Alman jurnalist Qarabağa görə məhkəməyə verilir Siyasət

Alman jurnalist Qarabağa görə məhkəməyə verilir

Almaniyalı jurnalist Volfram Veinmer Qarabağla bağlı böhtana görə məhkəməyə veriləcək.
Alman Azərbaycan Mədəniyyət Evinin icraçı katibi, Dünya Azərbaycanlıları Assambleyasının təmsilçisi Rəşad Quliyevin onun sözlərinə görə, Almaniyanın "N-TV" kanalının internet səhifəsində Azərbaycan əleyhinə yalan, böhtan dolu yazı dərc olunub: "Məqalədə Azərbaycanla Ermənistan arasında baş verən məlum hadisələr birtərəfli, qeyri-obyektiv şəkildə işıqlandırılıb, hadisəni əsas hədəfindən yayındıraraq, xristian-müsəlman münaqişəsi olaraq təqdim olunub. İddia olunub ki, münaqişədə guya Azərbaycanla Türkiyə birləşərək xristian ermənilərinə qarşı müharibə aparır. Yazıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın şəxsiyyəti ləkələnib, hər iki lider Qarabağda baş verənlərə görə ittiham obyekti olub".
Rəşad Quliyev bildirib ki, yazı müəllifi Volfram Veinmer obyektiv araşdırma aparmayıb: "Bu yazı erməni lobbisinin sifarişidir. Xaricdə olan bizlər də bu yazıya biganə qalmayaraq Dünya Azərbaycanlıları Assambleyası olaraq bu yazıya etirazımızı bildiririk. Bəyan edirik ki, böhtan yaydığına görə yazı müəllifini və bu yayım orqanını Almaniya Federativ Respublikasının məhkəmə orqanına verəcəyik. Hazırda bu böhtana cavab olaraq Almaniyada və dünyanın başqa ölkələrində fəaliyyət göstərən 100-ə yaxın təşkilatların və xaricdə təhsil alan tələbələrin imzasını toplamışıq. İmza atanlar arasında almanlar, milliyyətcə yəhudi, rus, gürcülər və digər xalqların nümayəndələri də var. İmza toplanma həftə sonuna qədər davam edəcək".
Dünya Azərbaycanlıları Assambleyası Volfram Veinmerə qərəzli məqaləsini təkzib etməklə bağlı müraciət edib. Əks təqdirdə, onun məhkəməyə veriləcəyi bildirilib.