“Mətbuata məlumat vermirik” Siyasət

“Mətbuata məlumat vermirik”

Elmar Məmmədyarov: "Qərara gəlmişik ki, bəlkə mətbuatsız nəticə əldə edək"

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcəklər.
Bu barədə xarici işlər naziri Elmar Məmmədyariv bildirib.
"Çox güman ki, səfər oktyabrın ikinci yarısında baş tutacaq. Səfərin tarixi dəqiqləşdirilir. Onlar həm Azərbaycan, həm də Ermənistana səfər edəcəklər", - deyə nazir qeyd edib.
Elmar Məmmədyarov Nyu-Yorkda həmsədrlərlə ayrılıqda görüşdüklərini xatırladıb: "Həmsədrlər hesab edirlər ki, işimizi davam etdirməliyik. Təklif etdilər ki, gələn ay regiona gəlsinlər. Ola bilsin ki, regiona səfərdən sonra prezidentlərin görüşü ilə bağlı hansına təkliflər irəli sürəcəklər".
Nazir Nyu-Yorkdan əvvəl Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüyünü də diqqətə çatdırıb: "Prezidentlərin Sankt-Peterburq görüşündə də qeyd olunmuşdu ki, görüşlər keçirmək lazımdır ki, prosesi irəliyə aparaq".
Elmar M’mm’dyarov təmas xəttində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi barədə Nyu-Yorkdakı çıxışında söz açdığını qeyd edib: "Orada bildirdim ki, bu, böyük təxribatdır. "Əgər biz sülhdən danışırıqsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini deyiriksə, o zaman onların Ağdamda təlim keçirməsi təxribat, sülh prosesinə böyük zərbədir.
Bu baxımdan həmsədrlərə də bu barədə ətraflı məlumat vermişəm ki, onlar da Ermənistan tərəfinə çatdırsınlar ki, belə təxribatlardan çəkinsinlər", - deyə nazir qeyd edib.
Elmar Məmmədyarov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensivlik davam etdirilir: "Bəlkə biz mətbuata bu barədə çox məlumat vermirik, amma deyə bilərəm ki, həm həmsədrlərlə, həm də öz səviyyəmdə nazirlərlə müzakirələr aparırıq".
Nazir danışıqların davam etdirildiyini vurğulayıb: "Mətbuata məlumat vermirik. Qərara gəlmişik ki, bəlkə mətbuatsız nəticə əldə edək, sonra bu barədə mətbuata məlumat verək".