Sərkisyan danışıqları uzadır Siyasət

Sərkisyan danışıqları uzadır

Ermənilər hər vasitə ilə sülh danışıqları prosesini əngəlləməyə çalışır

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri olaraq Amerikanın adının çəkilməsi bəzi mətləblərdən xəbər verir. Bu barədə sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq bildirib ki, ermənilər hər vasitə ilə sülh danışıqları prosesini əngəlləməyə çalışır: "Guya ölkədə qiyam olacağına və Sərkisyanın devriləcəyinə dair müxtəlif ekstentlər barədə danışırdılar. Ancaq bu, çox qısa çəkdi, elə ki, yay başladı, hər şey yenidən qaydasına düşdü. İndi isə qarşıda xarici işlər nazirləri, sonra isə prezidentlərin görüşü gözlənilir. Yəni Dağlıq Qarabağ probleminə dair intensiv danışıqlar getməlidir. Bu ərəfədə isə Ermənistanda hökumət dəyişiklikləri baş qaldırır. İndi bu prosesi də bir müddət uzadacaqlar və yaxud yeni xarici işlər naziri təyin edəcəklər. Güman edirəm ki, bu minvalla danışıqlar prosesinin payız mərhələsini də pozacaqlar. Nəticə etibarilə, Dağlıq Qarabağa dair danışıqlar uzanacaq".
Q.Hüseynli hazırkı ərəfədə Moskvanın kifayət qədər könülsüz göründüyünü və Rusiyanın Qarabağ məsələsinin həllinə başlamaq istəmədiyini deyib: "Artıq Suriya böhranının çözülməsinin perspektivləri görünür. Ancaq Rusiya Qarabağ məsələsinin həllində hərəkətə keçmir. Kreml KTMT-ni yenidən qurur, təşkilatın yeni sədri isə Ermənistanın müdafiə naziri olacaq. Bu, özlüyündə çox qeyri-adi və xoşagələn hal deyil. Çünki ilk dəfədir ki, Rusiya NATO-suna erməni başçılıq edəcək. Belə olan halda Ermənistan çox keçmədən daha aqressiv və barışmaz siyasətini ortaya qoyacaq. Zənnimcə, hələ ki, baş verənlər pozitiv olmağa əsas vermir. Üstəlik, Ermənistan rəhbərinin protokola sığmayan bəyanatları ortamı korlayır. Halbuki Sərkisyan Moskvada 5 rayonun qaytarılmasına razılıq verib".
Politoloq bu kontekstdə danışıqlar prosesi ilə bağlı təşəbbüsün Qərbin əlinə keçəcəyini mümkün sayıb: "Qərb Suriya və Dağlıq Qarabağ probleminə eyni nöqteyi-nəzərdən yanaşır. Hər halda prezidentlərin növbəti görüş yeri olaraq Amerikanın adının çəkilməsi bəzi mətləblərdən xəbər verir. Cərəyan edən siyasi proseslər, hələ ki, gedişata bir aydınlıq gətirməyib. Bundan sonra gündəmdə nazirlərin və prezidentlərin görüşü dayansa da, Ermənistan danışıqlar prosesinə maneçilik törətməkdə davam edir".
Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Hələlik vaxtı müəyyənləşməsə də, növbəti görüşün Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.
Bir müddət öncə Ermənistanda başlayan hökumət böhranı hazırda daha da dərinləşib və hakimiyyətin yuxarı təbəqəsində ciddi istefalar gözlənilir. Politoloq Arzu Nağıyev Ermənistanda baş verən son proseslərə toxunub. Onun fikrincə, Ermənistanda baş verənlər Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək. Onun sözlərinə görə, Karen Karapetyanın baş nazirlik postuna gətirilməsi Serj Sərksiyanın növbəti hədəfidir: "Yeni baş nazirin hər hansı bir layihəni təqdim etməsi inandırıcı görünmür. Sərkisyan da elə məhz buna görə hökumət dəyişikliyinə gedir. Xarici işlər nazirinin də istefası gözlənilir. Onun fikirlərini dəfələrlə dəyişməsi ondan xəbər verir ki, Edvard Nalbəndyan birbaşa Qarabağ klanı tərəfindən idarə olunur. Ermənistanın xarici siyasəti çoxdan fiaskoya uğrayıb. Düşünürəm ki, baş verən proseslər Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək. Çünki bunların hamısı seçkilərə qədər Sərkisyan hakimiyyətinin vaxtının uzadılmasına yönəlib. Gələn il Ermənistanda seçki ilidir və buna görə də Sərkisyan və onun komandası müxtəlif siyasi gedişlər edirlər. Ən başlıcası isə separatçılara müstəqillik sözü verən bu dəstə çox yaxşı bilir ki, bu, yerinə yetirilən bir məsələ deyil, ona görə də necə olursa-olsun, vaxtı uzadırlar".
Qeyd edək ki, Ermənistanda baş nazir Ovik Abramyanın istefasından sonra bu posta Karen Karapetyan gətirilib. Bundan başqa, müdafiə naziri Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbər gedəcəyi, xarici işlər naziri Edvard Nalbəndyanın isə istefa verəcəyi gözlənilir. Yeni kabinetdə müxaliflərin təmsil olunacağı istisna olunmur.