Türkiyənin sosial şəbəkə istifadəçiləri Siyasət

Türkiyənin sosial şəbəkə istifadəçiləri

Prezident İlham Əliyevin addımını rəğbətlə qarşılayıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Türkiyəyə səfəri azərbaycanlı və türkiyəli sosial şəbəkə istifadəçiləri arasında əsas müzakirə mövzularından biri oldu.
Sosial şəbəkələrin sıravi istifadəçiləri ilə yanaşı, Türkiyənin rəsmi şəxsləri də Azərbaycan Prezidentinin Ankaraya səfəri ilə bağlı fikirlərini bölüşməkdə fəallıq göstəriblər.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" sosial şəbəkəsindəki səhifəsində Prezident İlham Əliyevin Ankaraya səfərini yüksək qiymətləndirib.
O, türk xalqı adından bu günlərdə nümayiş etdirilən həmrəyliyə görə minnətdarlığını bildirib.
Türkiyə XİN rəhbəri, həmçinin yazıb ki, "Bir millət, iki dövlət" təkcə şüar deyil. Türk və Azərbaycan xalqlarının ortaq duyğularını əks etdirən əbədi irsdir.
Türkiyənin hakim partiyasının (Ədalət və İnkişaf Partiyası) mətbuat xidmətinin rəhbəri Ömər Çelik də "Twitter" sosial şəbəkəsindəki səhifəsində Azərbaycana bu sözlərlə təşəkkür edib: "Can Azərbaycan həmişə qəlbimizdədir. Bu çətin günlərdə qardaşlıqlarını heç vaxt unutmayacağıq. Çox yaşa Azərbaycan".
Ö.Çelik yazır: "Qardaşlıq həmişə və indi! Can Azərbaycan..."
Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan da Azərbaycan Prezidentinin Türkiyəyə səfərini yüksək qiymətləndirib.
Y. Akdoğan "Twitter"dəki səhifəsində yazıb: "Can Azərbaycan... Qardaşlıq bax budur".
"Türkiyənin sıravi vətəndaşları da - Twitter" və "Facebook" sosial şəbəkələrinin istifadəçiləri - Prezident İlham Əliyevin Ankaraya səfərini yüksək qiymətləndiriblər.
Onlar yazırlar: "Azərbaycan əsl qardaş və dostdur", "Bu ağır günlərdə bizi tək qoymayanlar əsl dostdur. Təşəkkürlər, Azərbaycan!", "Türkiyəni həmişə dəstəkləyən yeganə ölkə Azərbaycandır", "Azərbaycan Türkiyəyə qarşı qardaşlıq münasibətini bütün dünyaya sübut etdi", "Terror aktlarından sonra bütün dünya Fransanı dəstəkləyəndə, Türkiyəni yalnız Azərbaycan dəstəklədi və bu, əsl qardaşlıq münasibətidir", "Azərbaycanın gücü Türkiyənin gücü deməkdir".