
Elxan Şahinoğlu: "Ermənistanda düşünürdülər ki, Rusiya Azərbaycan ordusunun irəriləməsinə birinci gündən imkan verməyəcək"
Aprelin ilk günlərində təmas xəttində baş verən məlum hadisələrə qədər belə bir fikir formalaşmışdı ki, əgər Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonlardan bir neçəsini azad etmək istəsə Rusiya bu prosesə qarışmayacaq, separatçılara dəstək verməyəcək. Yəni Rusiya Azərbaycana kiçik müharibə aparmağa mane olmayacaq. Bu Rusiyaya ona görə lazımdır ki, Ermənistan hakimiyyətinə təzyiq etsin və sülh sazişi imzalansın və bununla Kreml Azərbaycanı da öz siyasi orbitinə cəlb edə bilsin. Çünki, əgər Rusiya işğal altındakı torpaqların boşaldılmasına əsas dövlət olarsa, Azərbaycan Moskvanın istəyi əsasında Rusiyanın planlarında yer almalı olacaq. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir. O, bildirib ki, məhz bunun göstəricisi idi ki, Rusiya rəsmiləri cəbhə bölgəsindəki gərginliyə görə Azərbaycanı tənqid etmədilər: "Bu isə təbii ki, İrəvanı narazı saldı, hətta Rusiyanın Gümrüdəki hərbi bazasındakı qüvvələrə "hazır olun" komandası verilmədi, hərbi baza adi günlərini yaşadı. Ermənistanda düşünürdülər ki, Rusiya Azərbaycan ordusunun irəriləməsinə birinci gündən imkan verməyəcək. Ancaq ilk günlər Rusiya proseslərə qarışmadı. Moskva prosesə qarışa da bilməzdi. Çünki, Rusiya Ermənistanın təhlükəsizliyinə məsuliyyət daşıyır, Dağlıq Qarabağa yox. Rusiya sözdə də olsa Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır. Bu mənada Rusiya üçün iki qırmızı xətt var. Birinci qırmızı xətt odur ki, Azərbaycan ordusu Ermənistan ərazisinə təhlükə yaratmasın. Azərbaycanın onsuz da belə bir planı yoxdur. Rusiya üçün ikinci qırmızı xətt odur ki, Azərbaycan ordusu Xankəndinə daxil olmasın. Azərbaycanın hazırki mərhələdə belə bir planı da yoxdur. Əsas vəzifə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasıdır". Politoloq deyir ki, "Rusiya Ukraynada olduğu kimi Dağlıq Qarabağa da xüsusi təyinatlı dəstələ göndərə bilərmi" – sualı da Azərbaycanda ciddi müzakirə olunurdu: "Rusiya bu risqli addımı atmadı. Çünki, Rusiyada anlayırlar ki, Dağlıq Qarabağa Ermənistan üzərindən qeyri-rəsmi şəkildə xüsusi hərbi dəstələr göndərsələr, Azərbaycana müttəfiq olan dövlət və xalqlardan da, o cümlədən Türkiyə, Pakistan və İranın azərbaycanlı əhalisindən də Azərbaycan tərəfdən könüllülər gələcək. Bu isə müharibəni Dağlıq Qarabağın kənarına, o cümlədən Şimali Qafqaza keçirə bilər. Bu da Rusiyanın maraqlarına uyğun deyil". Elxan Şahinoğlu onu da bildirib ki, bütün hallarda Azərbaycan Kremlin istəyi ilə aprelin 6-da atəşkəsə razılaşdı: "Azərbaycanın və Ermənistanın baş qərargah rəisləri Moskvaya dəvət olundular və Rusiya paytaxtında atəşkəs razılaşdırıldı. Bunun özü də bölgədəki nəzarətin Rusiyanın əlində olduğunu göstərdi.
Bu baxımdan başqa bir sual da meydana çıxır: Azərbaycan ordusu döyüşləri bir müddət də davam etdirə bilərdimi? Əlbəttə, Azərbaycan ordusu cəbhə bölgəsində xeyli irəli getsəydi və bir neçə rayonun azad olunması prosesini sürətləndirsəydi, Azərbaycan Kremlin təzyiqinə baxmayaraq, müharibəni bir neçə gün də davam
etdirəcəkdi. Ancaq cəbhədəki vəziyyəti prezidentdən və müdafiə naziri Zakir Həsənovdan yaxşı bilən yox idi. Ona görə də əgər prezident atəşkəsə razılaşdısa o, bu qərarı həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə verdi. Buna baxmayaraq, Azərbaycanın cəbhə bölgəsindəki uğuru, bir neçə kəndi azad etməsi və 8 strateji yüksəkliyi ələ keçirməsi rəsmi Bakıya bir neçə iqtiqamətdə üstünlük qazandırır: Birincisi, 22 ildən sonra Azərbaycan ordusu öz gücünü göstərdi. Azərbaycan ordusu ilə Ermənistan ordusu arasındakı fərqi hamı gördü. Əgər Azərbaycan ordusunun arsenalında modern silahlar və ağır hərbi texnika varsa, Ermənistan ordusunun 1980-ci illərin silahları ilə savaşdığı bəlli oldu. Bunu Ermənistan prezidenti Serj Sərkisyan aprelin 6-də Berlindəki çıxışı zamanı da etiraf etdi. İkincisi, Azərbaycan ordusunun hücuma keçməsi cəmiyyətdə ruh yüksəkliyi yaratdı. 22 ildən sonra Azərbaycan məğlub sindromdan qurtuldu, bu gün Azərbaycan bayrağı evlərdə, küçələrdə, maşınlarda dalğalanır. İşğalçı ilə müharibə və Dağlıq Qarabağın azad olunması Azərbaycan xalqının milli və birləşdirici ideyasına çevrildi. Cəmiyyət sanki oyandı və hakimiyyətdən tələb etdi ki, bütün torpaqları güc yoluyla azad etsin. Azərbaycanın müasir tarixində ilk dəfə olaraq müxalifət hakimiyyətə dəstək verdi. Üçüncüsü, beynəlxalq aləmə ciddi mesaj verildi. Mesajın əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan uzun müddət işğal faktına dözməyəcək. Bu hadisəyə qədər beynəlxalq aləmdə Dağlıq Qarabağ ətrafındakı rayonlar mövzusu aktual deyildi. Cəbhə bölgəsindəki toqquşmalardan sonra beynəlxalq aləmin Dağlıq Qarabağ ətrafındakı rayonlara marağı artdı, hətta Qərbdə "bu rayonlar azad olunmalıdır" fikirləri eşidilməyə başladı. Bu faktor da Azərbaycanın diplomatik uğuru sayıla bilər". Mərkəz rəhbərinin sözlərinə görə, Azərbaycan ordusu hələlik əldə etdiyi strateji yüksəkliklərdə müdafiə sistemlərini gücləndirir. Ancaq o da aydındır ki, Ermənistan danışıqlarda öz istəyi ilə Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməsə atəşkəs yenidən pozulacaq və Azərbaycan ordusu yenidən irəriləməyə çalışacaq: "Hadisələrin necə inkişaf edəcəyi Moskvadan asılıdır. Əgər Kreml Cənubi Qafqazda müharibənin davamını istəmirsə Ermənistan prezidenti Serj Sərkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, yəni danışıqlar yenə uzanacaqsa bunun davamının nə olacağını artıq İrəvana və Kremlə bəllidir. Rusiya Cənubi Qafqazdakı proseslərə ən çox təsiri olan dövlətdir. Rusiya Ermənistanın strateji müttəfiqi, Azərbaycanın isə tərəfdaşıdır. Azərbaycanla Ermənistan arasında ədalətli sülhün əldə olunması Rusiyanın maraqlarına cavab verməlidir. Bununla Rusiya iki məqsədinə nail ola bilər. Birinci məqsəd – Azərbaycanla Ermənistan arasında sülhə nail olan Rusiyanın bölgədəki rolu artacaq. İkinci məqsəd - Azərbaycan Rusiyanın istəyi ilə Gömrük İttifaqı ilə Avrasiya İqtisadi Birliyinə üzv olacaq. Moskvanın bu iki məqsədini reallaşdırmaq üçün Ermənistan prezidentinə təsir etməsi lazımdır. Ancaq bunun məhz belə olacağı hələ bəlli deyil".