Yeni Ağ Ev Administrasiyası Azərbaycanla əlaqələrə üstünlük verəcək? Siyasət

Yeni Ağ Ev Administrasiyası Azərbaycanla əlaqələrə üstünlük verəcək?

Politoloq deyir ki, xüsusilə enerji layihələri Vaşinqtondan dəstək qazanacaq

Tarixən davam edən yeraltı sərvətlər və sahib olmaq uğrunda mübarizə günümüzdə də davam edir. Bu gün də bəzi hallarda bu mübarizə heç də tam rəqabətlə müşahidə edilmir. Bir çox hallarda böyük güclər nisbətən kiçik dövlətlərin malik olduqları yeraltı və yerüstü sərvətləri elə güc yolu ilə ələ keçirmək istəyirlər. Günümüzdə Suriya, İraq, ümumilikdə Yaxın Şərqdə baş verənlər bunun əyani sübutudur. Təbii ki, Azərbaycan da müəyyən mənada bu proseslərdən kənarda deyil və ölkəmizin malik olduğu enerji resurslarına göz dikənlər həddən artıqdır.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, neftin qiymətinin qeyri-stabil olması və neft istehsalının azalması yaxın illərdə Azərbaycan üçün ciddi sınaq olacaq. Ona görə də rəsmi Bakı bütün diqqəti qaz layihələrinə və qazın Avropaya nəqlinə yönəldib: "Ancaq bu layihələrin reallaşması yalnız rəsmi Bakının istəyindən asılı deyil. Bu məkanda müxtəlif oyunçular var və həmin oyunçuların bir qismi Azərbaycan qazının Avropa bazarına çatdırılmasını ləngidə bilərlər. Məsələn, Rusiya "türk axını" layihəsini TAP və TANAP boru xətlərinin inşatından daha tez başa çatdırmaq istəyir ki, öz qazını cənub xətti ilə Avropaya Azərbaycandan tez çatdırsın. Rusiyanın yerində başqa dövlət olsaydı, bunu sağlam rəqabət kimi qiymətləndirmək olardı. Ancaq Rusiya iqtisadi və enerji mövzularında siyasi təzyiq alətlərindən də istifadə edir. Məsələn, Rusiyanın maneələri sayəsində Xəzərin dibi ilə boru xəttinin tikintisi reallaşmır ki, türkmən qazı da Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılsın. Buna baxmayaraq, Azərbaycan İsrailin timsalında TAP və TANAP-ın əhəmiyyətini artıracaq üçüncü müttəfiq qazanıb. İsrail öz qazını məhz bu boru xətləri ilə Avropaya çatdırmaq istəyir". Politoloq bildirib ki, bu arada, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın Azərbaycana səfəri diqqət çəkir: "Bəlkə bu Amos Hokstaynın hazırki vəzifədə Azərbaycana son səfəri idi. Çünki, Amerikada prezident dəyişdiyindən Dövlət Departamentinin tərkibi də dəyişəcək və Amos Hokstayn başqa vəzifəyə keçiriləcək. Amos Hokstayn il boyu Azərbaycana tez-tez gəldi. Hiss olunur ki, Dövlət Departamentində Azərbaycan mövzusu məhz ona tapşırılıb. Çünki, Azərbaycana Amos Hokstayn qədər intensiv şəkildə səfər edən ikinci amerikalı diplomata rast gəlinmədi. Bunun da obyektiv səbəbi var. Amerikanın hazırda Azərbaycanla əlaqəsinin əsas prioriteti məhz enerji mövzusudur ki, bu da Amos Hokstaynın kurasiyasına aiddir. Vaxtilə Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi səfiri Riçard Morninqstar idi. Morninqstar da Hokstayn kimi il ərzində Azərbaycana bir neçə dəfə gələrdi və sonra əlaqələr o dərəcədə inkişaf etdi ki, Vaşinqton Morninqstarı Azərbaycana səfir göndərdi. Sadəcə, o səfir vəzifəsindən çıxış edərək enerji mövzularıyla yanaşı insan haqları və demokratiya mövzularını da diqqət mərkəzində saxlamaq məcburiyyətində idi ki, bu Morninqstarla Azərbaycan rəsmiləri arasındakı əvvəlki isti münasibətlərin
üstündən yekə bir xətt çəkdi. Amos Hokstaynın Azərbaycana səfir göndərilməsi perspektivi azdır. Çünki, hazırki səfir Robert Sekuta hələ bir müddətdə öz vəzifəsində çalışacaq və deməli Amos Hokstaynın Riçard Morninqstar kimi Azərbaycana səfir təyin olunması ehtimalı azdır. Hələlksə, Amos Hokstayn üzərinə düşən vəzifəni uğurlar yerinə yetirmək istəyir. Amos Hokstayn həmişə olduğu kimi bu dəfə də Azərbaycan prezidenti ilə yanaşı xarici işlər və energetik nazirləri ilə də görüşdü". Politoloq hesab edir ki, onun budəfəki səfərinin bir neçə məqsədi var idi: "Birincisi, Amos Hokstayn rəsmi Bakını inandırmağa çalışdı ki, Amerikada prezident və administrasiyanın tərkibi dəyişsə də, Vaşinqton əvəlkitək Azərbaycanın iştirakçısı olduğu Cənub Qaz Dəhlizi layihəsinə dəstək verəcək. Bu faktorun özü Bakı ilə Amerikanın yeni administrasiyası arasında əlaqələrin inkişafına xidmət edəcək. Amos Hokstayn haqlıdır. TAP və TANAP layihələri Donald Tramp administrasiyasının da maraqlarına xidmət edir. Çünki, Amerikada prezident kim olursa-olsun Rusiya qazının Avropa bazarında dominant rol oynamasını istəməz. Tramp bisnezmendir və prezident kimi də azad rəqabətin tərəfdarıdır. Rusiya isə Avropanın qaz inhisarçısı olmaq istəyir. İkincisi, rəsmi Bakının TAP boru xəttinin inşaatının gələcəkdə ləngiməsi ilə bağlı müəyyən narahatlığı var. İtaliyada bəzi qüvvələr boru xətti çəkilişinin ekologiyaya zərər vuracağını iddia edirlər. Hiss olunur ki, bu qüvvələr Avropa içərisindən də kifayət qədər dəstək alırlar. Bu boru xətti tikintisini ləngidə bilər. Aydındır ki, bu məsələni rəsmi Bakı təkbaşına həll etmək iqtidarında deyil, Amerikanın dəstəyinə ehtiyac var. Amerika Avropa İttifaqının həm siyasi, həm də istisadi tərəfdaşıdır və əlində Avropa ölkələrinə təsir etmək üçün kifayət qədər aləti var. Rəsmi Bakı Cənub Qaz Dəhlizinin sürətlə tamamlanması üçün Vaşinqtonun həmin alətləri işə salmasını istəyir. Ancaq bu alətlərin hərəkətə gətirilməsi üçün rəsmi Bakı Vaşinqtonla münasibətlərin digər istiqamətlərində əməkdaşlığı genişləndirməyə çalışmalıdır. Bunun üçün Azərbaycanda siyasi və iqtisadi islahatların sürətləndirilməsi, insan haqları mövzularında diqqətli olması vacibdir. Eyni mövzuları Brüssel də diqqət mərkəzində saxlayır. Rəsmi Bakı böyük ümid bəslədiyi Cənub Qaz Dəhlizi layihəsində Avropa İttifaqını tam olaraq yanında görməsi üçün gələn il ərzində Brüssellə strateji sənədin imzalanması prosesini sürətləndirməlidir. Bu sənəddə isə rəsmi Bakının istəyi ilə yalnız enerji mövzuları deyil, siyasi, iqtisadi və məhkəmə islahatlarını sürətləndirəcək, o cümlədən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü üçün addımlar atacağını göstərən maddələrin olması labüddür".