“MDB ölkələrində yeni təhdid elementləri ortaya çıxıb“ Siyasət

“MDB ölkələrində yeni təhdid elementləri ortaya çıxıb“

Bakıda MDB ölkələri xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin 41-ci iclası keçirilir.
İclasda çıxış edən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev bildirib ki, son görüşdən bu yana MDB ölkələrində operativ vəziyyətin xarakterinə təsir edəcək hadisələr baş verib, çağırış və təhdidlərin yeni elementləri ortaya çıxıb: "Onların həlli üçün birgə müzakirələr və ümumi yanaşmanın işlənməsi tələb olunur. Bugünkü iclasın mövzusu MDB məkanında təhlükəsizliyin təminatı sahəsində böyük miqyasda problemlərlə bağlıdır. Buraya terrorçuluq və dini ekstremizm, transregional mütəşəkkil cinayətkarlıqla mübarizə daxildir. Ümid edirəm ki, gündəlikdə olan məsələlər forum iştirakçılarına tərəfdaşlıqda onlar üçün daha çox vacib olan məsələləri söyləməyə və əlaqələrin gələcək inkişafını müəyyənləşdirməyə imkan verəcək. Qarşılıqlı fəaliyyət sahəsində praktikamız bir daha göstərir ki, yalnız birgə səy və koordinasiyalı fəaliyyət, müasir çağırış və təhdidlərə qarşı mübarizədə fikir və informasiya mübadiləsi aparmaqla ölkələrimizin təhlükəsizliyi və stabilliyinin təminatı sahəsində effektiv nəticəyə nail olmaq mümkündür".
Xidmət rəisi ümid etdiyini bildirib ki, tədbir ümumi təhlükəsizliyin təminatı məsələsində həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qarşılıqlı fəaliyyət üçün əlavə təkan verəcək, əməkdaşlıq əlaqələrinin inkişafına imkan yaradacaq.