialar irəli sürüb və boşa çıxıb. Lakin 1985-ci ilin martında Mixail Qorbaçov SSRİ rəhbəri seçildikdən sonra bu iddialar daha da artdı. M.Qasımlı əlavə etdi ki, Ermənistan rəhbərliyi və erməni ictimai xadimləri1923-cü ildə süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək məq¬səd-lə¬rinə çat¬maq üçün ilk növbədə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin üzə¬rinə to-tal böh¬tan dolu hü¬cuma keç¬di¬lər. Onların istəkləri həyata keçirildi. Heydər Əliyev 1987-ci il oktyabrın 21-də keçirilən Sov.İKP MK plenumunda vəzifəsindən azad edildi. Bundan bir neçə gün sonra Mixail Qorbaçovun iqtisadiyyat məsələləri üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə yerli erməni nümayəndələri qarşısında etdiyi çıxışında Azərbaycanın Dağlıq Qarabağ regionunun əlaqəsini nəzərə alaraq Ermənistana birləşdirilməsi barədə sovet rəhbərinin razılığını aldığını bildirdi: “Noyabrın 18-də “Humanite” qəzetində və tezliklə digər xarici ölkələrdəki erməni mətbuatı və radiostansiyalarının başlıca mövzusuna çevrilən bu bəyanatın ardınca Ermənistanın əsassız ərazi iddiaları artdı”.
Mərkəzi hakimiyyət orqanları qarşısında əsassız tələblər
Millət vəkili diqqətə çatdırdı ki, ermənilərin nümayəndələri 1987-ci ilin noyabrında Moskvaya gedərək mərkəzi hakimiyyət orqanları qarşısında əsassız tələblərini irəli sürdülər: “Elə həmin ayda Ermənistanın Qafan və Meğri rayonlarında azərbaycanlılara edilən hücumlar nəticəsində yüzlərlə azərbaycanlı qaçqına çevrilərək Azərbaycana gəldi.
Ermənistandan nümayəndələr 1988-ci ilin fevral ayında da Moskvaya səfər edərək sovet orqanları qarşısında tələblərini irəli sürdülər. Bundan az sonra həmin ilin fevralın 11-də Stepanakertdə mitinqlər və mövcud konstitusiya quruluşu əleyhinə fəaliyyətlər başladı. Bu fəaliyyətlər Ermənistanda və muxtar vilayətdə azərbaycanlılara qarşı zorakılıq, hücumlar, bir müddət sonra isə azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə müşayiət olundu. Ermənistandan gəlib Azərbaycanın Dağlıq Qarabağ regionunda təbliğat aparan “Qarabağ” və “Krunk” təşkilatlarının fəalları iki xalq arasında düşmənçilik toxumları səpir, separatçılığı qızışdırırdılar.
Azərbaycan cəmiyyətinin doğurmadığı Dağlıq Qarabağ münaqişəsi Ermənistan SSR-in digər bir müttəfiq sovet respublikası olan Azərbaycanın daxili işlərinə bilavasitə kobud müdaxiləsinin nəticəsi idi. Belə ki, 80-ci illərin ortalarından etibarən Ermənistanda bir çox müəssisə və kooperativlər yarımleqal şəraitdə odlu silah, partlayıcı maddələr istehsal edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərir, sovet Ermənistanı rəhbərlərinin himayəsi altında qanunsuz silahlı birləşmələri silah və sursatla, rabitə vasitələri, o cümlədən, nəqliyyatla təmin edirdilər”.
“Münaqişənin başlanmasına SSRİ-də gedən bir sıra daxili amillər təsir etdi”
M.Qasımlı diqqətə Çatdirdi ki, münaqişənin başlanmasına SSRİ-də gedən bir sıra daxili amillər təsir etdi: “Ətrafındakı erməni xadimlərinin təsiri altında olan Qorbaçov yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətini həyata keçirə bilmədiyi üçün yerlərdə günahkarlar axtarmağa və onları cəzalandırmağa cəhdlər edirdi.
SSRİ-nin dağılmasında maraqlı olan bəzi Qərb dövlətləri də milli münasibətləri qızışdırırdılar. Onlar belə hesab edirdilər ki, Qorbaçovu islahatları aparmağa təhrik etməlidirlər, lakin elə olmalıdır ki, bu islahatlar uğursuz olsun, insanlar bunun günahını ideoloji baxımdan ölkəni ayaqda saxlayan Kommunist Partiyasında görsünlər, iqtisadi cəhətdən vahid təsərrüfat zəncirində birləşən ölkədə təsərrüfat dağılsın, rəhbərlik dinc əhaliyə qarşı zor tətbiq etsin. Bu baxımdan ABŞ Prezi¬den¬ti Riçard Nikso-nun xatirələri diqqəti cəlb edir. O yazırdı ki, Fransa Pre¬zidenti Fransua Mitteranın fikrincə, Qərb Qorbaçovun haki¬miy¬yət¬də qalmasında maraqlı idi. İslahatları yalnız uğurlu olacağı təqdirdə Qor¬baçov hakimiyyətdə qala bilərdi. Niksonun fikrincə, buradan belə bir nəticə çıxırdı ki, Qərb ölkələri Qorbaçova yardım etməli idi. Lakin Nik¬son Mitteranın bu mövqeyi ilə razılaşmırdı. O, Qərbin Qor¬ba¬çov qarşısında altı şərt irəli sürməsini uyğun görürdü: SSRİ-də azad bazar iq¬tisadiyyatının tətbiq edilməsi; Şərqi Avropa ölkə¬lə¬rinin tam müstəqilliyə nail olması; NATO ilə Varşava Müqaviləsi Təşkilatı ölkələri arasında adi si¬lahlara dair tarazlığın yaradılması; SSRİ və ABŞ arasında strateji hücum si¬lah¬larına dair real sazişin bağlanması; Qorbaçovun üçüncü dünya öl¬kə¬lə¬rinə qarşı təcavüzkarlıqdan imtina etməsi; Sovet İttifaqında insan hü¬quq¬¬larına hörmət edilən, xalqın azad seçkilərdə iradəsini ifadə edə bilən si¬yasi qaydanın yaradılması.
Niksonun fikrincə, əgər Qorbaçovun islahatları uğurlu olar¬dı¬sa, aşkarlıq SSRİ-də siyasi plüralizmə gətirərdisə, onda amerikalılar gü¬man ki, XXI əsrdə Berinq boğazının o biri sahilində ABŞ-dan fərq¬lən¬mə¬yən bir fövqəldövlət görərdilər. Əgər bu islahatlar kommunist rejiminin iki ayaq üstə durmasına kömək edərdisə, onda növbəti yüzillikdə ABŞ daha güclü, özünə inamlı və təhlükəli bir rəqiblə üz-üzə qala bilərdi. Sovet İttifaqını demokratik və güclü bir dövlət kimi görməkdə maraqlı olmayan bu ölkələr Sovet İttifaqını daha tez dağıtmağın yolununən zəif həlqə olan milli münasibətlərin kəskinləşdirilməsindən keçdiyini gözəl bilirdilər”.
Qorbaçovun erməniləri ruhlandıran çıxışı
Millət vəkili vurğuladı ki, 1988-ci il fevralın 18-də etdiyi çıxışında Qorbaçov SSRİ-də milli münasibətlər məsələsinə baxılmasının vacibliyini söylədi: “Bu çıxış erməniləri daha da ruhlandırdı. Onlar fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin iclasını keçirdilər. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, qalanları isə azərbaycanlılar idi. Azərbaycanlı deputatlar yığıncağa buraxılmadılar. Vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. Bu, Azərbaycan ilə Ermənistan arasında münasibətləri daha da gərginləşdirdi.
Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulmasına başlandı. Azərbaycana ilk qaçqınlar gəlməyə başladı. Qafandan qovulan 70 nəfər fevralın 21-də Azərbaycan KP MK-nın qəbul otağına gələrək Ermənistanda yaşamağın mümkün olmadığını söylədilər. Onları qəbul edən məsul işçilər bu barədə Ermənistan rəhbərliyinə müraciət etməyi məsləhət bildilər. Ermənistanda isə azərbaycanlıları dinləmək istəmir, tarixi torpaqlarından zorla çıxarırdılar.
Sov.İKP MK fevralın 21-də “Dağlıq Qarabağda hadisələr haqqında” qərar qəbul etdi. Vilayətdə yaranmış vəziyyətin siyasi cəhətdən ciddi qiymətləndirildiyi qərarda qeyd edilirdi ki, bu regionda milli-ərazi quruluşunun dəyişdirilməsi hərəkətləri və tələbləri Azərbaycan və Ermənistan zəhmətkeşlərinin maraqlarına ziddir, millətlərarası münasibətlərə ziyan vurur, məsuliyyətli qərarlar qəbul edilməsə, çətin düzələn nəticələrə gətirə bilər. Qərarda bütün bunların hamısının ekstremist əhval-ruhiyyəli şəxslərin məsuliyyətsiz çağırışlarına yerli partiya və sovet orqanlarının gözləmə mövqeyinin nəticəsi olduğu göstərilirdi. Sov.İKP MK vəziyyəti normallaşdırmaq üçün bütün məsuliyyəti Azərbaycan və Ermənistan KP MK-nın və şəxsən MK-nın birinci katiblərinin üzərinə qoyur, vilayətin sosial-iqtisadi inkişafına dair tədbirləri işləyib hazırlamaq tapşırırdı...”.
Tökülən ilk qan
M.Qasımlı söylədi k, Azərbaycan KP MK Bürosu fevralın 22-də bu qərarı müzakirə edərək bəyəndi və vəziyyəti normallaşdırmaq işini Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinə tapşırdı: “Vilayətin sosial-iqtisadi inkişafı üçün tədbirləri hazırlayıb Azərbaycan KP MK-ya təqdim etmək göstərişi verildi: “Əhali arasında təbliğat işləri aparmaq tövsiyə edildi. Mətbuat, radio və televiziyanın imkanlarından istifadə edərək erməni və Azərbaycan xalqı arasında dostluğun təbliği vacib sayıldı.
Lakin bu qərarlar yerinə yetirilməmiş ilk qan töküldü. Xankəndi-Ağdam avtomobil yolunun üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında erməni silahlılar DQMV Xalq Deputatları Sovetinin ayrılma barədə qərarına qarşı etiraz edən dinc azərbaycanlılara fevralın 22-də atəş açdılar. İki azərbaycanlı gənc həlak oldu. Onlar münaqişənin ilk qurbanları idi. Beləliklə, Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsinin ilk konkret nəticəsi Əsgəranda iki azərbaycanlının öldürülməsi oldu...”.
Ermənistandan azərbaycanlıların kütləvi qovulması
Millət vəkili dedi ki, Ermənistandan azərbaycanlıların qovulması artıq kütləvi hal almışdı: “Qaçqınlar Azərbaycanın müxtəlif rayonlarına, xüsusən Bakı və Sumqayıt şəhərlərinə üz tuturdular. Ermənistandan qovularaq evsiz-eşiksiz qalan və yaşamaq üçün imkanları olmayan insanlar dövlət orqanlarından hüquqlarının qorunmasını tələb edirdilər. Əsgəranda iki nəfər azərbaycanlının öldürülməsi əhalini daha da hiddətlənmişdi. Onlardan fərqli olaraq ermənilər Azərbaycanda yaşayır və işləyirdilər.
Yaranmış gərgin vəziyyətdə 1988-ci il fevralın 26-28-də Sumqayıtda sovet rəhbərliyinin vən Ermənistan xüsusi xidmət orqanlarının, terror-siyasi təşkilatlarının təşkil etdiyi qanlıiğtişaş baş verdi. Bununla sovet rəhbərliyi Azərbaycana təzyiq etmək, Ermənistan rəhbərliyi isə azərbaycanlıların və ermənilərin bir yerdə yaşamasının mümkün olmadığını göstərmək istəyirdi.
Azərbaycan hakimiyyətinin vəziyyəti sabitləşdirmək səylərinə baxmayaraq, Ermənistanın kobud müdaxilələrini dayandırmaq mümkün olmurdu. Millətçi əhval-ruhiyyəli şəxslərin Ermənistandan DQMV-nin bir sıra rayonlarına gələrək regionun Azərbaycan SSR-in tərkibindən çıxarılması üçün yüksək dairələrə müraciət etmək və Ermənistan SSR və DQMV-dən Moskvaya nümayəndə göndərmək məqsədilə kütləvi imza toplamaq kimi qızışdırıcılıq fəaliyyəti ilə məşğul olurdular...
Dağlıq Qarabağ regionunda fövqəladə vəziyyət
Azərbaycan tərəfinin vəziyyəti normallaşdırmaq cəhdlərinə baxmayaraq, Ermənistan kobud müdaxilələrini davam etdirirdi.
İrəvanda çap edilən məqalələrin bəzilərində müəlliflər bu və ya başqa şəkildə Azərbaycan SSR-in bəzi rayonlarının guya Ermənistana məxsus əzəli torpaqlar olduğunu əsaslandırmağa cəhd edir, erməni əhalisinin müəyyən hissəsində “tarixi ədalətin bərpası” zəruriliyi fikrini formalaşdırırdılar.
İyul ayının əvvəllərindən etibarən İrəvanda və Ermənistanın digər şəhərlərində kütləvi mitinqlər keçirildi. Bu mitinqlərlə təxminən eyni vaxtda, 1988-ci il iyulun 12-də DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair qərar qəbul etdi. Buna cavab olaraq iyulun 13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ və Azərbaycan SSR konstitusiyalarına, eləcə də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qanununa əsaslanaraq DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair DQMV Xalq Deputatları Sovetinin 12 iyul tarixli qərarının qanunsuz olduğuna və heç bir hüquqi qüvvəsi olmadığına dair qərar qəbul etdi.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1988-ci il iyulun 18-də Ermənistan SSR və Azərbaycan SSR Ali Sovetlərinin Dağlıq Qarabağ haqqında məsələ üzrə qərarları barədə qərar qəbul etdi. Qərarda Ermənistan ilə Azərbaycan arasında konstitusiya əsasında müəyyənləşdirilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməzliyi bildirilərək göstərilirdi ki, SSRİ konstitusiyasının 78-ci maddəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin ali orqanlarının təsdiqi nəticəsində mümkün ola bilərdi. Bu müddəa Ermənistan SSR və Azərbaycan SSR konstitusiyalarında da əksini tapmışdı.
Beləliklə, Ermənistan SSR-in Dağlıq Qarabağ bölgəsini Azərbaycan SSR-dən qopararaq tərkibinə qatmaq məqsədilə başladığı açıq müdaxilə SSRİ konstitusiyasının kobud şəkildə pozulması ilə müşayiət olunduğundan hüquqi nəticə doğurmadı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti həmin iddiaları rədd etdi.
Buna baxmayaraq, DQMV-də müəssisələr işləmirdi. Az sonra vilayətdə milli zəmində toqquşmalar baş verdi. Qanlı toqquşmaların qarşısını almaq üçün 1988-ci il iyulun 28-də Azərbaycanın Dağlıq Qarabağ regionunda fövqəladə vəziyyət elan edildi...”.
Kütləvi qovulma
Millət vəkili dedi ki, Ermənistandan azərbaycanlılar vəhşicəsinə qovulması davam edirdi: “Kütləvi qovulma ölüm və zorakılıq halları ilə müşayiət olunurdu. Azərbaycan SSR prokurorluğunun məlumatına görə, 1988-1989-cu illərdə münaqişə zəminində 216 nəfər azərbaycanlı öldürülmüşdü. Onların əksəriyyəti uşaqlar, qadınlar və yaşlı adamlar idi. Kütləvi zorakılıq və talanlar dövründə erməni hərbiləşdirilmiş qruplaşmaları xüsusi qəddarlığı ilə seçilirdilər. Münaqişənin gedişində azərbaycanlılar yaşadıqları 172 kənddən qovuldular. Bütövlükdə münaqişənin gedişində Ermənistan ərazisindən 185 min 519 nəfər və ya 40897 azərbaycanlı ailə qovuldu. Onların hamısı əmlaksız və evsiz-eşiksiz qaldılar. Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi yer adları dəyişdirilərək erməniləşdirildi. Sonralar, 1991-ci il aprelin 9-da Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin qəbul etdiyi qərar ilə azərbaycanlılara məxsus 94 kəndin də adı dəyişdirildi. Ermənistanda azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələri, məzarlar və məscidlər tamamilə dağıdıldı, yerlə yeksan edildi. Beləliklə, Ermənistan zorakılıqla azərbaycansızlaşdırıldı, türksüzləşdirildi və başdan-başa erməniləşdirildi.
Vilayətdə də azərbaycanlılara qarşı zorakılıq dayanmırdı. Ermənistan SSR Ali Soveti Azərbaycanın daxili işlərinə müdaxiləni davam etdirərək yanvarın 9-da Dağlıq Qarabağı 1990-cı il iqtisadi planına daxil etdi. Bu isə Azərbaycan ilə Ermənistan arasında münasibətləri daha da pisləşdirdi.
Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi. 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul etdi. Qərarda Azərbaycan SSR-in razılığı olmadan Ermənistan SSR ilə Dağlıq Qarabağın yenidən birləşdirilməsinin qanunsuz olduğu bildirilirdi. Buna cavab olaraq Ermənistan SSR Ali Soveti respublikasında yalnız Ermənistan qanunlarının qüvvədə olduğunu bildirdi.
Mərkəzi hökumətin azərbaycanlıların etirazlarına məhəl qoymaması və hüquqlarını qorumaması nəticəsində Azərbaycanda vəziyyət daha da pisləşdi. Uğursuzluqlar daxili siyasi sabitsizliyə və böhrana gətirib çıxardı. Bakıda mitinqlər ara vermirdi. Əhali Ermənistanın müdaxiləsini dayandırmağı, Dağlıq Qarabağ regionunda vəziyyəti normallaşdırmağı, Ermənis¬tan¬dan qovulan adamların problemlərinin həllini tələb edirdi. Xalqdan ayrı düşümüş Azərbaycan hakimiyyəti isə bunları yerinə yetirməyə qadir deyildi. Hakimiyyət orqanları iflic hala düşmüşdü. Respublikanın paytaxtında vəziyyət nəzarətdən çıxırdı. Azərbay¬ca¬nın böl¬gə¬lə¬rin¬də də vəziyyət gərginləşmişdi. Bir neçə rayonda Azərbaycan Xalq Cəbhəsinin fəalları ha¬ki¬miy¬yət orqanlarını ələ keçirdilər. Yanvarın 11-12-də Lənkəranda mitinqçilər Azərbaycan KP şəhər par¬tiya komitəsinin və yerli radiostansiyanın binalarını tutdular.. Qoşun hissələrinin şəhərə girməsinə haqq qazandırmaq üçün sovet xüsusi xidmət orqanları təxribat törədərək yanvarın 13-də Bakıda yaşayan bəzi ermənilərə qarşı zorakılıq hərəkətlərini təşkil etdilər.Yanvarın 17-dən etibarən Azərbaycana əlavə sovet hərbi hissələri gətirilməyə başlandı. Azərbaycana yeridilən sovet əsgərlərinin sayı artıq yanvarın 19-da 24 min nəfərə çatmışdı. Azərbaycan xalqı sovet qoşun hissələrinin qarşısında küçələrdə əliyalın qalmışdı”.
Bəşəriyyətə və insanlığa qarşı ağır cinayət
Millət vəkili əlavə edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı: “Bu addımı atmaqla Mərkəzi hakimiyyət əsasən iki məqsəd güdürdü: Birincisi, Bakıda və respublikanın digər rayonlarında sovet ordusunun törətdiyi vəhşiliklərdən əhali xəbər tuta bilməsin. İkincisi, televiziya işləyəcəyi təqdirdə bütün əhaliyə nüraciət ola bilər, xalq Mərkəzi hakimiyyətə qarşı üsyana qalxa bilərdi.
Qorbaçov yavnarın 19-da Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə dekret imzaladı və yanvarın 20-nə keçən gecə əsasən Rostov, Krasnodar və Stavropoldan gətirilmiş ehtiyat əsgər və zabitlərdən komplektləşdirilmiş ordu hissələrinə Bakıda dinc əhaliyə qarşı silah işlətmək əmrini verdi. Əsgər və zabitlər arasında ermənilər də var idi.
Ölkəni xarici hərbi müdaxilədən qorumalı olan ordu Bakıda və Azərbaycanın digər ərazilərində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi. Kütləvi qırğın nəticəsində 131 nəfər dinc vətəndaş öldürüldü, 744 nəfər yaralandı, 12 nəfər itkin düşdü. Həlak olanların arasında uaşqlar, qadınlar, qocalar, həmçinin təcili yardım işçiləri var idi. Dinc əhali arasında kütləvi həbslər aparıldı. Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib. Onların bir qismi SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərildi. Bundan əlavə, vətəndaşların mülkiyyətinə ziyan dəydi, evləri, maşınları gülləbaran edildi. Dövlət əmlakına da ziyan dəydi.
20 Yanvar hadisəsi Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirdi. Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Azərbaycan Xalq Cəbhəsinin liderləri də qaçıb gizləndilər. Xalq başsız qalmışdı. Bir neçə gün sonra Mərkəzi Komitənin plenumunda Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi seçildi.
Bu zaman sərt nəzarət altında olan böyük dövlət və siyasi xadim Heydər Əliyev, oğlu İlham Əliyev və digər ailə üzvləri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verdi, respublika və sovet rəhbərliyinin qanlı hərəkətlərini ittiham etdi, baş verən hadisəni hüquqa zidd, demokratiyaya yad, humanizm prinsiplərinin əleyhinə olan kimi qiymətləndirdi.
20 Yanvar hadisəsi sovet hakimiyyətinin vətəndaşlarına qarşı törətdiyi ağır cinayət idi. Ordu ölkə daxilində mülki vətəndaşlara qarşı silah işlətmişdi.
Şəhidlər 1918-ci il 31 mart soyqırımı qurbanların dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində təxminən 2 milyon nəfər iştirak etdi”.
SSRİ-nin əsaslarının sarsılması və Azərbaycan xalqının həyatında dönüş anı
M.Qasımlı dedi ki, 20 Yanvar hadisəsi SSRİ-nin mövcudluğuna son qoyan amillərdən biri oldu: “Bu, sovet siyasi sisteminin böhranını, Qorbaçovun yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətinin iflasını göstərdi. Azərbaycan xalqı və hakimiyyət arasında uçurum daha da dərinləşdi. Həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycanda fabrik və zavodlar 40 gün işləmədi. Bu isə vahid bir zəncir kimi bir-birinə bağlanmış sovet iqtisadiyyatının dağılmasına ciddi təsir etdi. Ölkənin iqtisadi əsasları sarsıldı.
Xalqın orduya, xüsusi xidmət orqanlarına, bütövlükdə Mərkəzi hakimiyyətə olan inamı tamamilə sarsıldı.
Kommunistlər partiya biletlərindən imtina etməklə SSRİ-nin ideoloji əsasını sarsıtdılar. Moskvadan başlayaraq ən ucqar dağ kəndlərindəki partiya təşkilatlarına qədər sıx bağlı olan bu təşkilatın sonu yaxınlaşdı.
20 yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Xalq bundan sonra Mərkəz ilə yolunun bir olmayacağını, keçmişə qayıdışın mümkünsüzlüyünü dərk etdi və yerli hakimiyyətə də etimad bəsləmədi. Azərbaycan xalqı nicat yolunu yalnız dövlət müstəqilliyində gördü”.
Dünya azərbaycanlılarının həmrəylik ideyası
Millət vəkili bildirdi ki, belə bir şəraitdə Moskvada yaşamaq mümkün olmadığından Bakıya, oradan da doğulduğu Naxçıvana gedən Heydər Əliyev 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə həm Naxçıvan MSSR Ali Sovetinin, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı seçildi: “Ağsaqqal deputat olaraq Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasının qərarı ilə Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadələri çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırıldı. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi olaraq qəbul edildi. Sessiya Azərbaycan SSR Ali Sovetinə müraciət edərək sovet sosialist ifadələrindən imtina etməyi, üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul etməyi təklif etdi. Naxçıvanda sovet sistemindən imtina olunması geniş əks-səda doğurdu. Naxçıvan müstəqil Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiya iclasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edildi. Sənəddə törədilən qanlı hadisələr ittiham edilirdi. Bu qərarla 20 Yanvar Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunmağa başladı.
1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Respublikası adı rəsmi olaraq qəbul edildi. Martın 17-də ölkədə SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə referendum keçirildi. SSRİ-nin saxlanılması tərəfdarları üstünlük qazandılar. Azərbaycanda isə Naxçıvan Muxtar Respublikasında referendum boykot edildi.
Dünyada və ölkədə baş verən obyektiv proseslərin təsiri altında SSRİ-nin dağılması sürətləndi. 1991-ci il avqustun 19-da Qorbaçovun devrilməsi məqsədi ilə edilən çevriliş cəhdi iflasa uğradıqdan sonra ölkənin dağılmasını sürətləndi. Azərbaycan 1991-ci il avqustun 30-da dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul etdi. Bir müddət sonra hələ SSRİ mövcud olduğu bir şəraitdə -oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu.
Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da 31 dekabr tarixinin dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qəbul edilməsi haqqında qərar qəbul edildi. Beləliklə, Heydər Əliyev imperiyanın Azərbaycan xalqı üzərinə atmaq istədiyi ləkəni silərək ilk dəfə olaraq cəmiyyətə və dünya azərbaycanlılarına həmrəylik ideyasını gətirdi. Həmin ilin dekabrın 25-də Bakıda ölkə parlamentində31 dekabr gününü Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qəbul edən müvafiq qanun qəbul olundu”.
Hüquqi-siyasi qiymət
Millət vəkili onu da bildirdi ki, Heydər Əliyev ölkə rəhbəri seçildikdən sonra 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsindən ötrü zəruri addımlar atdı: “1994-cü il martın 29-da onun təşəbbüsü ilə bu hadisəyə hüquqi-siyasi qiymət verildi, totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 31 mart tarixli fərmanı ilə də “20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Bu gün ölkədə təxminən 150 məfər 20 Yanvar Şəhidi vardır. Şəhid ailələri dövlətin qayğısı və himayəsi altındadır. Təkcə bir faktı demək kifayətdir ki, Prezident İlham Əliyevin 2023-cü il 11 yanvar tarixli fərmanı ilə 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylığ məbləği bu ilin əvvəlindən etibarən 600 manat müəyyən edilib.
20 Yanvar və bütün şəhidlərin ruhu ehtiramla yad edilir. Şəhidlər Xiyabanını ziyarət etmək dövlət protokoluna daxil edilib. Hər il yanvarın 20-də Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edərək xatirələrinə ehtiramını bildirir. Xarici qonaqlar da Şəhidlər Xiyabanı ziyarət edərək əklil qoyurlar.
20 Yanvar şəhidlərinin ruhu bu gün şaddır. Arzuladıqları həyata keçirilib. Torpaqlar işğaldan azad edilib. Güclü Azərbaycan dövləti vardır. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və digər yerlərdə də bayrağımızın ucaldılacağı gün uzaqda deyildir”.
İbrət alınacaq dərslər
Onun fikirncə, 20 Yanvar hadisəsi bir sıra ibrət dərsləri almağa imkan verir: “Millət öz idealları və qarşıya qoyduğu məqsədlər naminə əzmkar olmalı, kimsədən yardım ummamamlı, yalnız özünə güvənməlidir. Heç bir güc milli iradədən üstün deyil. Azərbaycan xalqının inkişafının və qarşıya qoyduğu məqsədlərə çatmasının təməlində güclü dövlət və qüdrətli dövlət rəhbəri amilləri dayanır. Xaos, anarxiya və zəif hakimiyyət millətin yolunda başlıca əngəldir. Azərbaycan xalqı daim yenilənməli, inkişaf etməli, dövləti güclü olmalı və vətənpərvərlik hissləri güclü olmalıdır”.
Əli Zülfüqaroğlu