“Müsəlmanların biri-birini qırmasına laqeyd baxa bilmərik” Siyasət

“Müsəlmanların biri-birini qırmasına laqeyd baxa bilmərik”

Prezident İlham Əliyev: "Rusiya və Azərbaycan Qafqaz ölkələridir, biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik"

Biz müsəlman ölkələrində müsəlmanların biri-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik".
Bunu Azərbaycan prezidenti İlham Əliyev"Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşü zamanı deyib.
"Düşünürəm ki, bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır. Biz öz fəaliyyətimizlə nəinki Qafqaz regionunda münasibətlərimiz çərçivəsində birliyi möhkəmləndiririk, həm də Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür. Biz fəxr edirik ki, Bakıdan sonra artıq Azərbaycanın ikinci şəhəri Naxçıvan 2018-ci il ərzində ISESCO tərəfindən ona təqdim edilən İslam dünyasının mədəniyyət paytaxtı adını şərəflə daşıyacaq. Bu, əlbəttə ki, bizə, bizim fəaliyyətimizə olan hörmətin əlamətidir. Biz də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal işləyirik. Bu il İslam Əməkdaşlıq Təşkilatının Sammiti keçirildi. Tədbirdə Azərbaycanın İslam həmrəyliyindəki roluna dəstək bir daha vurğulandı. Həmçinin dünyanın bütün müsəlmanları bu ilin aprelində erməni təcavüzünü pisləyiblər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu yaradıblar", - deyə o vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilir.
"Bu il ölkəmizdə daha bir mühüm hadisə baş verdi. Bu, dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfəri idi. O, katolik kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni, bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib", - deyə o vurğulayıb.
Azərbaycan-Rusiya münasibətlərinə toxunan prezidebt İlham Əliyev qeyd edib ki, Rusiya və Azərbaycan Qafqaz ölkələridir: "Biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik. Mən sizin - Qafqazın nüfuzlu liderlərinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bu gün ağsaqqal sözü həmişəkindən daha əhəmiyyətlidir. Sizin fəaliyyətiniz də təhlükəsizliyə, Rusiyanın, Qafqaz respublikalarının inkişafına doğru aparır, həm də Rusiya-Azərbaycan birgə münasibətlərini möhkəmləndirir. Çünki artıq dəfələrlə qeyd etdiyim kimi, Rusiya və Azərbaycan Qafqaz ölkələridir, biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik", - deyə o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, bu cür görüşlər həm münasibətlərimiz üçün, həm də Rusiya-Azərbaycan münasibətləri, Qafqazda sabitlik, təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır: "Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət, qarşılıqlı dəstək birləşdirir. Mən şadam ki, bu gün bu əlaqələr Qafqaz respublikaları arasında bütün səviyyələrdə, o cümlədən də dini liderlər arasında davam edir. Bu, Qafqaz müsəlmanlarının birliyini möhkəmləndirir və həmçinin dünya müsəlmanlarına bizim birlikdə olmağımızın vacibliyi üçün bir nümunədir".