“Ermənistanın son anda danışıqlardan qaçması ilk dəfə baş vermir” Siyasət

“Ermənistanın son anda danışıqlardan qaçması ilk dəfə baş vermir”

Mübariz Əhmədoğlu: "Ən bariz misal ermənilərin "Yenilənmiş Madrid" prinsiplərinə münasibətidir"

Cümşüd Nuriyev: "Markovun yanaşmaları ciddi deyil"

Rusiyalı politoloq Sergey Markov Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Kazan formulunu imzalamaqdan son anda imtina etdiyini açıqlayıb. O qeyd edib ki, söhbət ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasından (Ermənistanla dəhliz saxlanılması şərti ilə) gedirdi. Dağlıq Qarabağın statusu isə gələcəkdə müzakirə olunmalı idi. Demək olar ki, razılıq əldə olunmuşdu, hər şey hazır idi, bircə imza atmaq qalmışdı. Lakin son anda Ermənistan rəhbərliyi qorxaraq geri çəkildi. Markov hesab edir ki, Sarkisyan bu addımı atacağı təqdirdə, devriləcəyindən qorxdu və sülh müqaviləsinə imza atmaqdan imtina etdi.
Buna münasibət bildirən politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistanın son anda danışıqlardan qaçması və ya razılaşdırılmış variantdan imtina etməsi ilk dəfə baş vermir: "Ən bariz misal ermənilərin "Yenilənmiş Madrid" prinsiplərinə münasibətidir. 2009-cu il 10 iyulda İtaliyada bu prinsip qəbul edildi. Bir gün sonra ABŞ prezidentinin mətbuat xidməti həmin sənədi yaydı. Orada da birinci maddə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Lakin Ermənistan qeyri-müəyyənlik nümayiş etdirdi".
Politoloq qeyd edib ki, 2011-ci ildə Kazan görüşündə də sənəd hazırlanmışdı. Lakin son anda Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ermənilər sənədin mətnində dəyişiklik etdilər: "Azərbaycan prezidenti də 10 dəyişiklik əlavə etdi ki, sənədi məqbul varianta qaytarsın".
M. Əhmədoğlunun fikrincə, Ermənistanın təxribatı müxtəlif olur, amma hamısı ona yönəlir ki, razılaşma əldə edilməsin: "Hamı Dağlıq Qarabağ münaqişəsinin həlli dedikdə indiki status-kvonun dəyişilməsini nəzərdə tutur. Yəni beynəlxalq ictimaiyyət münaqişənin həlli dedikdə Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını nəzərdə tutur. Ermənilər isə həll variantını pozmaq üçün müxtəlif vasitələrə əl atır".
O bildirib ki, Rusiya prezidentləri ciddi hərəkətə gəliblər ki, Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə etsinlər, buna görə də onu Moskvaya dəvət ediblər: "Amma son anda Moskvadakı ermənilər və Ermənistan rəhbərliyinin gücü çatıb ki, Dağlıq Qarabağ məsələsi müzakirədən çıxarılıb. Bu məsələləri Markov bilir".
Politoloq əlavə edib ki, Markovun dediklərinin nə qədər düzgün və ya yanlış olmasından asılı olmayaraq, bu bizim çox ciddi uğurumuzdur ki, Markov Qarabağ məsələsində Azərbaycanın siyasətinin tərkib hissəsinə çevrilib: "Bəzən balans yaratmaq üçün ermənilərin əsassız marağını da nəzərə alırlar. Hesab edirəm ki, bizim ictimai-siyasi mühit Markov kimi Azərbaycanın Dağlıq Qarabağ uğrunda haqq mübarizəsinə qoşulanların sayını artıracaq".
Politoloq Cümşüd Nuriyev isə rusiyalı politoloq Sergey Markovun yanaşmalarının bir o qədər də ciddi olmadığını bildirdi: "Bir neçə ay öncə də Markov Azərbaycanın beş rayonunu ermənilərdən almışdı. S.Markovun növbəti dəfə belə iddia ilə çıxış etməsi işğalçı Ermənistana bir mesajdır ki, hələlik sizinlə masa arxasında oturmağın vaxtı deyil. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Yəni Azərbaycan dövlətinin öz marağı, mövqeyi, şərtləri var. Biz şərtlərimiz daxilində hər cür sülh danışığına getməyə hazırıq. Demək olar ki, bu gün Ermənistan bir dövlət kimi iflas mərhələsindədir. Bəzi Ermənistanı himayə edən xarici dövlətlər çalışlar ki, işğalçı ölkəni iflas olmaqdan xilas etsinlər".
Politoloqun sözlərinə görə, işğalçı Ermənisatana göstərilən dəstəyin əsas xəttini-informasiya dəstəyi nümayiş etdirir: "Hazırda Rusiyanın mövqeyində Ermənistanın önə keçməsi bir informasiya müharibəsinin işartılarıdır. Azərbaycan onların siyasətini yaxşı başa düşür və Azərbaycanın üzərinə qoymaq istədikləri siyasətlə razılaşmır. Ona görə də, rusiyalı politoloq bu cür iddia ilə çıxış edir. Sergey Markov bəyəm Serj Sarkisyandı? Kimdi ki? Yəni adi bir politoloq bu cür böyük-böyük danışmamalıdır. Bir sözlə, rusiyalı politoloq S.Markovun dövlətin adından danışmağa heç bir ixtiyarı yoxdur". "Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsinə, cəbhədə atəşkəsi tez-tez pozmasına həmsədrlərin münasibət bildirməməsi nədən irəli gəlir" sualına cavab olaraq, politoloq bildirdi ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikiüzlülük edirlər desək, daha yaxşı olar. Çünki Bakıda bir cür danışan həmsədrlər Yerevana gedir, ayrı cür danışırlar. Demək olar ki, ATƏT-in Minsk Qrupu həmsədrləri özlərinə olan hörməti də itiriblər. Birmənalı şəkildə, Azərbaycan xalqının nəinki həmsədrlərə, hətta onların təmsil etdikləri dövlətlərə də inamı yoxdur. Çünki 23 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı həmsədrlər yalan bəyanatlar verərək, yalan danışırlar. Bu baxımdan da, belə gedişlə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərindən nə isə gözləmək olmaz. Onlar nə vaxt ki, Ermənistanı işğalçı dövlət kimi tanıyacaqlar və Ermənistana qarşı sanksiyalar tətbiq edərək problemin həllini gündəmə gətirərlər, o zaman biz də onların səmimiyyətinə inanarıq".

Əli