“Üçtərəfli əməkdaşlıq formatı mühüm əhəmiyyət daşıyır” Siyasət

“Üçtərəfli əməkdaşlıq formatı mühüm əhəmiyyət daşıyır”

"Regionda yeni əməkdaşlıq formatının yaranmasında Prezident İlham Əliyevin liderlik keyfiyyətləri xüsusi rol oynayır".
Bu fikri Milli Məclisin deputatı, AŞ PA-nın komitə sədri Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, Azərbaycan bölgənin aparıcı aktorlarından biri kimi regional əməkdaşlığın dərinləşməsinə, ölkələr və xalqlar arasında etimad mühitinin möhkəmlənməsinə davamlı səylər göstərir. Onun sözlərinə görə, respublikamız o mövqedən çıxış edir ki, region dövlətlərinin gələcək inkişafı, iqtisadi cəhətdən çiçəklənməsi bölgədə sabitliyin, təhlükəsizlik mühitinin təmin olunması faktorundan asılıdır.
"Azərbaycanın regionda qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə çalışması çox haqlı olaraq ölkəmizin qlobal təhlükəsizliyə töhfə vermək əzmi kimi dəyərləndirilir. Azərbaycan artıq bir neçə üçtərəfli formatın təşəbbüskarı və fəal iştirakçısıdır. Zamanında ölkəmizin fəal səyləri sayəsində yaradılan və hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib birliklərdir. Ümumiyyətlə götürdükdə, respublikamız, təcavüzkar Ermənistan istisna olmaqla, bütün qonşularla dostluq münasibətlərinə malikdir. Azərbaycanın dövlət başçısı İlham Əliyev region dövlətləri və tərəfdaşlarla əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasında güclü siyasi iradə nümayiş etdirir.
Prezident İlham Əliyevin qonşu ölkələrin dövlət başçıları və digər yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi çoxsaylı görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlərin geniş spektri müzakirəyə çıxarılıb, səmərəli danışıqlar aparılıb. Azərbaycanın dövlət başçısının irəli sürdüyü fəal təşəbbüslər bir qayda olaraq qonşu ölkələrin müvafiq dairələrində də yüksək qiymətləndirilir və dövlətlərarası münasibətlərin qurulmasında mütləq nəzərə alınır. Prezident İlham Əliyevin fəal təşəbbüsü ilə yaradılan Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı da qlobal miqyasda gedən geosiyasi proseslər kontekstində mühüm əhəmiyyət daşıyır".