“Azərbaycan əlverişli gesosiyasi vəziyyət yarananadək bənzər təklif irəli sürə bilər” Siyasət

“Azərbaycan əlverişli gesosiyasi vəziyyət yarananadək bənzər təklif irəli sürə bilər”

“Mümkündür ki, separatçılar martın 13-də təqdim edilmiş dəvət kimi Prezident Administrasiyasının bu dəfəki dəvətini də qəbul etməyəcək”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə növbəti dəfə Bakıya dəvət edib.
Xankəndidəki separatçı rejim bundan öncə olduğu kimi Bakının bu təklifinə də görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi bəhanələr irəli sürərək özlərini “tərəf” kimi təqdim etməyə çalışacaqlar.
Separatçı rejimin neqativ cavablarına baxmayaraq Azərbaycan tərəfinin reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə görüş təkliflərini davam etdirməsi zəruridir:
Birincisi, Azərbaycan tərəfi bununla bir daha problemlərin danışıqlar yolu ilə həll edilməsində maraqlı olduğunu gərginliyi artıran tərəfin separatçılar olduğunu göstərmiş olur. Bu həm də o baxımdan vacibdir ki, ehtimal antiterror əməliyatları zamanı Qərbin təzyiqləri qarşısında bunu arqument kimi istifadə etmək olar.
İkincisi, rəsmi Bakı bu kimi təkliflər ilə həm də vaxt qazanmağa çalışır. Belə ki, antiterror əməliyyatları üçün bütün hazırlıqlar görülsə də geosiyasi vəziyyət hələlik buna uyğun deyil.
Xüsusilə də Türkiyədə seçkilər öncəsi belə bir addımın atılması əlavə risklər yaradır. Azərbaycan tərəfi Türkiyədəki seçkilər bitənədək və əlverişli gesosiyasi vəziyyət yarananadək erməni icmasına yenidən bənzər təklif irəli sürə bilər”.