“Mexanizm məsələsi aktual olaraq qalır” Siyasət

“Mexanizm məsələsi aktual olaraq qalır”

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması ideyası Rusiyaya məxsusdur

"Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması mexanizmləri ideyasının müəllifi Rusiyadır".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hələ 2011-ci ildə Soçidə keçirilən Azərbaycan Rusiya və Ermənistan prezidentlərinin görüşündə Rusiya Dağlıq Qarabağ münaqişəsi sonasında silahlı insidentlərin araşdırılması mexanizmləri işlənib hazırlanması ideyası ilə çıxış edib: "ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsinin köməkçisi bu mexanizmlərin layihəsini birlikdə hazırladılar. Daha sonra bu mexanizmlər ATƏT-in ekspertləri tərəfindən yenidən işlənildi. Vyana sammitində isə qısa müddətdə bu işin sona çatdırılması haqqında razılıq əldə olundu. Lakin bu ilin iyununda üç ölkə prezidentinin iştirak etdiyi Sankt-Peterburqda keçirilən sammitində bu məsələ ilə bağlı təəssüflər olsun ki, razılıq əldə olunmadı. Azərbaycan tərəfi münaqişə bölgəsində hərbi insidentlərin araşdırılmasına ehtiyacın olmadığını bildirdi. Belə ki, həmin anda münaqişə bölgəsində vəziyyət sabit idi. Nəticədə mexanizm mövzusu Sankt-Peterburq görüşünün yekunlarına dair birgə qəbul olunan bəyanatda qeyd olunmadı. Bizim fikrimizcə, mexanizm məsələsi aktual olaraq qalır".