“Qarabağ danışıqlarının həlli istiqamətində ciddi nəticələrin olacağı gözlənilmir” Siyasət

“Qarabağ danışıqlarının həlli istiqamətində ciddi nəticələrin olacağı gözlənilmir”

Məhəmməd Əsədullazadə: "Rusiya ənənəsinə sadiq qalacaqsa regionda NATO və Türkiyə amili güclənəcək"

Cəbhə xəttində yaşanan aprel hadisələrindən sonra Dağlıq Qarabağ probleminin həllinə marağın nisbətən artdığı müşahidə edilsə də, hələlik münaqişənin həlli istiqamətində ciddi bir addımın atıldığı hiss edilmir. Yalnız Rusiya Federasiyasının fonunda təmas xəttində yenidən gərginliyin artmasının qarşısının alınmasına cəhdlər göstərilir. Hər halda 4 günlük hərbi əməliyyatlardan sonra Rusiya rəsmilərinin bir-birinin ardınca regiona səfər etmələri, hər iki ölkədə görüşlər keçirməsi belə deməyə əsas verir. Bu arada Rusiyanın Qarabağ probleminin həlli məqsədilə yeni təkliflər paketi üzərində işlədiyi, plana əsasən işöal altında olan ərazilərimizin tezliklə 5+2 prinsipi əsasında azad ediləcəyi barədə fikirlər səsləndirilsə də, lakin rəsmi Moskvanın səmimiliyi, Qarabağ probleminin həllinə maraqlı görünməsi şübhə doğurur. Əksər ekspertlər hesab edirlər ki, Rusiya Dağlıq Qarabağ probleminin həllinə maraq göstərsə belə, özünün müəyyən istəklərinin reallaşması fonunda bu addımı atacaq. Elə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə də bu qənaətdədir. Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevan səfəri, Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəsmləri ilə keçirdiyi görüş və verdiyi açıqlamadan aydın olur ki, rəsmi Moskva münaqişənin həlli istiqamətini yalnız öz sülhməramlı qüvvələrini əraziyə yerləşdirməkdə görür: "Yaxud davamlı atəşkəsin olması üçün mexanizmlərin cəbhə bölgəsində yerləşdirilməsini vurğulmaqla, Rusiyanın koordinatorluğunu götürdüyü münaqişənin ədalətli həllinə şübhə yaradır. Ermənistanda son bir neçə gündə Rusiya əleyhinə aksiyaların keçirilməsi və ölkə daxilində müəyyən narazılıq da Sergey Lavrovu bu ölkəyə səfər etməsinə təsadüf edib. Bu səfər nəticəsində, Qarabağ danışıqlarının həlli istiqamətində ciddi nəticələrin olacağı gözlənilmir". Məhəmməd Əsədullazadə deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda ənənəsinə sadiq qalaraq öz maraqlarından çıxış edəcəksə, regionda NATO və Türkiyə amili güclənəcək: "Bu proses,Rusiyanın Cənubi Qafqaz regionuna təsirlərini ciddi şəkildə zəiflədəcək. Ukraynanın ərazi bütövlüyünü kobudcasına pozan Rusiya hərbi yolla Krımı öz ərazisinə anneksiya etməklə, beynəlxalq hüquqa məhəl qoymadı. Ancaq indi Rusiyanın Azərbaycanın BMT tərəfindən təsbit olunmuş və Moskvanın özü tərəfindən tanınılmış ərazi bütövlüyünün təmin olunmasına imkan verməməsi, regionda sülh və təhlükəsizliyi təhdid edərək,yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur: "Rusiya və Ermənistan oxu zəifləyir, regionda Türkiyə, Azərbaycan və Gürcüstan oxu isə güclənir". İnstitut rəhbəri bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilmək barədə düşünmür və Dağlıq Qarabağa Ermənistandan yeni qoşun hissələri və zirehli texnika yığır: "Mümkün müharibə ssenarisinə hazırlaşmaq anonsu özünü göstərir. İşğalçı ölkənin prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri, onun Xankəndində generalitetlərlə hərbi müşavirə keçirməsi, səsləndirdiyi fikirlər, işğal olunmuş ərazilərdə möhkəmlənmək barədə açıqlamaları, Ermənistanın yaxın aylarda yenidən təxribata əl ata biləcəyindən xəbər verir . Və bu baş verərsə, yenidən müharibənin aktiv fazaya keçməsinə gətirib çıxaracaq və Azərbaycanın əks hücumu ilə nəticələnəcək. Əgər, müharibə yenidən başlayrasa, Azərbaycanın uğurlu hərbi əməliyyatları Ermənistanda siyasi gərginliklərə səbəb ola biləcək". Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanda Robert Köçaryan bu siyasi gərginliklərdən istifadə edib, yenidən hakimiyyəti ələ ala bilər: "Serj Sərkisyan bunu çox gözəl bilir və çətin durumda qalaraq,çıxış yolları axtarır .Məhz, eks-prezident Levon Ter- Petrosyanın qəbuluna gedərək, vəziyyətdən çıxış yolunu, , Azərbaycana güzəştə getməyin yollarını arayıb. Məlumat üçün qeyd edək ki, Levon Ter-Petrosyan Azərbaycana güzəştə getdiyi üçün zamanında Koçaryan və Sərkisyan tərəfindən hakimiyyətdən devrilib. Hazırda isə Sərkisyan Koçaryanın fəallaşmasından narahatdır. Göründüyü kimi Azərbaycanın qüdrəti, gücü və onun ordusu, artıq Ermənistanın siyasi gündəmini dəyişmək iqtidarındadır və bunu Sərkisyan rejimi çox gözəl başa düşür. Üç günlük müharibə və Moskvada imzalanmış 5-Aprel atəşkəsi kövrək olaraq qalır və Rusiyanın fəal müdaxiləsi ilə proseslər aktiv müharibə fazasına hələlik keçmir. Hazırda Rusiya muxtəlif kanallarla problemin həlli istiqamətində irəliləyişin ola biləcəyindən xəbər verir. Amma danışıqlarda irəlləyiş olmasa, Azərbaycan Ermənistanı yenidən masa arxasına gətirməyə məcbur edəcək. Yəni yay aylarında əməliyyatlar yenidən başlaya bilər. Artıq atəşkəs, yenidən iriçaplı artilleriya silahları vasitəsilə pozulur. Azərbaycanın həmin silahların böyük qisminin işə salmaması üçün Ermənistan ordusu işğal olunmuş ərazilərdən çəkilməlidir. Əks təqdirdə bu Ermənistan üçün heç də yaxşı nəticələrə səbəb olmayacaq. Gərək Ermənistan bunları ciddi şəkildə nəzərə alsın".