Ermənistan sülh müqaviləsini imzalamağa məcbur olacaq Siyasət

Ermənistan sülh müqaviləsini imzalamağa məcbur olacaq

Əsas format üçtərəfli Brüssel formatıdır

Kişinyovda baş tutan beştərəfli görüş də bugünlərdə Moskva keçirilən üçtərəfli görüş kimi heç bir önəmli sənəd imzalanmadan başa çatsa da, lakin ümumən bu görüşü irəliyə doğru bir addım hesab etmək olar. Üçtərəfli və beştərəfli görüşlərin artması Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanacağı tarixi anın yaxınlaşmasına və ya yaxınlaşdırılmasına xidmət edir. Odur ki, biz bu görüşlərin nəticələrinə bəziləri kimi pessimist yox, nikbin ovqatla yanaşmalıyıq. Prezident İlham Əliyev də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən beştərəfli qeyri-rəsmi görüşdə özünü çox rahat hiss edirdi. Bu görüşdə psixoloji üstünlük bizim tərəfimizdə idi.
Bunu “Xalq Cəbhəsi”nə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya sədrinin fikrincə, Fransaya görə isə narahat olmağımıza dəyməz. Beştərəfli formatda Fransa kimi təəssübkeş, potensial ermənipərəst bir ölkənin təmsil olunması heç nəyi dəyişmir: “Əlbəttə, Fransa da Rusiya kimi bu prosesi ləngitməyə çalışa bilər, lakin qarşısını ala bilməz. Ermənistan onsuz da yekun sülh müqaviləsini gec-tez imzalayacaq. Daha doğrusu, imzalamağa məcbur olacaq. Fransa və Almaniyanın iştirakı ilə baş tutan beştərəfli görüş sadəcə dekorasiya xarakteri daşıyır. Əsas format isə üçtərəfli Brüssel formatıdır. Avropa İtifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə gerçəkləşdirilən Brüssel formatı digər formatların hamısından səmərəlidir və artıq müsbət nəticələr verməkdədir.
Elə Kişinyovda keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidentinin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə baş tutan beştərəfli görüşün əsas təşkilatçısı da məhz Şarl Mişel idi. Ona görə də bizim üçün Kişinyov görüşünün nəticələri barədə Fransa Prezidenti Emmanuel Makronun subyektiv fikirləri yox, Aİ Şurasının Prezidenti Şarl Mişelin mövqeyi önəmlidir. Onsuz da hamıya məlumdur ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Fransanın qərəzli davranışları Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”.
Ə.Hüseynov qeyd edib ki, bizim üçün önəmli olan əsas məqam Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinin artıq Avropanın gündəminə oturmasıdır. Brüsseldə anlayırlar ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı kimi, Avropanın sülh və təhlükəsizlik arxitekturasının qurulmasında da açar ölkələrdən biridir. Cənubi Qafqazda qalıcı sülhə və sabitliyə nail olmadan ümumi Avropa təhlükəsizliyindən danışmaq mümkün deyil: “Ona görə də Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində intensiv görüşləri keçirmək xəttini tutur. Bu çox düzgün taktikadır. “Yumşaq güc” diplomatiyasının davamlı tətbiqi Ermənistan rəhbərliyinin sülh prosesini süni surətdə yubatmaq üçün istifadə etdiyi bəhanə və “kart”ların hamısını get-gedə əlindən alır. Başqa sözlə desək, Nikol Paşinyanın manevr imkanları getdikcə daralır. Odur ki, növbəti üçtərəfli görüşlərin birində yekun sülh sazişinin imzalanmasının şahidi ola bilərik”.
Partiya sədri onu da vurğulayıb ki, bu il Bakı Enerji Həftəsi çərçivəsində28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin keçirilməsi həm də ABŞ Prezidenti Cozef Baydenin və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın bununla bağlı Prezident İlham Əliyevə təbrik məktubları ünvanlaması ilə əlamətdar oldu. Bu da Bakı Enerji Həftəsinə beynəlxalq miqyasda diqqətin göstəricisidir: “Qərbin aparıcı dövlətlərinin liderlərinin göndərdiyi hər iki məktubda səslənən fikirlər Azərbaycanın dünyanın qlobal təhlükəsizlik, o cümlədən Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı rol oynayan ölkələrdən biri olduğunu təsdiqləyir. Belə ki, Azərbaycanın reallaşdırdığı meqa-layihələr, neft-qaz layihələri hazırkı geosiyasi təlatümlər şəraitində bütün dünya üçün önəmli, əlverişli rol oynayır. Bu mənada, Birləşmiş Ştatların Prezidenti Co Baydenin məktubunda Azərbaycanın təhlükəsiz və təmiz enerji ilə bağlı göstərdiyi səylərin yüksək qiymətləndirilməsi həqiqətən də təqdirəlayiqdir.
Yeri gəlmişkən, ABŞ lideri son bir həftə ərzində Azərbaycan Prezidentinə iki dəfə təbrik məktubu ünvanlayıb. Bunların birincisi 28 May – Müstəqillik Günü ilə bağlı olan təbrik məktubudur, digərinin Bakı Enerji Həftəsi münasibətilə göndərildiyini isə yuxarıda qeyd etmişik. Ağ Ev rəhbərinin hər iki məktubunda olduqca mühüm siyasi mesajlar yer alıb.
Bayden Azərbaycanın gerçəkləşdirdiyi islahatlar prosesində və eləcə də sülh təşəbbüslərində ABŞ-ın Azərbaycanın yanında olacağını diqqətə çatdırıb. Bu da öz növbəsində olduqca önəmli siyasi dəstəkdir. Daha doğrusu, Amerika Birləşmiş Ştatlarının rəhbəri Azərbaycana açıq şəkildə siyasi dəstək nümayiş etdirib. Ümumən, istər Baydenin, istərsə də İngiltərənin Baş naziri R.Sunakın məktublarını müsbət qiymətləndirilməlidir. Bakının çoxşaxəli, çevik xarici siyasəti dünya liderlərinin dəstəyini qazanmağa etibarlı zəmin yaradır”.

Cavid