Azərbaycan və Türkiyənin maraqları və gələcək planları eynidir Siyasət

Azərbaycan və Türkiyənin maraqları və gələcək planları eynidir

“Ərdoğanın Azərbaycana səfər etməsi ölkəmizin Türkiyə üçün əhəmiyyətinin və diqqətinin nəticəsidir”

Ruhən və mənən tək vücud təşkil edən Azərbaycan və Türkiyə tarixin onlara oynadığı oyunlara baxmayaraq hər zaman bir-birilərinin yanında oldular. Əlləri bir-birinə çatmayanda belə ürəklərindəki qarşılıqlı sevgi onları ayaqda saxladı və nəhayət bu günlərə gətirib çıxardı. Tarixin gedişi iki dövləti ayırmağa çalışsa da, ürəklərdə olan sevgi onları öz cazibəsindən uzaqlaşmağa imkan vermədi. Tarixi köklərimiz bizləri torpaq üstündə ayrılmağa, budaqlanmağa şərait yaratsa da, torpaq altındakı köklərimiz daha da dərinləşdi, gücləndi, nəhayət, elə bir gün gəldi ki, Azərbaycan və Türkiyə tək millət şəklində tarixin qarşısında üzüağ, alnıaçıq dayandı. Düşmənlərinə birlikdə zərbə vurdu. Bütün çətinlikləri birlikdə aşıb, gələcəyə doğru tək iki Türk dövlətini yox, bütün Türk dünyasını ümidləndirən tarixi birlik üçün ümid işığı yandırdılar.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana səfərinə münasibətində deyib.
Politoloq qeyd edib ki, beynəlxalq arenada hər kəs yaxşı bilir ki, Azərbaycan və Türkiyə deyiləndə tək millət, iki dövlət başa düşülür. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək: "Burda Türkiyə yoxdursa mən varam, Türkiyənin yerinə mən cavab verəcəm". Bu, bir daha iki dövlətin maraqlarının bir-birinin işi olduğu gerçəyini ortaya qoyur. Türkiyə Prezidenti R.T.Ərdoğanın: "Azərbaycana qarşı kimsə hərəkət edəcəksə, qarşısında bizi görəcək"-deməsi, "44 günlük" müharibənin gedişini dəyişmişdi. Hər iki dövlət rəhbərləri İlham Əliyev və R.T.Ərdoğanın tarixi dövrdə ölkələrimizin rəhbərliyində olmasının özü bir tarixi şansdır. Onlar arasındakı səmimi münasibətlər dövlətlərarası əlaqələrdə xüsusi çəkiyə malikdir. İki ölkə rəhbərinin səmimiyyəti xalqlarımızın ürəyindəki sevgidən ruh alır. Onları daha da ürəkləndirir, arxayın edir. Arxayın edir ki, onların arxasında xalqın dəstəyi var. Bu arxayınlıq isə beynəlxalq arenada xalqlarımızın mənafeyini qorumaq üçün çox vacib faktordur. İki ölkə rəhbəri də onlara olan etimad və inamı hər iki ölkənin inkişafl naminə uğurla istifadə edirlər. Qardaşlıq amili iki ölkə siyasətinin əsas idarəedici qüvvəsidir. Bütün atılan addımlar bu prinsip üzərindən idarə edilir. Qarşılıqlı mənafe iki ölkənin başlıca prinsipidir: “44 günlük müharibə Azərbaycan-Türkiyə qardaşlığının ən yüksək mərtəbəsi oldu. Türkiyə Prezidenti R.T.Ərdoğan açıq şəkildə Azərbaycanın haqq işinin yanında olduğunu bəyan etdi, Azərbaycan və Ermənistan arasındakı müharibəyə kimsənin qarışmamasının xəbərdarlığını etdi. Kim bu müharibəyə qarışmaq fikrinə düşsə, Türkiyənin də müharibəyə daxil olacağını bəyan etdi. Türk orduları hazır vəziyyətə gətirildi. "F16" qırıcı təyyarələri Azərbaycanda hazır gözlədildi. Buna görə heç bir ermənipərəst ölkə müharibəyə açıq qarışmağa risk etməsi. Amma gizli yolla Rudiya da, İran da ermənilərə dəstək oldular. Müharibənin son gününə kimi yeni silahlar Qarabağa daşındı. Son günlərdə Rusiya heç kimə vermədiyi "İskəndər-M" raketlərindən belə istifadə etdi, amma olmadı. Azərbaycan ordusunun Şuşanı azad etməsi ilə düşmənin müqaviməti qırıldı ki, "10 noyabr" 2020-ci il bəyannaməsi adlı kopitulyasiya aktı imzalandı. Azərbaycan özü öz gücünə öz torpaqlarını işğaldan azad etdi. İkinci Qarabağ müharibəsində əldə edilən zəfər tək Azərbaycanın deyil, eləcə də Türkiyənin və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilir. Şuşa Bəyannaməsi isə iki ölkə arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionun yeni geosiyasi və geoiqtisadi münasibətlərinin başlanğıcını qoydu. Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın regionda apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat şəkildə yaşamasına xidmət edir”.
A.Qasımov onu da vurğulayıb ki, Türkiyədə baş vermiş zəlzələ bir daha Azərbaycan və Türkiyənin həm xalq, həm də dövlət olaraq eyni millət olmasını isbat etdi. Azərbaycan dövlətin bütün fövqəladə və tibbi strukturlarının operativ fəaliyyəti göz önündə idi. İlk olaraq azərbaycanlı xilasedicilər zəlzələ bölgələrinə getdilər və son günlərə kimi ordan ayrılmadılar. 800-dən çox xilasedici və tibbi personal zərərçəkmişlərin uçqunlar altından xilas edilməsi, çadırlarda tibbi xidmət göstərilməsində gecə-gündüz çalışdılar. Azərbaycan dövləti indi də yüzlərlə yeni binaların tikintisini öz üzərinə götürüb və işlər davam edir. Bu zəlzələdə əsas yeri Azərbaycan xalqının zəlzələnin ilk saatlarından göstərdiyi münasibət unudulmaz etdi. Xalq küçələrə axışdı. Hər kəs qış günündə çöldə qalmış soydaşlarına yardım üçün paltar, ayaqqabı, yorğan-döşək, qıda maddələri, pul vəsaiti toplamağa başladı. İmkanlı-imkansız hər kəs yardıma tələsdı. Həmin günlər Azərbaycan xalqın türkiyəli qardaşlarının dərdinin öz dərdi olduğunu bütün dünyaya göstərdi. İnsanların öz əyinlərindəki paltarlarının çıxarıb, zəlzələ qurbanlarına göndərməsi faktları indi belə insanın gözlərinin dolmasına kifayət edir. Uçqunlar altından çıxarılan insanları görənlərin sevinci bu qardaşlığın nə qədər dərin köklələrinin olduğunu göstərir. Dəstək yalnız maddi və humanitar sfera ilə məhdudlaşmayıb, eləcə də siyasi müstəvidə özünü göstərib. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədi ilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İstanbulda keçirilən "TEXNOFEST" aerokosmik və texnologiya festivalında iştirakı bir daha hər iki ölkənin yaxın münasibətlərinin göstəricisi oldu. Verilən mesajlar, görüntülər baxımından bir çox dairələrə Azərbaycan və Türkiyənin hər sahədə birlikdəliyini göstərdi. Seçkiqabağı R.T.Ərdoğan üçün böyük qazanc oldu. Azərbaycan Prezidentinin festivaldakı çıxışı verilən mesajların ən güclüsü oldu. Prezident İlham Əliyev: "Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır. Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!"
Türkiyədəki Prezident seçkiləri Azərbaycan və Türkiyə dövlətlərinin həqiqətən də iki dövlət, bir millət olduğunu sübut etdi. Hər iki dövlətin gələcəyinin bu seçkilərdən böyük ölçüdə asılı olduğu gerçəyini anlayan xalqlarımız Rəcəb Tayyib Ərdoğanın qalibiyyətinin mütləq olduğunu başa düşdülər. Azərbaycan ictimaiyyətinin R.T.Ərdoğana birmənalı dəstək göstərməsi reallıqları başa düşdüyünün sübutu, Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi oldu. Seçki kompaniyasının ilk günlərindən Azərbaycan Prezidenti İlham Əliyevin R.T.Ərdoğanın namizədliyini açıq və birmənalı dəstəkləməsi dürüst və layiqli hərəkət idi. Azərbaycan Prezidenti öz mövqeyini açıq şəkildə bildirirək ikili oyunlara və fikirlərə yer buraxmamışdır”.
Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyev seçkilərin birinci turundan sonra Rəsmən Tayyib Ərdoğana zəng etdi və onu, yüksək səs faizi topladığına görə təbrik etdi. Türkiyədəki prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti oldu. Bu, bir daha onu göstərdi ki, Azərbaycan və Türkiyənin maraqları və gələcək planları eynidir. Bu yolda bir-birilərinə dəstək vermək onların hər zaman ən vacib prioritetləridir. Türkiyə prezidentinin inaqurasiya mərasimi özünün möhtəşəmliyi ilə seçildi. Dünyanın 170-dən çox ölkəsindən dövlət rəhbərləri və qonaqların iştirak etdiyi mərasim türk tarixinin mərhələlərində Türk əsgərlərinin milli geyimlərinin nümayişi ilə özünün pik nöqtəsinə çatdı. Dünya ölkələrinin lider və qonaqları Azərbaycan Prezidenti və xanımına göstərilən diqqət qarşısında arxa planda qaldılar. Azərbaycanın xüsusi ölkə olduğu mərasim iştirakçılarının diqqətinə sanki xüsusi olaraq çatdırıldı. Türkiyə və Azərbaycan prezidentlərinin səmimi qucaqlaşması tədbirdə heç kimin diqqətindən yayınmadı. Bu da Azərbaycanın Türkiyə üçün yerinin dünyaya bəyan edilməsi idi: “İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk səfərini Azərbaycana edir. Dövlət başçısı seçiləndən sonra ilk olaraq qarşılıqlı qardaş ölkəyə səfər etmək ənənələrinə uyğun olaraq R.T.Ərdoğanın Azərbaycana dövlət səfərinə gəlməsi iki ölkənin qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Çətin keçən həlledici seçkidən qalib çıxan R.T.Ərdoğanın Azərbaycana səfər etməsi ölkəmizin Türkiyə üçün əhəmiyyətinin və diqqətinin nəticəsidir. Qeyd edək ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında, ilk səviyyə ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Ondan sonra rəsmi səfərlər, rəsmi işgüzar səfərlər, qonaq səfərləri və işgüzar səfərlər dayanır. Dövlət şəhərləri məhz xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərdə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha təsbit etməkdir. Səfərin əhəmiyyəti barədə demək olar ki, səfər istər ölkələrimiz, istərsə də region və dünya üçün gərgin və həlledici bir dövrdə baş tutur. Hər iki ölkənin regional və beynəlxalq əhəmiyyətinin artdığı, onların da söz sahibi olduğu bir dövrdə baş tutur. Dünyanın iri dövlətlərinin regionumuzdakı problemlərlə ciddi şəkildə məşğul olduğu bir dövrdə istər siyasi, istərsə də iqtisadi maraqların prioritet təşkil etdiyi proseslər Azərbaycan və Türkiyənin əhəmiyyətini ortaya çıxarır. Hesab etmək olar ki, bu səfər iki ölkənin gələcək planlarının müzakirəsi baxımından əhəmiyyətli olacaq. Seçkilərlə əlaqəli nisbətən arxa plana keçən vacib məsələlərin yenidən ələ alınması mütləq olacaq, xüsusən də, Qarabağ və ətrafında davam edən proseslərdə Türkiyənin aktiv iştirakı məsələsi gündəmə öz damğasını vuracağı mütləqdir.

Cavid