“Bu qərar Azərbaycan-Rusiya münasibətlərinə kölgə salacaq” Siyasət

“Bu qərar Azərbaycan-Rusiya münasibətlərinə kölgə salacaq”

Fikrət Sadıqov: "Əməkdaşlığın aşağı formata enməsi nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına cavab verir"

Rövşən Rzayev: "Təşkilatın qeydiyyatının ləğvi ermənilərin təxribatıdır"

Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi Azərbaycanda ciddi təpki ilə qarşılanıb. Bir sıra ekspertlər məsələni müzakirə edərkən bu addımın siyasi qərar olduğunu və daha çox Rusiyanın Azərbaycana təzyiq etməsi faktorunu önə çəkirlər.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edib.
Politoloq Fikrət Sadıqov deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi kimi təşkilatın qeydiyyatının ləğv olunması Azərbaycan-Rusiya münasibətlərinə kölgə salacaq: "Çünki uzun illər ərzində bu təşkilat Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xidmət edib, bu məsələdə böyük rol oynayıb".
F.Sadıqov bildirib ki, bu təşkilat nəinki Azərbaycan reallıqlarının Rusiya cəmiyyətində yayılması ilə məşğul idi, eyni zamanda, Rusiyanın bir sıra siyasi, mədəni elita nümayəndələrinin də təşkilatla yaxınlığı var: "Onlar bütün tədbirlərdə iştirak edir və illər ərzində bu təşkilatla sıx bağlı idilər. Ona görə bu məsələdə erməni izini inkar etmək düzgün olmazdı. Çünki biz Rusiyada erməni amilinin son vaxtlar kifayət qədər gücləndiyini görürük. Bir sıra analitiklərin KİV-lərdə Azərbaycana və Türkiyəyə qarşı çıxışları göz önündədir. Əlbəttə, bu məsələnin pərdəarxası məqamları da var. Bir sıra dövlət strukturları da onlar üçün işləyirlər və görünür, müəyyən qərarlara da təsir göstərirlər. Amma mən istəməzdim ki, bu fakt Azərbaycan-Rusiya münasibətlərini tam mənada pozsun. Mən münasibətlərin tamam pozula biləcəyinə inanmıram. Amma hər halda Rusiyanın rəhbərliyi, yüksək səviyyəli rəsmiləri bu məsələyə aydınlıq gətirməlidirlər. Əgər onlar ÜAK-ın fəaliyyətində müəyyən qüsurların olduğunu düşünürlərsə, bunu açıq şəkildə deməlidirlər. Mənə elə gəlir ki, hələlik bu məsələdə nöqtə qoyulmayıb. Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət etmək, bu iradları çatdırmaq mümkündür".
Politoloq qeyd edib ki, lazım olarsa, ÜAK-ın adını dəyişməklə, nizamnaməsinə müəyyən dəyişiklik və əlavələr etməklə məsələni hazırkı kritik nöqtədən çıxarmaq olar: "Bəlkə də təşkilat başqa adla yenidən qeydiyyatdan keçə bilər. Yəni, bunun müxtəlif variantları var. Amma burda savadlı hüquqşünasların fəaliyyəti əsas olmalıdır. Onlar Azərbaycanın maraqlarına cavab verən qərarların qəbuluna nail olmalıdırlar. Mən ilk növbədə ÜAK-ın rəhbərliyini nəzərdə tuturam".
Müsahibimiz erməni amilinin bu məsələdə çox fəal olduğunu vurğulayıb. O qeyd edib ki, onların fəallığı müxtəlif KİV-lərdə, saytlarda gözə girir: "Bunların Azərbaycan əleyhinə çıxışları, mövqeləri, əlbəttə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafının onları qıcıqlandırdığını, narahat etdiyini göstərir. Mənə elə gəlir ki, bu vəziyyətin yaranmasında böyük rol oynayan məhz bu amildir".
Sözsüz ki, bu addımın atılması həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, demək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür. Bu istiqamətdə də fikirlərini bölüşən F.Sadıqov Azərbaycanın onsuz da Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazı olduğunu deyib: "Həmsədrlərin, o cümlədən Rusiyanın biganəliyi, seyrçi mövqeyi uzun illərdir bizi qane etmir. Belə bir qərarın qəbulu hər halda Azərbaycan cəmiyyətində Rusiyanın vasitəçilik roluna müəyyən etimadsızlıq hisslərinin daha da dərinləşməsinə gətirib çıxara bilər. Bu, birmənalıdır. Onlar özləri bunu nəzərə alıb məsələni kritik nöqtədən geri qaytarmalıdırlar. Çünki, ÜAK-ın qeydiyyatının ləğvi ciddi məsələdir və biz uzun illərdir əməkdaşlıq edirik, əməkdaşlığı belə bir aşağı formata enməsi nə Rusiyanın, nə də Azərbaycanın maraqların cavab verir".
Deputat Rövşən Rzayev deyib ki, Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib. Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələrin olduğunu deyən R.Rzayev ÜAK-ın ləğvini də ermənilərin təxribatı sayıb: "Rusiya ATƏT Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Ermənistan belə məsələləri ortaya atmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini arxa plana salmağa çalışır".
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov diqqətə çatdırıb ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi üçün göstərilən əsaslar tam subyektiv olub (məsələn, "təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi", yaxud "rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması"), hər hansı qurumun ləğvi üçün yetərli olmayan "dəlillərdir". Onun fikrincə, Ümumrusiya Azərbaycanlıları Konqresi Ümummilli lider Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılıb: "Hazırda beynəlxalq münasibətlər sistemində mühüm yerə və rola malik Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında bu ölkədə yaşayan azərbaycanlı icması xüsusi rol oynayır. Eynu zamanda, Rusiyada yaşayan azərbaycanlılar bu ölkəni özünün ikinci vətəni kimi qəbul edir, onun tərəqqisi və rifahı naminə səy və bacarıqlarını əsirgəmirlər. Həmçinin, Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir.
Bununla yanaşı, ÜAK və onun üzvləri heç zaman Rusiya Federasiyasının qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmamış, eləcə də dövlətin maraqlarını yüksək əzmlə qorumağa, müdafiə etməyə çalışıblar. İki milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat hər zaman millətlərarası münasibətlərin və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış edib, ölkədə mövcud olan dini və etnik tolerantlığın daha da gücləndirilməsinə töhfə verməyə səy göstəriblər".
O deyib ki, buna baxmayaraq, Rusiyadakı Azərbaycan diasporuna belə qərəzli münasibət Azərbaycanla Rusiya arasında, Azərbaycan və rus xalqları arasında dostluq əlaqələrinin inkişafı və genişlənməsinə xələl gəririr. Azərbaycanda yaşayan ruslar da, Azərbaycan xalqının bu ölkədə rus dilinin, rus mədəniyyəti və ənənələrinin qorunub saxlanmasına qayğısını yüksək qiymətləndirirlər. Həmçinin, bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır. Eyni zamanda, bu addım Rusiyanın regiondakı fəaliyyətində problem yaradır və onun bitərəf mövqeyinə kölgə salır. Şübhəsiz ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətlərinə zərbə vurmaq planlarını reallaşdırmağa çalışırlar. Bununla yanaşı, Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst qüvvələr, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində və KİV-də yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir.
Bundan əlavə, belə bir ədalətsiz, qərəzli qərarın qəbul edilməsi bəzi suallar da dogurur. Belə ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi? Eləcə də, bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak etmiş, həmçinin Prezident V.Putin ona təbrik məktubu göndərmişdir. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdirir. Bu birtərəfli və əsassız yanaşmanın səbəbi nədir? Eyni zamnda, belə bir addım Ermənistana hərbi yardımını artırması fonunda baş verirsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçiliyini, ATƏT-in Minsk qrupunun həmsədri mandatını da kölgə altında qoyur. Bu baxımdan, Azərbaycan icmasının ən böyük ictimai birliyini qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir, eləcə də Rusiyada tolerantlıq mühitini və millətlərarası münasibətləri təhdid edən addımdır".