“Suriya ilə əlaqələrimiz çox sürətlə inkişaf edir” Siyasət

“Suriya ilə əlaqələrimiz çox sürətlə inkişaf edir”

“Azərbaycanla Suriya arasında əlaqələr çox sürətlə inkişaf edir. Bir müddət bundan əvvəl Azərbaycan və Suriya prezidentləri Antalyada forum zamanı görüşmüşdülər. Sonra Prezident İlham Əliyevin tapşırığı əsasında Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada olmuşdu. Suriyada yeni hakimiyyət formalaşandan sonra açıq-aydın hiss olunur ki, Azərbaycanın Suriyaya münasibəti dəyişib”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.

E.Musayev Əsəd dövründə münasibətlərin gərgin olduğunu bildirib: “Əsəd dövründə Suriyanın həm Türkiyə ilə, həm də Azərbaycanla münasibətləri gərgin idi. Belə ki, Əsəd açıq-aşkar həm də ermənipərəst mövqe ilə seçilirdi. Bu da təbii ki, bizi qane eləmirdi. Amma nəzərə alaq ki, dünyada bir proses gedir, yeni dünya düzəni qurulur. Yeni dünya düzəninin qurulması üçün çox proseslər həyata keçirilir. Bu proseslərin böyük əksəriyyəti sancılı proseslərdir. Həmçinin narahatlıqlarla, müharibələrlə, gərginliklərlə dolu proseslərdir və onu da nəzərə alaq ki, Azərbaycan artıq əvvəlki kimi zəif dövlət deyil. Azərbaycan bu bölgənin lider dövlətidir. Azərbaycan hərbi baxımdan çox güclü dövlətdir. Eləcə də iqtisadi, siyasi baxımdan Azərbaycanın rolu getdikcə artır. Azərbaycanın yerləşdiyi coğrafi mövqe də ölkəmizi maraqlı ölkəyə çevirir. Təbii ki, belə olan halda Azərbaycan böyümək, inkişaf eləmək üçün daha hərəkətli olmalı, xarici əlaqələri daha geniş olmalıdır. Bu baxımdan biz Yaxın Şərqə, Orta Şərqə və bütövlükdə Şərqə istiqamətlənmiş siyasətdə xeyli dəyişiklik görmək istəyirik. Tarixən də Azərbaycanın bu bölgə ilə bir bağlılığı olub. Bunu da nəzərə almalıyıq”.

Röya İsrafilova