Seçkidə prioritet namizəd Ərdoğandır - Politoloq Siyasət

Seçkidə prioritet namizəd Ərdoğandır - Politoloq

Kamal Kılıncdaroğlunun kimiliyi son zamanlar cəmiyyət və mediada sorğulanmaqdadır. Kılıncdaroğlunun atasının kürd, anasının erməni olması ilə bağlı yayılan məlumatların mediada və cəmiyyətdə manşet edilməsi işin bir başqa istiqamətini göstərmiş olur. Yəni görünən odur ki, "Türk Dərin Dövlət'i üçün bu seçkidə prioritet namizəd Ərdoğandır.
"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Samir Hümbətov deyib.

O, qeyd edib ki, hər vəziyyətdə Türkiyədə gərgin seçkinin olacağı açıq şəkildə görünməkdədir: "Mövcud iqtidar son 20 ildə Türkiyənin həm daxili, həm də xarici siyasətini demək olar ki, yenidən formalaşdırdı. Türkiyə daxilində terrorun, xüsusilə də PKK terrorunun minumuma endirilməsi, regiona yeni açılım siyasətinin gətirilməsi, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkan Yarımadası, Yaxın Şərq və Şimali Afrikada, Şərqi Aralıq Dənizində möhkəmlənmə, Türk Dövlətlər Təşkilatını qurması, Türkiyənin özünəməxsus müdafiə sənayesini qurması və inkişaf etdirməsi və digər məsələlər Qərb dövlətləri, xüsusilə də ABŞ ilə müzakirə ediləmədən atılan addımlar olduğu üçün Ərdoğan hökuməti onlar üçün arzuolunmaz kimi qəbul edilməyə başlanıldı. Ona görə ki, Qərb dövlətləri mövcud iqtidarın hakimiyyətdən getməsi üçün bütün mümkün imkanlardan istifadə etməyə çalışır".

Politoloqun fikrincə, mövcud hökumətdən fərqli olaraq Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi blok Türkiyənin daxilində və xaricindəki mövcud mövqeyini dəyişməyə çalışır görüntüsü də verməkdədir: "Yəni belə məqamda demək olar ki, Türkiyədə iqtidar dəyişərsə, siyasət də dəyişər anlayışı ortaya çıxa bilər. Əlbəttə ki, bu seçki həm də "Türk Dərin Dövlət"i ilə Qərb dövlətləri arasında gedəcək ciddi rəqabəti də göstərmiş olacaq.
Fikrimcə, Məhərrəm İncənin 2018-ci ildə "Millət İttifaqı"nın və CHP-nin vahid namizədi olmasına baxmayaraq 2 il öncə CHP-dən ayrılaraq Məmləkət Partiyasını qurması bu seçkilərə də qatılmaq qərarı verməsi CHP-nin səslərini ciddi şəkildə parçalaya bilər. Ona görə ki, Məhərrəm İncə Kamal Kılıncdaroğlundan və digər "altılı masa" nümayəndələrindən daha xarizmatik siyasətçidir və demək olar ki, CHP tərəfdarlarının ona ciddi simpatiyası var. Bu da səslərin parçalanması deməkdir".

Cavid