“Rusiyadan olan gözləntilər şişirdilib” Siyasət

“Rusiyadan olan gözləntilər şişirdilib”

Elxan Şahinoğlu: "Sarkisyan Putinin nəsihətlərini dinləmək və onları yerinə yetirmək məcburiyyətindədir"

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyadan olan gözləntilər şişirdilib". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Prezidentlərin görüşündə iqtisadi və hərbi əlaqələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunun müzakirə edildiyini deyən politoloq hesab edir ki, Putinin Sarkisyanla görüşməsində qeyri-adi heç nə yoxdur: "Rusiya və Ermənistan strateji müttəfiqdirlər və deməli, bu iki ölkənin liderləri tez-tez görüşməlidirlər. Sadəcə, bu görüşlərdə Rusiya böyük, Ermənistan isə kiçik qardaş rolunda çıxış edir. Sarkisyan Putinin nəsihətlərini dinləmək və onları yerinə yetirmək məcburiyyətindədir. Əks halda böyük qardaş kiçik qardaşı cəzalandıracaq. Necə ki, 1999-cu ildə Ermənistan parlamenti silahlıların hücumuna məruz qaldı, parlamentin sədri və baş nazir qətlə yetirildilər".
Onun fikrincə, bunun bir daha təkrarlana biləcəyini anlayan Serj Sarkisyan Putini qıcıqlandıracaq addım atmaz: "Ermənistanın müasir tarixində prezidentlərdən Levon Ter-Petrosyan bir dəfə Qarabağla bağlı müstəqil qərar vermək istəyirdi, bir neçə gün keçməmiş saray çevrilişi ilə onu devirdilər. Devirənlər birbaşa Rusiyanın adamları idi, içərisində hazırkı prezident, o zamankı daxili işlər naziri Serj Sarkisyan da var idi. Kreml Levon Ter-Petrosyanı o zaman öz adamları vasitəsilə ona görə devirdi ki, Ermənistan prezidenti Rusiyanın rəyini nəzərə almadan Qarabağla bağlı müstəqil qərar verməyə yaxın idi. Eyni ilə Sarkisyan da Qarabağla bağlı və ya NATO, Avropa Birliyi ilə əlaqələr mövzusunda Moskvanın rəyini nəzərə almadan müstəqil qərar verə bilməz".
Ekspertin qənaətincə, Qarabağ probleminin həllinə Rusiyaya ümid etməyə dəyməz: "Doğrudur, son zamanlar belə fikirlər yayılır ki, guya Putin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək. Ancaq bu tip fikirlər illərdir səslənir və nə Putin Sarkisyana təsir edir, nə də münaqişənin həllində vəziyyət dəyişir. Tam əksinə, Rusiya Xarici İşlər Nazirliyi son açıqlamalarıyla Azərbaycanı hədəf alıb. Rusiya XİN Kremldən gələn təlimatın əksinə olaraq heç zaman Azərbaycan əleyhinə siyasət apara bilməzdi. Xarici işlər naziri Sergey Lavrov nə qədər Ermənistana yaxın mövqe nümayiş etdirsə də, Kremlin çızdığı çərçivədən kənara çıxa bilməz. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyadan olan gözləntilər şişirdilib. Bunun əvəzinə bəzən Azərbaycan ictimaiyyətinə yanlış mesajlar ötürülür, "Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək", "Kreml İrəvanı Qərb və NATO ilə əməkdaşlığına görə cəzalandıracaq" və s. Hər dəfə bu cür açıqlamalar səsləndirlir, ardı isə gəlmir. Putin bir müddət əvvəl azərbaycanlı həmkarı İlham Əliyevi də Soçidə qəbul etmişdi. Həmin görüşdən əvvəl də müəyyən optimist fikirlər irəli sürülürdü. Amma masa üzərində Qarabağla bağlı dəyişən bir şey yoxdur". E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan əvvəlkitək yalnız öz gücünə arxalanmalıdır: "Rəsmi Bakının da Putin-Sarkisyan görüşündən elə bir gözləntisi yox idi. Putinin erməni həmkarını cəzalandırmayacağını Bakı da bilir, sadəcə, Azərbaycanın bəzi rəsmiləri, hələ də, düşünürlər ki, Rusiya Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll edəcək..."