“Bir var ki, öz ölkəndə başına iş gələ, həbsxanaya düşəsən...” Siyasət

“Bir var ki, öz ölkəndə başına iş gələ, həbsxanaya düşəsən...”

Dilqəm Əsgərovun qardaşı: "Bir də var yağı düşmən əlində olasan, elə bircə baxışı adama güllə kimi dəyir"

Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov onun vəziyyəti barədə danışıb.
O, qardaşı ilə yalnız məktubla əlaqə saxlaya bildiklərini deyib: "2 il 4 aydır ki, Dilqəmlə Şahbaz Şuşadadır, 3 dəfə bağlama göndərmişik. Il yarım bundan qabaq Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən tələb elədim ki, mən və Şahbaz Quliyevin qardaşının görüşünə şərait yaratsınlar. Ancaq müraciətimiz Beynəlxalq Qırmızı Xaç Komitəsinin stolunun üstündədir, məsələ həll edilməyib. 5-6 ay sonra videogörüntü ilə danışmaq istədim. Çünki yazdığı məktublarda səhhətinin necə olduğu tam aydınlaşmır. Yazır ki, başım, belim ağrıyır. Bir var ki, öz ölkəndə başına iş gələ, həbsxanaya düşəsən, bir də var yağı düşmən əlində olasan, elə bircə baxışı adama güllə kimi dəyir. Səhhətində çətinliklər var. Soruşmuşdum ki, məhkəmədə ayağını çəkirdin, nə olub. O da zarafatcıldır, yazmışdı ki, alça ağacına çıxanda yıxılmışam. Yəni deyir ki, meyvə yığanda olmayıb ki, burada olub, bunu üstüörtülü yazmışdı.
Qırmızı Xaç Komitəsi deyir ki, səhhətindəki nasazlıq əsasən, yaşla və məhdudlaşdırılmış yerdə saxlanıldığına görədir. Bilirəm ki, tutulan vaxtı yaralanıb, məhkəmə prosesində də ayağını çəkirdi. Ən azı skayp vasitəsilə danışmaq istəyirdik. Bu müracitimizə də Komitə tərəfindən heç bir reaksiya verilməyib. Əvvəllər məktublar tam gəlirdi, indi isə nə demək istədiyini artıq lazımsız hesab edib silirlər. Yalnız qohumlara salam göndərir və yaxşı olduğu yazılır".
O, Dilqəm Əsgərovun sonuncu məktublarını rusca yazdığı ilə bağlı deyilənlərə də münasibət bildirib: "Sonuncu məktubdan əvvəl göndərdiyi 2 məktub rusca idi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi bunu Ermənistandakı nümayəndənin dəyişməsi ilə əlaqələndirdi. Onsuz da Komitə əməkdaşları bizim dili bilmir axı. Birinci dəfə bağlama göndərəndə qış üçün paltar da göndərmişdik. Sonra yazdı ki, isti paltar göndərməyin, lazım deyil. Yəqin kiçik kamerada olduğundan belə istəyir. Komitə ərzaq göndərməyə icazə vermir. Deyirlər ki, özləri alıb verir. Böyük siyahı tutublar, guya kofe, ananas, banan verirlər. Bu da qətiyyən inanılası şeylər deyil. Biz konfet, istəyinə uyğun olaraq turş şeylər, siqaret göndəririk. Komitə deyir ki, biz siqaret veririk, amma çox çəkir, 1 ayda 40 qutu siqaret veririk, 40 qutu siqaret də mən göndərmişəm. Düzü Dilqəm burda da çox çəkirdi, yəqin oradakı şəraitə görə daha çox istifadə edir".
Sahib Əsgərov qardaşının Şahbazı görmədiyini deyib: "Hər ikisi təkadamlıq kamerada saxlanılır. Soruşmuşdum ki, Şahbazla bir-birinizi görə bilirsinizmi? Yazmışdı ki, heç kimi görmürəm. Bir dəfə Qırmızı Xaç Komitəsinin nümayəndələri bizi çağırıb Dilqəmə verilən bağlama ilə şəklini göstərdi. Həmin fotoşəkli bizə vermədilər, öz kompüterlətində idi. Gördüm ki, otaqda dolab var. Qırmızı Xaç Komitəsinin əməkdaşlarından soruşdum ki, bu otaq olduğu kameradır. Dedilər, hə, bağlama Dilqəmin olduğu kamerada verilib. Dedim, niyə yalan danışırsınız, kamerada dolab nə gəzir? Sonra aydınlaşdırdılar ki, həbsxananın qəbul otağı imiş".