“Bu, çox ciddi və açıq ittihamdır” Siyasət

“Bu, çox ciddi və açıq ittihamdır”

İlqar Vəlizadə: "Çünki hazırkı erməni siyasi rəhbərliyi bundan hər zaman boyun qaçırıb"

Şuşanın işğalı ilə bağlı erməni zabitlərinin Rusiya və Ermənistan mətbuatında dərc olunan müsahibələrində düşmən dövlətin hazırkı prezidenti Serj Sərkisyanla bağlı ifşaedici məqamlar yer alıb. Belə ki, erməni zabitləri verdikləri açıqlamada Şuşanın işğal planının şəxsən S.Sərkisyan tərəfindən işlənib hazırlandığını bildirib. Azərbaycan tərəfi erməni zabitlərinin bu açıqlamalarından işğalçı Sərkisyan rejiminin əsl mahiyyətini ifşa etmək, eləcə də onun məsuliyyətə cəlb edilməsi məsələsində istifadə edə bilərmi? Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə bu açıqlamaların Sərkisyana qarşı çox ciddi bir ittiham olduğuna diqqət çəkib: "Bu, çox ciddi və açıq ittihamdır. Çünki hazırkı erməni siyasi rəhbərliyi bundan hər zaman boyun qaçırıb. Bu ifadələr bir daha göstərir ki, Azərbaycan torpaqlarının işğalında indiki erməni rəhbərliyinin nəinki payı var, onlar bu işğalda bilavasitə iştirak edib. Bu isə o deməkdir ki, işğal zamanı qətlə yetirilən insanların ölümündə də Sərkisyan və Ermənistan hakimiyyətində təmsil olunan digər şəxslər bilavasitə məsuliyyət daşıyır. Hesab edirəm ki, Sərkisyana və onun timsalında Ermənistan hakimiyyətinə qarşı yönəlik bu ittihama Rusiya, ABŞ, digər həmsdər dövlətlər, dünya ictimaiyyəti göz yummamalı, bununla bağlı konkret addımlar atmalıdır".