Və Qərb bir kərə anlamalıdır ki... Siyasət

Və Qərb bir kərə anlamalıdır ki...

Qarabağda separatizmin kökünü qazımadan Gürcüstanda, Moldovada və Ukraynada onun qarşısını almaq mümkün olmayacaq
Separatçılıq əslində Rusiyanın özü üçün ən böyük təhlükədir, amma Moskva "separatçılıq kartı" ilə Rusiyanın sərhədləri xaricində oynayır

Putin bütün MDB ölkələrini Ermənistan kimi görmək istəyir. İqtisadiyyatı tamamilə çökdürülmüş, siyasi müstəqilliyi istənilən vaxt zibilliyə atılacaq kağız parçasından ibarət, torpağı rus əsgərlərinin çəkməsi altında bərkiyən və beynəlxalq hüququn deyil, Kremlin subyektinə çevrilmiş forpost bir ölkə kimi. Bu kölə psixologiyası erməniliyin mahiyyətilə eyniləşib...
Qərb Ukraynanı şər(q) separatçılarından müdafiə etməyə çalışır. Rusiya isə təkcə Ukraynanı deyil, bütün Cənubi Qafqazı, Orta Asiyanı, Baltik regionunu, irəli gedə bildiyi qədər Şərqi Avropanı bu məlun siyasətin hədəfinə gətirməyə çalışır.
Amma sirkə bir qədər tünd çıxıb. İmperiya hərisliyi Rusiya rəhbərliyinin gözünü o qədər örtüb ki, SSRİ-nin dağılma prosesinin "qanunsuz" olması kimi əcaib iddia ilə tarixi mühakimə etməyə çalışırlar.
Və bu hərislik böyük ehtimalla Gömrük İttifaqını da bitərəcək.
Ən azından Putinin ideyası olan Gömrük İttifaqı hələ formalaşmamış ötən həftə çat verdi...
İttifaqın təsisçilərindən və Avrasiya Birliyi ideyasının dəstəkçilərindən olan Qazaxıstan da artıq Rusiyanın təcavüzkar planlarından narahat olmağa başlayıb. Hecə ki, Putin hakimiyyətinin imperialist planlarından, Ukraynaya qarşı təcavzündən, "rus marşı"ndan ruhlanan Xakasiya Ali Sovetinin sədri Vladimir Ştıqaşevin bəyanatına Qazaxıstan sərt reaksiya verdi. Hazarbayev təkcə ictimai xadimlərin vasitəsilə Moskvaya "Qazaxıstan Ukrayna deyil və lazım olsa, xalq qalxacaq" xəbərdarlığını çatdırmaqla kifayətlənmədi, eyni zamanda Rusiyanın səfirinə rəsmi səviyyədə etirazını ifadə etdi və ən önəmlisi bu gün hökumət ölkədə separatçı fəaliyyətə görə cəzaları sərtləşdirməyə hazırlaşır. Kreml Ştıqaşevin timsalında Qazaxıstana qarşı ərazi iddiasına görə elə onun timsalında da üzr istədi.
Hər halda Astana ilə Moskva arasında çatlar yarandı və Putin üçün Qazaxıstanla münasibətlərdə qarşılıqlı etimadsızlıq doğuran mühiti aradan qaldırmaq o qədər də asan olmayacaq. Kreml Hazarbayevin timsalında ən yaxın müttəfiqini də Rusiyanın təcavüzünə hazır olmaq məcburiyyətində qoydu. Qazaxıstanın şimalında Rusiya ilə sərhəd vilayətlərində "terrorçulara qarşı əməliyyat" adı altında genişmiqyaslı hərbi təlimlərin keçirilməsi də bunu deməyə tam əsas verir.
Yeri gəlmişkən, Xakasiya Ali Soveti sədrinin məlum bəyanatı Qırğızıstanda da ciddi narahatlıq doğurub.
Rusiyanın digər müttəfiqi - Belorus da artıq Kremlin siyasətinə qarşı çıxmağa başlayıb. Bir qədər əvvəl tərəddüdlə də olsa Krımı Rusiyanın ərazisi kimi tanıyan rəsmi Minsk indi Rusiyanın Ukrayna ilə bağlı siyasətinə qarşı çıxmağa başlayıb.
Belorus prezidenti Lukaşenkonun Putinin Ukraynanı federallaşdırmaq siyasətinə qarşı olduğunu bəyan etməsi, ən önəmlisi isə Kremlin qanuni hesab etmədiyi Ukrayna müvəqqəti hökumətini tanıması Gömrük İttifaqının dağılma prosesinin siqnalı kimi də qəbul oluna bilər.
Aydın məsələdir ki, Lukaşenko Putinin aqressiv siyasətindən narahatdır və özünə hörmət edən heç bir dövlət - istər Gömrük İttifaqının üzvü olsun, istər olmasın - Putinin arzuladığı vassallığın Ermənistan modelini özünə rəva görməz.
Lukaşenko Ukraynaya qarşı qəzəbini boğa bilməyən, Cənubi Qafqazı təhdid edən, hətta "çox irəli gedərək" Qazaxıstanın ərazi bütövlüyünü hədələyən Putin hakimiyyətinin Belorus üçün də gələcəkdə problemlər yaradacağının fərqindədir.
Ən önəmlisi isə artıq həm Qazaxıstan, həm də Belorus Gömrük İttifaqının aralanan pərdəsi arxasında Rusiyanın əyalətlərdən ibarət imperiya qurmaq arzusunu görürlər.
Minskdə də, Astanada da rus icmalarından ibarət "bombaların" bir gün fitilinin çəkilə biləcəyi hesaba alınır. Hecə ki, o fitili Moskva ən birinci ermənilərin vasitəsilə Qarabağda çəkmişdi...
O zaman Qərb bunun nəticələrini hesablaya bilmədi. Əslində Azərbaycanın ərazi bütövlüyünə qarşı "müqəddaratını təyinetmə" kimi xristian təəssübkeşliyindən doğan ikili yanaşma sərgilənəndə Rusiyanın bir gün Şərqi Avropanı da təhdid edəcəyini nəzərə almadı...
O səbəbdən Rusiyanın Qarabağdan başlayaraq Dnestryanıda, Abxaziyada, Cənubi Osetiyada, Krımda eyni dəst-xətlə həyata keçirdiyi searatçılıq siyasəti bu gün Ukraynanın misalında qlobal problemə çevrilib. Xərçəngin ilk simtomlarının qarşısı zamanında - Ermənistan Rusiyanın birbaşa hərbi dəstəyi və himayəsilə Azərbaycan torpaqlarının işğalını həyata keçirəndə alınmadı.
Separatçılıq əslində Rusiyanın özü üçün ən böyük təhlükədir. Amma Moskva "separatçılıq kartı" ilə Rusiyanın sərhədləri xaricində oynayır. Putin hakimiyyətinin ən böyük müvəffəqiyyəti də məhz budur. Federativ Rusiyanın indiyədək bütöv qalmasının sirri Putinin "zəif bənd"lərdən başqalarına qarşı istifadə etməsindədir.
Və Qərb bir kərə anlamalıdır ki, Qarabağda separatizmin kökünü qazımadan Gürcüstanda, Moldovada və bu gün Ukraynada onun qarşısını almaq mümkün olmayacaq. Rusiyanın burnu Qarabağda əzilməli idi...

TURQUT