“Status-kvo qəbuledilməzdir” Siyasət

“Status-kvo qəbuledilməzdir”

Mahmud Məmmədquliyev: "Bu, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən də etiraf olunur"

"Brüsseldə keçirəcək "Şərq tərəfdaşlığı" sammitinədək Azərbaycan Avropa İttifaqı ilə aviasiya razılaşmasını tamamlayacaq".
Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "Şərq tərəfdaşlığı" ölkələri XİN rəhbərlərinin qeyri-rəsmi görüşü ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan tərəfi bundan əvvəlki sammitdən fərqli olaraq, Brüsseldə keçiriləcək zirvə görüşündə heç bir seçici yanaşmanın olmayacağına ümid edir: "Azərbaycanın əsas problemi Ermənistanla mövcud olan Dağlıq Qarabağ və ətraf rayonları əhatə edən münaqişədir. Münaqişənin nəticəsi olaraq milyondan çox insan qaçqın və məcburi köçkün düşüb. Ümid edirik ki, "Şərq tərəfdaşlığı" ölkələrinin ərazilərindəki münaqişələrə dair Yeni Avropa Strategiyasına uyğun olaraq vahid və əlaqəli yanaşma nümayiş etdiriləcək. Strategiyada bildirilir ki, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri münaqişələrin yeganə həll yoludur. Ötən 25 il ərzində heç bir irəliləyiş əldə olunmayıb və status-kvo qəbuledilməzdir. Bu, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən də etiraf olunur. Biz təkcə hərbi yox, mülki şəxsləri də itiririk. Beş gün əvvəl Ermənistanın təxribatı nəticəsində Azərbaycan kəndi artilleriya atəşinə tutulub və 2 mülki şəxs - 2 yaşlı qız və onun nənəsi öldürülüb. Münaqişənin həllinə dair qeyd etdiyim prinsiplər əsasında konstruktiv və ciddi danışıqların başlanmasının vaxtı çatıb".
Nazir müavini ümid edir ki, sammitdə Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması istiqamətində irəliləyiş əldə olunacaq. Onun sözlərinə görə, Azərbaycanın Türkiyə və Gürcüstanla birlikdə icra etdiyi Cənub Qaz Dəhlizi layihəsi Avropa enerji təhlükəsizliyinin təmin olunmasında alternativ rolunu oynayacaq, digər "Şərq tərəfdaşlığı" ölkələri də bu 3 ölkənin reallaşdırdığı nəqliyyat layihələrindən bəhrələnəcək.